Yevda Abramov: "Buna avantüra adı verə bilərlər. Azərbaycanı ədalətsiz müharibədə günahlandıra bilərlər"
"Burada günah Ermənistanın özündə və ona dəstək verən güc dövlətlərində və Minsk qrupundadır".
Bunu Sherg.az-a son günlər cəbhədə baş verən atışma zamanı düşmən ordusunun ağır itkilərə məruz qalmasından danışarkən yəhudi əsilli millət vəkili Yevda Abramov deyib.
Onun sözlərinə görə, münaqişənin uzun illərdir həllsiz qalmasının səbəbi Minsk qrupunun passivliyi, güc mərkəzlərinin Ermənistanı müdafiə etməsi və ikili standartların mövcudluğu, beynəlxalq standartlar və hüququn işləməməsidir:
"Ona görə, belə hadisələr bundan sonra da davam edəcək. Yay fəslində belə hallar tez-tez olur. Hər iki tərəf bir-birini sınayır. Bütün dünya bilir ki, ədalət Azərbaycanın tərəfindədir. Təssüf ki, haqq səsimizi eşidən yoxdur. Geniş miqyaslı müharibəyə keçə bilmirik. Lokal müharibələr ola bilər. Aprel döyüşlərindəki kimi oxşar qalibiyyətlərimiz mümkündür. Mənə elə gəlir ki, Ali baş komandan və siyasi rəhbərlik buna gedir. Yəni bildirik ki, bizim yetərli gücümüz var, lazım olsa, belə manevr edib, düşmənə ağır zərbələr vura bilərik. Cənab prezident Cocuq Mərcanlıdakı çıxışlarında, Minsk Qrupunun həmsədlərini qəbul edəndə də düşmənə mesajlarını göndərir. Təssüflər olsun ki, bu mesajlar hədəflərinə çatmır. Nəticədə isə Ermənistan gəncləri cəbhədə gəbərir. Prezident dəfələrlə deyib ki, ölmək istəmirsinizsə, Azərbaycana gəlməyin, Qarabağa gəlməyin. Bunu əsgər anaları və Ermənsitan gəncləri də eşidib".
Separatçı ölkəni çaxnaşmanın bürüdüyünü söyləyən parlament üzvü vurğulayıb ki, Minsk qrupu həmsədrləri də bunu bilir:
" Qəbul etdiyim əcnəbi qonaqlara da demişəm ki, Azərbaycan haqqında ədalətli mövqedən çıxış edin. Çünki siz müharibəni həll etməyin yollarını çox gözəl bilirsiniz. Keçmiş Sovet xəritəsini və həmin dövrdə çap olunan tarix kitablarını götürə bilərsiniz. Qarabağ Azərbaycanın əzəli və əbədi ərazisidir. Nə qədər ki, Qarabağ münaqişəsi başa çatmayıb. bu mövzu ətrafında çox danışılacaq. Geniş miqyaslı əməliyyat da keçirə bilmirik. Buna avantüra adı verə bilərlər. Azərbaycanı ədalətsiz müharibədə günahlandıra bilərlər. Halbuki BMT nizamnaməsinin şərtləri bizə imkan verir ki, torpaqlarımızı azad edək. Amma beynəlxalq standartlar var. Bu standarlara biz əməl edirik, düşmən ölkə
məhəl qoymur. Ötən günlərdə şəhidlik zirvəsinə ucalan qusarlı əsgərimizin evinə gəlməyə 15 günü qalmışdı. Şəhid oldu. Atası , anası yanıb, töküldü. Bütün arzuları puç oldu. Bu cür bədnam qonşularla neyniyə bilərik".
Birdən - birə müharibəyə başlamağın mümkün olmadığını iddia edən deputat bəyan edib ki, bunu ölçüb-biçmək lazımdır:
"O da ali baş komandanın ixtiyarındadır. Lazım gələndə ali baş komandan buna da gedəcək. Amma onun üçün situasiya lazımdır. Beynəlxalq səviyyələrdə münbit mühit gərəkir. Birdən -birə müharibə etmək olmaz. Müharibənin obyektiv və subyektiv səbəbləri olmalıdır. Müharibə qələbəyə aparmalıdır. Bu gün bizm güclü ordumuz, güclü zabitlərimiz , güclü texnikamız və güclü ali baş komandanımız var. Beynəlxalq ədalət və hüquq bizim tərəfimizdədir. Yenə deyirəm ki, hələ bəşəriyyət bir sıra məsələlərdən xilas ola bilməyib. Beynəxalq hüquq normaları zəif dövlətlər üçün məcburiyyətdir, güclü dövlət üçün isə məşğuliyyət. 25 ildir Minsk qrupu lülə, tikə kabab yeməyə və gözəl maaş almağa vərdiş edib. Bundan başqa heç nə etmir".
Ayyət Əhməd