Netanyahunun həyat yoldaşı 2 saat dindirilib - Korrupsiyada şübhəli bilinir




İsrailin baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sarah Netanyahu bu ölkə polisi tərəfindən dindirilib. 

"Sherg.az"ın "Lefigaro.fr"ə istinadən verdiyi xəbərə görə, baş nazirin həyat yoldaşı dövlətə məxsus külli miqdarda vəsaiti şəxsi məqsədlər üçün istifadə etməkdə şübhəli bilinir. 

Xəbərdə o da deyilir ki, iki saatlıq dindirmədən sonra İsrail polisi dindirmənin nəticələri barədə heç bir bəyanat yaymayıb. 

Qeyd edək ki, baş nazirin həyat yoldaşının ciddi məbləğdə dövlət vəsaitini mənimsəməsi iddiası ilə bu ölkənin keçmiş baş qərargah rəisi çıxış edib. 

Bundan başqa o da iddia olunur ki, bu məsələ indiyə qədər bir neçə dəfə qaldırılsa da, B.Netanyahu iddiaların əsassız olduğunu sübut edə bilib. 

Həmçinin B.Netanyahunun özü də qanunsuz şəkildə avstraliyalı milyarder Camel Pakerdən bahalı hədiyyə qəbul etdi iddia olunur. 

İsrailin ədliyyə naziri Ayelet Şaked isə bildirib ki, B. Netanyahu bu söz-söhbətlərə görə, istefa verməyə məcbur deyil. İndiki durum üçün ona qarşı heç bir ittiham yoxdur. Onu ittiham etmək üçün hansısa bir əsas mövcud deyil. 

Ayyət ƏHMƏD