"Neftə olan tələbat artacaq" - Dünyadakı iqtisadi artım ümidvericidir







"Neftin qiymətinin artması aprelin 20-də keçiriləcək OPEC+ ölkələrinin iclası ilə bağlıdır”.

Bunu "Sherg.az”a Neft Araşdırmaları Fondunun rəhbəri İlham Şaban deyib. O bildirib ki, neft ixrac edən ölkələr neftin hasilatı ilə bağlı açıqlamalar səsləndirib:

"Bunlardan ən önəmlisi Rusiyanın energetika nazirinin bir müddət əvvəlki açıqlaması idi. O qeyd edirdi ki, OPEC və OPEC+ ölkələrinin arasında imzalanan saziş müddətsiz ola bilər. Bu bazar iştirakçılarında pozitiv ruh yaratdı. Bundan əvvəl isə həmin müqavilənin 2018-ci ilin sonunda yekunlaşacağı bildirilirdi. Ara-sıra müddətin 3-6 ay uzadılması deyilir, bazara siqnallar verilirdi”.

Dünyada baş verən iqtisadi artımın ümidverici olduğunu diqqətə çatdıran İ.Şaban bu durumun neftə olan tələbatı artacağını söyləyib:

"Bəzi mənbələrin bədbin proqnozlarına baxmayaraq, neftin qiyməti ilin birinci rübünü 67 dollarla başa vurdu. Əksinə verilən pozitiv proqnozlar isə neftin qiymətinin ikinci rübdə də artımına gətirib çıxardı”.

Qeyd edək ki, bu gün Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,47 dollar və ya 0,98% artaraq 48,36 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,38 dollar və ya 0,76 faiz artaraq, 50,58 dollar olub.

Aysel Aslan