Şahidlər məhkəmədə Lapşinin cəzalandırılmasını istəyiblər
“Bloggerin hərəkətlərində konkret cinayət əməlləri var. Ən böyük cinayəti isə işğal altındakı ərazilərimizə saxta sənədlərlə qanunsuz səfər etməkdir”
İyul ayının 3-də Azərbaycanda həbsdə olan blogger Aleksandr Lapşinin məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində məcburi köçkünlər dindirilib. Onlar Lapşinin Dağlıq Qarabağa olan səfərini pisləyiblər və ona ağır cəza verilməsini istəyiblər.
Şahid Eyyub Əbdüləzimov Şuşadan məcburi köçkün olduğunu, Lapşini mətbuatdan tanıdığını deyib: "Mənim Şuşada mülklərim var. Bu torpaqlar ata-baba yurdumdur. Lapşin isə Qarabağa gedərək, doğma yurdumu "müstəqil erməni dövləti” kimi təqdim edib. Halbuki bu ərazilər Azərbaycanın torpaqlarıdır. Heç kimin Azərbaycanın sərhədlərini pozmağa ixtiyarı yoxdur. Buna görə məhkəmədən Lapşinə lazımi cəza verilməsini istəyirəm”.
Digər şahid Fəxrəddin Səfərov da işğala qədər Şuşada yaşadığını və orada geniş mülk sahibi olduğunu deyib. O bildirib ki, Lapşin bütün azərbaycanlıların heysiyyətinə toxunub: "Bu yerlər əzəli Azərbaycan torpağıdır. Mətbuatdan bilirdim ki, Lapşin Azərbaycanın əleyhinə danışır. Mən Qarabağda döyüşmüşəm. Orada ermənilər 6 yaşında qıza təcavüz ediblər. Lapşin isə işğalçıları, təcavüzkarları müdafiə edərək, bizim haqqımızı pozur. Buna görə əməlini etiraf etməlidir”. Hakim Əlövsət Abbasov bildirib ki, məhkəmə prosesində Lapşinin anası da ifadə vermək istəyir. Onun anasının iştirakı növbəti iclasda təmin olunacaq. Həmçinin, məhkəmədə İsrail səfirliyinin əməkdaşlarının təcridxanada Lapşinlə görüşməsi üçün vəsatət qaldırılıb. Hakim vəsatəti təmin edib. Məlumat üçün bildirək ki, məhkəmənin ilk iclasında Lapşin özünü təqsirli bilməyib. Prokurorun suallarını cavablandıran Lapşin Qarabağa iki dəfə səfər elədiyini deyib: "Həmin torpaqlar Azərbaycanındır, Ermənistan tərəfindən işğal olunub. Mən ora turist kimi getmişəm və turist təəssüratlarımı yazmışam. Həmin yazılar təxəyyülümün məhsuludur”. Xatırladaq ki, növbəti məhkəmə prosesi iyulun 6-da keçiriləcək.
Məhkəmə prosesi və Lapşinin ziddiyyətli ifadələri ilə bağlı "Şərq”ə danışan politoloq Elçin Mirzəbəyli deyib ki, bloggerin biri-birinə zidd fikirləri həbsdən öncə qələmə aldığı materiallarda aydın nəzərə çarpırdı. Ekspertin fikrincə, Lapşinin yazdığı məqalələrə və dediyi sözlərə baxsaq, Qarabağa məqsədyönlü şəkildə səfər etdiyini görərik:
"Lapşin bilərəkdən, qara niyyətlə Dağlıq Qarabağ ərazilərinə qanunsuz səfər edib. Onun işini yüngülləşdirəcək heç bir güzəştdən söhbət gedə bilməz. Çünki Lapşin torpaqlarımıza qanunsuz giriş etməklə qalmayıb, həm də öz fikirləri ilə Azərbaycan xalqını aşağılayıb, təhqir edib. Bloggerin hərəkətlərində konkret cinayət əməlləri var. Ən böyük cinayəti isə işğal altındakı ərazilərimizə saxta sənədlərlə qanunsuz səfər etməkdir.
Düşünürəm ki, Lapşinin indiki şəraitdə səsləndirdiyi fikirlər məhkəmənin cəzasından qaçmaq üçün dilə gətirdiyi cəfəngiyyatdır. Əlbəttə, heç kim məhkəmənin qərarına təsir göstərmək, müdaxilə etmək səlahiyyətinə malik deyil. Məhkəmə mövcud qanunvericiliyə uyğun olaraq Lapşini cəzalandıracaq. Bundan heç kimin şübhəsi olmasın”.
İsmayıl