O, ana deyil

3 körpəsini atıb sevgilisi ilə qaçan qadına münasibət birmənalı olmadı
Naibə Qurbanova: “Əslində bilmirik ana niyə qaçıb. Onun getməyi uşaqlarını qorumaq üçün də ola bilər”



Mehriban Zeynalova: "Hadisə araşdırılmalı və problemi yaradan səbəblər öyrənilməlidir”

Sevinc Elsevər: "Hər şeyin bu həddə gəlib çatmasının çoxlu səbəbləri var”


Bakıda daha bir gənc qadın övladlarını atıb, başqası ilə qaçıb. Bu barədə sosial şəbəkədə məlumat yayan Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, uşaq sığınacağının koordinatoru Vasif Akifli 3 uşağını atıb sevgilisi ilə qaçan Xəyalə Kərimova adlı qadının axtarışa verildiyini deyib.

Övladlarını atan qadının fotosunu paylaşan Birlik sədri digər şəbəkə istifadəçilərindən də sözügedən məlumatı paylaşmağı xahiş edib. Bu qadın Kərimova Xəyalə 01.07.2017-ci il tarixində Bakı şəhər, Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən Nəsimi rayonu ərazisində yol kənarında, atılmış olaraq aşkarlanan Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-reinteqrasiya mərkəzinə yerləşdirilən bacı-qardaşların anasıdır. Görən, tanıyan, bilən varsa, qaynar xəttimizə məlumat versin”.

Qeyd edək ki, gəlin qaçdıqdan sonra uşaqların nənəsi nəvələrini küçəyə atıb. Uşaqlar tapılan zaman əllərində olan çörək və sənədlər yerləşdirilmiş çantada analarının birgə qaçdığı kişinin də fotosu olub. Koordinatorun sözlərinə görə, uşaqların ana və atası haqqında axtarış başladılmaqla yanaşı, uşaqları xəlvət atan və qaçan nənə barəsində də hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

V.Akiflinin bu paylaşımdan sonra məsələni müzakirəyə çıxaran sosial şəbəkə istifadəçiləri "günah keçisi” axtarışına başladı. Kimi uşaqların anasını söyür, kimi də onları küçəyə atan nənəni ittiham edir.
Hadisə ilə bağlı "Şərq”ə danışan ictimaiyyət nümayəndələri isə hesab edir ki, bu məsələdə başlıca məqsəd günahın kimdə olması deyil. Cəmiyyət olaraq, hər birimiz problemə və onun həlli yollarına köklənməliyik.

Günahkar axtarmağın yersiz olduğunu deyən "Həftə içi” qəzetinin əməkdaşı Naibə Qurbanovanın fikrincə, bu yolla problemi həll etmək mümkün olmayacaq. Əksinə, fikirlər haçalanacaq, hərə öz düşüncəsinə uyğun kimisə ittiham edəcək, kiməsə haqq qazandıracaq: 

"Ən əsası, hadisənin bu məcraya gəlib çatmasından çoxumuz xəbərsizik. Əslində bilmirik ana niyə qaçıb. Onun getməyi uşaqlarını qorumaq üçün də ola bilər. Hadisələri qabaqlayıb fərziyə yürütmək olmaz. Ən azından uşaqların sonrakı taleyini düşünmək lazımdır. Qeybət məzmunlu söhbətləri kənara qoyub problem aradan qaldırmaq, aidiyyəti instansiyalara müraciət edib, uşaqların təhlükəsizliyi, sağlamlığı üçün tədbir görülməsinə çalışmaq lazımdır. Yoxsa qaçanın ardınca düşüb günahkar axtarmaq enerji sərfindən başqa bir şey deyil”.

Məsələnin mənəvi tərəfinə daha çox diqqət yönəldən həmkarımız haqlı olaraq sual edir ki, ana qaçıb, bəs nənə niyə atıb uşaqları? Demək ki, burada bilmədiyimiz səbəblər var: 

"Bu hadisə başdan- ayağa sosial problemdir. Belə məsələlər isə kiminsə müzakirəsi ilə həll olunmur. Məsələn, Türkiyədə 2 il əvvəl ailəyə dəstək paketi təqdim olundu. Hökumət bu addımla ailələrə sosial, maddi və mənəvi dəstək göstərdiyini nümayiş etdirdi. Paketə ailənin, əhali dinamizminin qorunmasından tutmuş, qadınların əmək şəraitinin mühafizəsi, psixoloji reabilitasiyasına qədər bir çox məsələlər daxildir. Bu komponentlər altında ailələrə dəstək verilməsi problemlərin həll olunması üçün müsbət addımdır. Ana da, ata da bilməlidir ki, dövlət onların qayğısına qaldığı kimi, onların dövlət qarşısında öhdəliyi var - sağlam, normal ailə qurmaq. Ukraynada da 4 il əvvəl əhalinin sosial-psixoloji müdafiəsi ilə bağlı layihə gerçəkləşdi, real addımlar atıldı. Etiraf edək ki, bizdə də analoji tədbirlər görülür, amma davamlı olmur, çoxu formal xarakter daşıyır, ya da görüntü üçün edilir. Ümid edək ki, Azərbaycanda da paket xidməti tətbiq olunacaq və bizim cəmiyyətin tələblərinə uyğun reallaşdırılacaq”.

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə bu cür situasiyalarda konkret fikir bildirməyin məqsədəuyğun olmadığını deyib. Onun sözlərinə görə, hadisə araşdırılmalı və problemi yaradan səbəblər öyrənilməlidir: 

"Bu məsələ birbaşa hüquq-mühafizə orqanlarının işidir. Dəqiq səbəbləri bilmədən kimisə ittiham etmək doğru deyil”.

Belə xəbərlərin sayının həddindən artıq çox olduğunu vurğulayan yazar Sevinc Elsevər deyib ki, hadisə bir neçə gün müzakirə edilir, bir müddətdən sonra isə köhnəlir, hamısı unudulur: 

"Yeni xəbərlər köhnələri əvəz edir. Sosial problemlər mənəvi deqradasiyaya gətirib çıxarır. Su meymunun boğazına çıxanda balasını da tapdalayır. Bu cür vəziyyətləri izah edən qəşəng bir atalar sözü düşdü yadıma. Ana niyə qaçıb? Nənə uşaqları niyə atır? Hər şeyin bu həddə gəlib çatmasının çoxlu səbəbləri var. O səbəbləri dəqiq bilmirik. Ona görə də qınamaq çətindi. Belə olan hallarda dövlət uşaqlara sahib çıxmalıdır. Nənə uşaqları küçəyə atınca, uşaq evlərinə verə bilərdi. Böyüklərin arasındakı münasibətlər uşaqların həyatını korlamamalıdı”.

Şəymən