Neftin qiyməti 30 dollara qədər azala bilər- PROQNOZ





Neftin qiyməti ucuzlaşarsa, büdcə zərfində dəyişiklik qaçılmazdır.

Bu barədə Sherg.az-a iqtidaçı-ekpert Natiq Cəfərli bildirib. 

Ekspertin qənaətincə, OPEK-in növbəti sammitindən sonra neftin qiymətində ciddi artım gözlənilmir: 

"OPEK ölkələri və Rusiya ilə OPEK arasında neftin qiymətinin müəyyən səviyyəyə qədər normallaşdırılması istiqamətində danışıqlar aparılır. Dünya bazarında neftin qiymətinin artması üçün müəyyən tədbirlər görülürdü. Gələn ilin büdcəsi hesablanarkən Azərbaycanda neftin qiyməti 40 dollardan götürülmüşdü. Neftin qiymətində bahalaşmanın gözlənilməməsi büdcənin yenidən hesablanmasını zəruri edir. Bundan əlavə Donald Trampın prezident seçilməsindən sonra dünya iqtisadiyyatında ciddi şəkildə dəyişikliklər başlayıb. Dolların bahalaşması, Trampın açıqladığı proqramda neft ixrac edən şirkətlərə vergi güzəştlərinin nəzərdə tutulması, Amerikanın enerji asılılığının aradan qaldırılması, neft hasilatının artırılması kimi məsələlərin gündəmdə olması Azərbaycan büdcəsinə də təsir edir".

N.Cəfərli əlavə edib ki, noyabrın 29-da keçiriləcək OPEK-in toplantısı neftin qiymətinin normallaşdırılması üçün son şansdır: 

"Sammitdə ciddi qərarlar qəbul olunmasa, neftin qiyməti 30 dollara qədər azala bilər".

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov büdcə zərfində dəyişikliklərin nəzərdə tutulduğunu bidirib.

 Aysel Aslan