Nazirlər anlaşdı: Azərbaycan və Gürcüstan arasında mübahisəli məsələlər qalmayacaq
“Ümid edirəm ki, Azərbaycanla delimitasiya məsələsini gələn görüşə kimi həll etmiş olacağıq”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Gürcüstanın xarici işlər naziri Mixail Canelidzeni qəbul edib. Görüş əvvəlcə təkbətək, daha sonra geniş formatda baş tutub. Geniş tərkibli görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi barədə danışılıb. Layihənin Şərqlə Qərb arasında regional əlaqəni təmin edən bir xətt olduğu bildirilib. Görüşdə ikitərəfli münasibətlərdən də danışılıb.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Mixail Canelidze ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, Azərbaycan və Gürcüstan biri-birinin ərazi bütövlüyünü dəstəkləyir. Nazir Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki son vəziyyət barədə həmkarına məlumat verdiyini söyləyib: "Həmkarım Cənubi Osetiya və Abxaziya məsələləri barədə məni məlumatlandırdı. Azərbaycan tərəfi hər görüşdə Dağlıq Qarabağ məsələsini müzakirə edir, mövqeyini bildirir. Mövqeyimiz isə ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü suverenliyi və sərhədlərin toxunulmazlığı çərçivəsində həll olunmalıdır”.
Gürcüstanlı həmkarı Mixail Canelidze ilə görüşdə Elmar Məmmədyarov bildirib ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq dərin və genişdir: "Biz enerjidən başqa nəqliyyat məsələlərinə də toxunduq. Gürcüstanda olanda Bakı-Tbilisi-Qars dəmir yolunun tikinti sahəsinə getmişdik. Bu dəhliz çox önəmlidir, Azərbaycan və Gürcüstanın milli maraqlarına uyğundur. Layihə iki ölkə iqtisadiyyatının güclənməsinə və əməkdaşlığa təkan verəcək”. Nazir bəyan edib ki, görüşdə sərhəd xəttinin delimitasiyası və turizm sahəsində əməkdaşlığa da toxunulub: Azərbaycan və Gürcüstan bərabər turizm məsələsində iş qura bilər. Delimitasiya ilə bağlı bu
yaxınlarda işçi qrupunun görüşü keçiriləcək. Sərhəd xəttinin uzunluğu 480 km-dir, ondan 314 km-i razılaşdırılıb. Belə qərara gəlmişik ki, bu məsələni yerindən tərpədək və qalan hissəni də razılaşdıraq. Gürcüstanlı ekspertləri Azərbaycana səfərə dəvət etmişik. Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlığı daha da genişləndirməyin hüquqi bazasını müzakirə etdik. 11 sənəd barədə danışıqlar gedir. Onlardan 2-si, 3-ü razılaşdırılıb. Bu yaxınlarda Azərbaycanla Gürcüstan arasındakı müştərək komissiyanın görüşü də keçirilməlidir”.
Gürcüstanın xarici işlər naziri Mixail Canelidze də tərəflər arasında yüksək səviyyəli səfərlərin olmasını çox əhəmiyyətli adlandırıb: "Ötən il Azərbaycan Prezidentinin Gürcüstana səfəri əlaqələri gücləndirib. Bizim Prezidentin də yüksək səviyyəli görüşlər çərçivəsində Azərbaycana səfəri planlaşdırılır. Canelidze əməkdaşlığın ən vacib sahələrindən birinin enerji sahəsi olduğunu qeyd edib: "Bizim ölkədə son illər qaza tələbat artıb. Azərbaycan da strateji tərəfdaş kimi nəql etdiyi təbii qazın həcmini artırmağa razılıq verdi, müvafiq saziş imzalandı. Enerji haqqında danışanda qeyd etməliyik ki, bu il Bakı-Supsa layihəsinin 20 illiyidir. Bu layihə bir neçə strateji layihənin əsasını təşkil edib”. Nazir "Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində də əlamətdar hadisələrin baş verdiyini bildirib: "Biz bu layihə çərçivəsində də uğurlu əməkdaşlıq edəcəyik. Həmçinin bu əməkdaşlıq nəqliyyat sahəsində də inkişaf edəcək. Bakı-Tbilisi-Qars layihəsi əlavə imkanlar yaradacaq. Bu əməkdaşlığın nəticəsi olaraq yeni yol açılacaq. Bu isə region, ölkələr və özəl sektor üçün faydalı təcrübə olacaq. Biz regionun beynəlxalq səviyyədə təşviq olunması sahəsində də əməkdaşlığı davam etdirəcək, ölkələrimizin imicini daha gücləndirmiş olacağıq”. M.Canelidze deyib ki, gömrük qurumları arasında əməkdaşlığın dərinləşdirilməsi olduqca vacibdir: "Bu, nəqliyyat koridorunda vacib şərtdir. Dövlətlərarası iqtisadi komissiyanın görüşünə hazırlıqlar da başa çatmaqdadır. İclasda müzakirəyə çıxarılacaq mövzular ətrafında danışıqlar gedir. Bir sıra sənədlər imzalanmalıdır. Ümid edirik ki, komissiyanın iclasında bu sənədlər imzalanacaq”. Azərbaycanın GUAM-dakı fəaliyyətinə dəstək verməyə hazır olduqlarını bildirən nazir ölkələrimizin biri-birinin ərazi bütövlüyünə hörmətlə yanaşdığını vurğulayıb: "Dost və əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verməliyik. Delimitasiya məsələsi də artıq gündəlikdən çıxmalıdır. Ümid edirəm ki, gələn görüşə kimi delimitasiya məsələsini həll etmiş olacağıq”.
Mixail Canelidze Azərbaycanla Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlığın ictimai-siyasi, iqtisadi-mədəni sahələrdə yüksək səviyyədə olduğunu, bu əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildirib: "Azərbaycan-Gürcüstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının işinin daha intensiv davam etdirilməsi zəruridir. Energetika, nəqliyyat və başqa sahələrdə irimiqyaslı beynəlxalq layihələrdə birgə fəaliyyət səmərəli ola bilər. Bu əməkdaşlıq təkcə regionun inkişafı və tərəqqisi naminə deyil, eləcə də bütün Avropanın mənafeyi baxımından tarixi əhəmiyyət kəsb edir”.
İsmayıl