“O qüvvələrin fəaliyyəti dərhal dayandırılmalıdır”

“Onlar öz icmaları adından istifadə edib, radikal dini təşkilatların sifarişlərini yerinə yetirirlər”
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə bəzi rayon məscidlərindəki dini icmaların fəaliyyətinin dayandırılmasını istəyib. Bu barədə rəhbərlik etdiyi qurumun tədbirində bildirən Şeyxülislam deyib ki, həmin icmaların fəaliyyəti nə Azərbaycan qanunlarına, nə də dini normalara uyğundur.
O, Zaqatala, Şamaxı və Qobustan rayonlarının bir neçə iri kəndlərinin məscidlərində formalaşan dini icmaları özbaşınalıqda, qanunsuz fəaliyyətdə və başqa dairələrə xidmətdə etməkdə ittiham edib. Və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qarşısında sözügedən icmaların fəaliyyətinin dayandırılması barədə məsələ qaldırıb.
A.Paşazadə qeyd edib ki, Zaqatalanın Uzuntala kəndi başda olmaqla 4 kəndində, Şamaxının 1 və Qobustanın 1 kəndində yerləşən məscidlərdəki dini icmalar qanunsuz fəaliyyət göstərir, qeydiyyatdan keçməyiblər və QMİ ilə heç bir əməkdaşlıq etmirlər: "Bizə bildirirlər ki, onlar başqa yerə tabedirlər. Əgər sən bu ölkədə yaşayırsansa, necə başqa yerə tabe ola bilərsən?! Onların fəaliyyəti nə Azərbaycan qanunlarına, nə də dini normalara uyğundur. Bu səbəbdən biz Dövlət Komitəsi qarşısında bu icmaların fəaliyyətinin dərhal dayandırılması məsələsini qaldırırıq”.
Bunun ciddi məsələ olduğunu söyləyən Hacı Atif İsmayılov "Şərq”ə açıqlamasında söyləyib ki, bəzi icmalar radikal islami qüvvələrə xidmət göstərən təşkilatların sayəsində meydana gəlib. Onun qənaətincə, adıçəkilən bölgələrdə dini baxımdan vəziyyət çox amansız məcraya gəlib çıxıb: "Oraya toplaşan qüvvələr öz icmaları adından istifadə edib, radikal dini təşkilatların sifarişlərini yerinə yetirirlər. Məlumdur ki, həmin regionlarla qonşu olan ölkələrdəki dini radikal qüvvələr əməkdaşlıq edirlər. Bu baxımdan hesab edirəm ki, o qüvvələrin fəaliyyəti dərhal dayandırılmalıdır”.
Ayyət Əhməd