Həmidə Ömərova və Rasim Balayev sənətkar haqqında danışdılar
Azərbaycan kinosuna ağır itki üz verib. Azərbaycan Professional Kinorejissorlar Gildiyasından kinoprodüser, Əməkdar mədəniyyət işçisi Xanlar Cəfərov 69 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Xanlar Cəfərov 6 iyul 1947-ci ildə Bakıda anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatr və kino fakültəsini bitirib. Universitetdə təhsil alarkən 1969-cu ildən etibarən, C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti, film direktoru vəzifələrində çalışıb.
Əsasən, sənədli filmlərin prodüseri kimi çalışan kino işçisi 1988-ci ildən başlayaraq, "Rakurs” Sənədli Filmlər Studiyasının direktoru vəzifəsində işləyib. O, 2001-ci ildən "Yaddaş” Sənədli Filmlər Studiyasının direktoru olub.
Xanlar Cəfərov haqqında Xalq artisti Həmidə Ömərova "Şərq”ə danışdı. Tanınmış aktrisa mərhum sənətkar haqqında xatirələrini bölüşərkən "Onun ölümü təbii ki, Azərbaycan kinosevərlərini çox təsirləndirdi. Azərbaycan kino tarixində izini qoyan insan hesab edirəm onu. Çox gözəl insan idi. Xanlar müəllimlə yol yoldaşı olmuşuq. Bir yerdə səfərlərimiz olub. Ailəsini, həyat yoldaşını tanıyırdım. Şahidi olmuşam ki, həyat yoldaşı Xanlar müəllimə necə qulluq edib, qayğısına qalırdı. Azərbaycan mədəniyyət günləri Kislovotskidə keçirilirdi, biz də onunla həmin səfərdə bir yerdə Azərbaycanı təmsil edirdik. Həddindən artıq mədəni, təmkinli bir insan kimi yaddaşımda qalıb. Uzun illərdi Kinostudiyadan çıxmışam, amma bir sənətkar kimi ona hər zaman hörmətim olub. Onunla "Gözəl uçurum” filmində əməkdaşığımız olub. Son illər kino sahəsində o qədər dəyərli insanları itirmişik ki, təəssüflənməmək olmur. Kimlər qalıb ki? Azərbaycan kino tarixi o qədər dəyərli insanlarını itirib ki... Onun ölümü məni təsirləndirdi. Allah rəhmət eləsin!”
Xanlar Cəfərov Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə, 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
Xatırladaq ki, Xanlar Cəfərovun ilk fəaliyyəti kinostudiyada rejissor Həsən Seyidbəylinin ekranlaşdırdığı "Nəsimi” filmində rejissor asistenti olub.
"Nəsimi” filminin əsas qəhrəmanı, Xalq artisti Rasim Balayev də Xanlar Cəfərovun ölüm xəbərini eşidəndə təəssüfləndiyini dilə gətirdi: "Bu gün eşitdim ki, Xanlar müəllim rəhmətə gedib. "Nəsimi” filminin çəkilişində rəhmətlik Həsən Seyidbəylinin köməkçisi kimi çalışırdı. Deyim ki, yaxın dost olmuşuq, yalan demiş olaram. Amma filmin çəkilişləri zamanı az da olsa ünsiyyətimiz olub. Çox mədəni insan kimi yaddaşımda qalıb. Təbii ki, sonralar da müəyyən tədbirlərdə, kino günlərində bir araya gəlmişik. Allah rəhmət etsin. Bizim nəslin kino sahəsində olan sənətkarlardan demək olar ki, az sayda insan qalıb. İtirə-itirə gedirik. Kino sahəsində boşluq yaranıb. Heyif ki, bu həqiqətdi!”
Tahirə