Nə qaz, nə də düz-əməlli işıq var

Vətəndaş yeni mənzil alırsa, bu mənzillə bağlı hər bir məsələnin qaydasında olduğunu bilməlidir
Əmin olmalıdır ki, sabah mənzilində və ya ümumi halda binada nəsə bir qəza baş versə, onun təhlükəsizliyi təmin ediləcək

"Azərişıq” ASC elektrik enerjisinin haqqını ödəməyən abonentlərin işığını kəsəcəyini bəyan edib. Əlbəttə, bu məlumatda qeyri-adi bir şey yoxdur. Oxşar məzmunlu xəbərdarlıqlar mütəmadi səslənir. Məsələnin maraqlı tərəfi, abonentlərin nədən işıq borcunun yaranmasıdır. Deyə bilərsiniz ki, elektrik enerjisini istifadə edirlər, vaxtlı-vaxtında pulunu ödəmir, borc yığılıb qalır. Düzdür. Amma bu, borc yığılmasının yalnız bir səbəbidir. Digər səbəb isə bəzi sakinlərin məcburiyyət üzündən elektrik enerjisindən lazım olduğundan çox yararlanmasıdır ki, bunun da səbəbi paytaxtdakı bir sıra yeni tikililərə təbii qazın verilməməsidir. Sakin də məcbur qalıb mənzili də elektrik enerjisi ilə qızdırır, xörəyini də elektrik plitəsində bişirir. Çox adam ehtiyat edib mənzilində qaz balonları quraşdırmır. Elektrik plitəsinə, ya da qaz plitəsinin elektriklə işləyən "gözü”nə üstünlük verir. Nəticədə isə elektrik enerjisi həddindən çox məsrəf olunur, pulunu ödəmək də imkan xaricində olur. İndiyədək sakinlərin bina önünə yığılıb etiraz aksiyası keçirdiklərinin, "mavi yanacaq” davası "döydüklərinin” dəfələrlə şahidi olmuşuq. Ancaq belə hallarda nə binanı tikən MTK-lar ortaya çıxıb, nə də digər əlaqədar qurumlar. Cavabları ancaq bu olub ki, bina təhvil alınmadığından təbii qazın verilməsi mümkün deyil. Sakinlər də gileylənib ürəklərini boşaltdıqdan sonra işıq pulunu ödəməkdən başqa çıxış yolunun olmadığını görüblər. Yəni ki, bütün hallarda ziyan çəkən, böyük arzular və ümidlərlə yeni yaşayış massivlərində yeni mənzil alanlardır.

Yeni yaşayış binalarının dövlət komissiyası tərəfindən təhvil alınmadığı və bu üzdən binalara təbii qaz verilməməsi probleminə dəfələrlə toxunlumasına baxmayaraq bu məsələ də həllini tapmır. Əslinə baxanda, Fövqəladə Hallar Nazirliyi komissiya tərəfindən təhvil alınmamış binalara təbii qazın verilməməsində haqlıdır. Bəs, təhvil alınmamış binada məskunlaşmaya icazə verən kimdir? Qəzalar, faciələr təkcə təbii qazla bağlı olmur. Elektrik enerjisindən alışıb yanan binaları da gördük. Bəzən binalardakı baxımsız liftlər də insan faciələrinə səbəb olur.

Məsələyə münasibət bildirən "Azəriqaz” ASC-nin sabiq idarə rəisi Nüsrət Qasımov "Şərq”ə açıqlamasında bildirdi ki, bina tikilib tam hazır olmamış sakinlərin ora köçməsi qanunla qadağandır:

- Amma biz nə görürük? Binanın hansı hissəsində tikinti başa çatırsa, görürsən, biri pəncərə saldı, qapı qoydu, köçüb oturdu evdə. Hələ nə işıq var, nə qaz var, nə lift işləyir, amma sakinlər artıq köçüb yaşayır. Buna qətiyyən yol verilməməlidir. Yaşayış binalarında hər bir detal, bütün infrastruktur hazır vəziyyətdə olmalıdır. İşıq telləri, qaz xətləri, su boruları, havalandırma sistemi, lift, şaxta, qəza pilləkəni, qəza çıxışı... hər bir şey tam hazır vəziyyətdə olduqdan sonra o binaya sakinlərin köçməsinə icazə verilməlidir. Ancaq biz tamam əksinin şahidi oluruq. Deyirlər, bina təhvil alınmadığından təbii qaz verilə bilməz. Bəs, elektrik enerjisi niyə verilir? Belə çıxır ki, sakinlərin natamam, dövlət komissiyası tərəfindən təhvil alınmamış, yoxlanmamış binaya köçməsinə şərait yaradılır. Elektrik enerjisi ilə birtəhər keçinərsiniz, deyib, mənzilləri satışa çıxarırlar. Bizim əhalidə də günah var. Təhvil alınmamış, tikilib tam başa çatmamış binada mənzil alırlar, mənzilin nə döşəməsi var, nə də tavanı, amma tələsik köçürlər. Sonra da belə problemlər ortaya çıxır. Gah işıqdan şikayət edirlər, gah qazdan, gah da liftdən. Vətəndaş yeni mənzil alırsa, bu mənzillə bağlı hər bir məsələnin qaydasında olduğunu bilməlidir. Əmin olmalıdır ki, sabah mənzilində və ya ümumi halda binada nəsə bir qəza baş versə, onun təhlükəsizliyi təmin ediləcək. Ancaq bizim bir çox vətəndaşımız ağına-bozuna baxmır, mənzilin pulunun bir hissəsini ödəyir, binanın tikintisinin başa çatmasını gözləmədən mənzilə köçür. Mənzilləri də kim necə istəyir, elə də rekonstruksiya edir. Bir otaqlını iki otaqlıya çevirirlər, iki otaqlını üç otaqlıya. Eyvanı mətbəx edirlər, dəhlizi otaq və s. Bəzən otaq halına gətirilmiş hansısa hissədə heç pəncərə də olmur. Belə şəraitdə yaşamaq çox çətindir və çox da təhlükəlidir. Dövlət komissiyası da bunların heç birinə əhəmiyyət vermir. Özlərini sığortalamaq üçün "bina təhvil alınmayıb” deyirlər. Bəs, bina təhvil alınmayıbsa, niyə orada məskunlaşmaya icazə verilir? Bunlar hamısı qanundakı boşluqların nəticəsidir. Ona görə də tikinti kooperativlərin bir çoxu dələduzluqla məşğuldur. Bir mənzili bir neçə nəfərə satırlar. Layihədə göstərilmiş qaydadan kənara çıxırlar, layihə qalır bir tərəfdə, özlərinə sərf edən variantda tikirlər. Tikinti başlamadan öncə layihə sənədlərində binanın həyəti, qarşısında ağaclar göstərilir, amma bina tikilib başa çatdıqda baxırsan ki, nə həyət var, nə qaraj, nə də ağaclar. Fırıldaq MTK-lardan başlayır. Vətəndaşa 4 divar satırlar. Vətəndaş pəncərəni də özü qoyur, qapını da. Kommunal xidmət də sıfır səviyyəsində. Təzə köçəndə yenə, bir az fikir verirlər, bir-iki il keçəndən sonra isə elə bilirsən, 50 ilin binasıdır. Uçub-dağılır. Hər tərəfini zibil basır. Yeni binalarda bütün infrastruktur tam hazır olmadıqca, orada məskunlaşma qadağan edilməlidir. İnfrastruktur hazır
olduqda kommunal xidmətinin əməkdaşları gəlib sakinlərə nədən necə istifadəni başa salmalı, şərtlərlə tanış etməlidirlər. Sakin hansısa bir problem yarandıqda hara, kimə müraciət edəcəyini bilməlidir. Nə qədər ki, bizim əhali ucuz başa gəlsin deyə, yarımtikililərdə yaşamağa razı olur, başına belə işlər gələcək. Qaz verilməyəcək, yay-qış elektrik enerjisindən istifadə edib borcu "kürəyinə yığacaq”, ödəyə də bilməyəcək.

Məlahət Rzayeva