"...niyə yalnız deputatın maaşı artırılmalıdır?!" - Etiraz






"Bütün dünyada maaşlar minimum əməkhaqqına indekslənir. Minimum əməkhaqqı artırıldıqda, ayrı-ayrı təbəqələrin maaşı da ona uyğun artır”.

Bunu "Sherg.az”a millət vəkillərinin maaşının artırılmasından danışarkən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. 

O, digər təbəqələrin əməkhaqqı artmadan deputatların maaşının artırılmasını məntiqi hesab etmir:

"Bu məsələ sosial ədalətə ziddir. Əhalinin - müəllim, həkim və digərlərinin dolanışığı pisləşibsə, niyə tək deputatların maaşı artırılmalıdır? Bu artım nə onların fəaliyyəti, nə də dövlətə, millət xidmətləri ilə bağlıdır.

Ölkədə sadəcə olaraq, əməkhaqqı sistemi düzgün qurulmayıb. Millət vəkillərinin maaşının qaldırılmasının heç bir izahı yoxdur”.

Qeyd edək ki, Milli Məclisdə "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna deputatların maaşının artırılmasını nəzərdə tutan dəyişiklik layihəsi müzakirə edilib. Məclis üzvlərinin əməkhaqqının artırılmasını nəzərdə tutan qanun layihəsi qəbul olunub.
Yeni dəyişikliyə görə. parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3 min 154 manat 50 qəpik, Milli Məclisin komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat maaş alacaq. Dəyişiklik mayın 1-dən tətbiq ediləcək.

Aysel Aslan