Nikaha girmədən evləndilər, sonu isə acınacaqlı oldu - BELƏ ETMƏYİN !

İradə Cavadova: "Cəmiyyətimizin ən böyük problemlərindən biri, əvvəlcə toyun, daha sonra isə nikahın bağlanmasdır "
Şəki rayonu Göybulaq kənd sakini Nurəhmədova Hərizat Balaş qızı çıxılmaz vəziyyətdə olduğu üçün mətbuata üz tutub. O bildirib ki, himayəsində böyümüş nəvəsi Novruzova Sevinc Fərhad qızı 2016-cı ilin avqust ayında el adəti ilə Şəki rayonunun Şin kəndinə ərə gedib. Oğlan evi toy etsə də nikah kəsdirməyib. Qız evi məsələni qaldırılsa da oğlan evi bu gün, sabah deyib, məsələni yubadıb. Toydan yeddi ay sonra Sevincin həyat yoldaşı Ömərov Rizvan Ələddin oğlu bağırsaq keçirməzliyi xəstəliyi səbəbindən dünyasını dəyişib.
Həmin vaxt Sevinc 6 aylıq hamilə olub. Əri rəhmətə getdikdən sonra Sevincin qaynanası Gülşən xanımla xırda məişət problemləri yaşanmağa başlayıb. Gülşən xanım Sevincin evdən getməsini tələb etsə də Sevincin nənəsi körpənin ata evində doğulmasını istəyib. Bu gün Sevincin körpə balası artıq dünyaya gəlib və iki aylıqdır. Lakin dünyaya gələn yetim körpə görünür kimsəyə sevinc gətirməyib. Gülşən xanım körpəyə atasının soyadını verməkdən imtina edir.
Bu azmış kimi müxtəlif bəhanələrlə körpəyə soyad verməkdən imtina edir.
Məsələ ilə bağlı "Şərq”ə danışan hüquq müdafiəçisi İradə Cavadova baş verən hadisənin hüquqi yolla həll edilməsinin mümkün olduğunu deyib. Vəkil xanımın sözlərinə görə, bu gün cəmiyyətimizin ən böyük problemlərindən biri, əvvəlcə toyun, daha sonra isə nikahın bağlanmasdır:
"Qarşı tərəf uşağın ölən şəxsdən olmadığını iddia edirsə, onda DNT analizi eləmək mümkündür. Evliliyə qərar verən şəxslərin əvvəlcə nikaha girməsi bəzi hallarda problem yaradır. Sovet dönəmində belə deyildi, əvvəl nikah, sonra toy olurdu. Yəqin o qadının toyu olanda bütün qohumlar iştirak edib və bilirlər ki, bu şəxslər evlənib. Amma evlənməyin də uşağa o qədər aidiyyatı olmur. Doğum haqqında şəhadətnamə alanda ata gedir öz soyadını uşağa verir və atalığı qəbul edir. Ata bunu etməyibsə, o zaman proseslər məhkəmə qaydasında olmalıdır. Ata vəfat edib, yəni qadın aliment alası deyil, məsələ sadəcə soyadla bağlıdır.
Ana öz soyadını da verə bilər, lakin onun üçün atanın soyadı çox vacibdirsə, məhkəmə qaydasında uşağın atasının müəyyən edilməsi mümkündür. İnsanların maddi durumu çətin olduğu üçün məhkəməyə müraciət edə bilmirlər. Həm dövlət rüsumu, həm ekspertizanın keçirilməsi, həm də vəkil tutulması üçün pul lazımdır. Buna görə də adətən xanımlar məcbur olub məsələnin qanuni yolla həll edilməsindən vaz keçirlər”.
Yeganə Bayramova