“Növbədənkənar parlament seçkiləri tamam fərqli prosesdir”

Əliməmməd Nuriyev: “Bu məsələ ilə bağlı fikir söyləmək xeyli çətindir”
Tahir Kərimli: “Növbədənkənar parlament seçkilərinin gündəmə gəlməsini təəssüflə vurğulayıram”




Ölkə başçısının sərəncamı ilə 8 deputat yeni hökumətin tərkibində yer alıb.
Bundan öncə isə millət vəkillərindən Mehriban Əliyeva birinci vitse-prezident, Əli Əhmədov baş nazirin müavini, o cümlədən, Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edildikləri üçün onların deputatlıq fəaliyyətlərinə xitam verilib.

Millət vəkili - 71 yaşlı Astan Şahverdiyev isə bu yaxınlarda qəflətən ürək tutmasından dünyasını dəyişib. Artıq Milli Məclisdə 8 boş mandat qalır ki, bu da növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını artırır. Maraqlıdır, bu təyinatlar parlament seçkilərinin vaxtından əvvəl keçirilməsinə səbəb ola bilər?

Vəzifə verilən 4 deputatın mandatına yaxın zamanlarda xitam veriləcəyini deyən "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevin sözlərinə görə, bundan sonra parlamentdə boş qalan yerlərə yenidən seçki keçirilə bilər: "Seçki Məcəlləsinin tələblərinə görə, hökumət yalnız parlamentin səlahiyyət müddətinin bitməsinə 120 gün və ondan az qaldığı müddətdə seçkiyə gedə bilər. Bundan artıq müddət qalırsa, boş qalan yerə seçkilər keçirilməlidir. Seçkilər də o zaman keçirilir ki, ayrı-ayrı deputatların səlahiyyətlərinə xitam verilsin. Onların deputat mandatına xitam veriləndən 1 ay sonra seçkilər təyin edilə bilər. Qanunvericilik bunu deyir. İndiki halda deputatlardan biri vəfat edib, digərləri vəzifələrə gətirilib. Belə olan halda onların mandatlarına xitam veriləcək. Bundan 1 ay sonra isə məhz onların yerinə seçki təyin edilə bilər”.

Ə.Nuriyevin sözlərinə görə, növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı fikirlər səsləndirilsə də, dəqiq nəsə demək mümkün deyil: "Növbədənkənar parlament seçkiləri tamam fərqli prosesdir. Onun yuxarıda qeyd etdiyim məsələyə birbaşa aidiyyəti yoxdur. İndi Azərbaycan cəmiyyətində belə bir fikir səslənir ki, növbədənkənar parlament seçkiləri ola bilər. Bu, nəzəri baxımdan mümkündür. Praktik cəhətdən isə olacaq, ya olmayacaq - bu məsələ ilə bağlı fikir söyləmək xeyli çətindir”.

Millət vəkili Tahir Kərimli isə növbədənkənar parlament seçkilərinə heç bir zərurət olmadığını deyib. Onun sözlərinə görə, prezident seçkiləri qabağa çəkilib deyə, Milli Məclis də yenidən formalaşdırılmalıdır deyə bir qayda yoxdur: "Prezident seçkilərinin erkən keçirilməsi üçün konstitusiyada müəyyən dəyişikliklər edilmiş, prezidentlik müddəti uzadılmışdı. Həmçinin bundan əlavə də bir sıra səbəblər vardı. 

Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün isə heç bir hüquqi əsas yoxdur. Kimsə, subyektiv fikirlər irəli sürə bilər, amma hüquqi cəhətdən düzgün yanaşma deyil. 6 boş mandatın olması da erkən seçkilər üçün əsaslı səbəb deyil. Bunun üçün Konstitusiyada və Seçki Qanunvericiliyində xüsusi müddəalar var ki, seçkilərə 4 aydan çox vaxt qalıbsa, müvafiq dairələr üzrə seçki keçirilir və yeni millət vəkili seçilir. Çox güman ki, Prezident sərəncamı ilə hökumətdə təmsil olunan deputatlar Mərkəzi Seçki Komissiyasına müraciət edib, mandatlarından imtina etdikdən sonra seçki prosesinə başlanacaq”.

Növbədənkənar parlament seçkilərinin gündəmə gəlməsini təəssüflə vurğulayan T.Kərimli deyib ki, əvvəllər bu cür söz- söhbətlər ancaq müxalif düşərgə tərəfindən ortaya atılırdı. İndi isə digər sferalarda da bu məsələ müzakirə predmetinə çevrilib.

Şəymən