Oğlan atdı, ailəsi sahib durmadı

Aytacın intiharında günahkar cəmiyyətdirÇünki Aytacı ölümün ağuşuna valideynlərinin basqısı atıb. Bu basqını isə valideynləri cəmiyyətin tənəsindən qurtulmaq üçün edib
Beyləqan rayonunda evdən qaçan 17 yaşlı Aytac Mahmudova özünü Bakıda bibisinin evində asıb. Aytac Mahmudova Ramana qəsəbəsində bibisinin evində canına qıyıb. Deyilənlərə görə, Aytac Mahmudova özündən bir yaş kiçik oğlana qoşulub Sabirabada qaçıbmış. Sonradan oğlanın ailəsi bundan xəbər tutub və Aytacı qəbul etməyiblər. Bu səbəbdən oğlan Aytacı atası evinə qaytarmaq istəyib.
Lakin qız qayıtmaq istəməyib. Belə olan təqdirdə, oğlanla qız Bakıya getməyi planlaşdırıblar. Plana görə, Aytac ilk öncə Bakıya gedib. Lakin sevdiyi oğlanın gəlmədiyini gördükdə ona zəng vurub. Lakin zənglərə cavab verən olmayıb. A.Mahmudovanın yataq xəstəsi olan atası deyib ki, qızının paytaxtda olduğu barədə ona yaxınları məlumat veriblər. Ata da dərhal Bakıda yaşadığı
bacısına zəng vurub. Bununla da Aytac bibisinin evinə gedib. Orada da sevdiyi oğlana zəng vurub. Lakin sevdiyi oğlanın etibarsız olduğunu görən Aytac Mahmudova özünə qəsd edib.
Evdən qaçdıqdan sonra geri qayıdan qızların intihar etməsi ilk hadisə deyil. Görünən o ki, qabaqlayıcı tədbirlər görülməsə, son da olmayacaq. Psixoloq Azad İsazadənin sözlərinə görə, insan intihara əli hər şeydən üzüləndə cəhd edir. Görünür, bu qızda da belə olub: "Qoşulub qaçdığı oğlanın sonradan geri addım atması istənilən halda onun üçün ciddi sarsıntıdır. Üstəlik də ailəsinin ondan imtina etməsi, yaxud da ciddi basqılarla üzləşməsi artıq onu ölümə "itələyib”. Sevgilisi tərəfindən aldadılan bu qıza ailəsi arxa çıxsaydı, bəlkə də onun həyata baxışı dəyişə bilərdi. Amma bu qızın evdən qaçması, üstəlik də, incik olduğunu qeyd edərək məktub yazması ta bünövrədən bu ailədə münasibətlərin düzgün qurulmadığını göstərir. Ailədə qızın oğlana olan məhəbbəti müzakirə olunub, ona düzgün yol göstərilsəydi, bu gün vəziyyət bu həddə çatmazdı. Hansı ailədə ki, ata, ya da ana bütün qərarları təkbaşına verir, övladlarına bir əşya kimi baxırsa, həmin ailənin sonu mütləq faciə ilə bitir. Bu o demək deyil ki, gənc qızlar ata-anasının sözünə qulaq asmamalıdır. Uşağa kiçik yaşlarından düzgün tərbiyə verilməlidir ki, sabahı gün valideynlərinin üzünə ağ olmasın. Artıq yeniyetməlik çağında olan qız uşağı valideynlərinin sözünü eşitmirsə, bunun günahını ilk növbədə ata-ana özündə axtarmalıdır. Valideynlər iş-işdən keçəndən sonra 15-17 yaşlı qızının əvəzindən qərarlar vermək, onun istəklərini heçə saymaqla onları birbaşa intihara sövq edir. Fikir verin, evdən qaçma ancaq yeniyetməlik dövründə baş verir. Gənc zehnində yaratdığı bir macəraya çatmaq üçün evdən qaçmağa can atır. Hər macəra, naməlumluqlarla doludur. Bu səbəbdən evdən qaçan uşaq çöldə başına nə gələcəyini, hansı problemlərdən keçəcəyini hesablaya bilməz”.
Psixoloqun sözlərinə görə, Aytacın intiharının əsas səbəbi acizlikdir. Onu sevən oğlan qızı yarıyolda qoymaqla "kişi” adına yaraşmayan addım atıb. Ailədə qızını öz yanına çəkməməklə öz vəzifəsini icra etməyib: "Başına gələn bu qədər hadisədən sonra bibisinin evində qalmağa vadar olan qız da özünü çarəsiz hiss edib və çıxış yolunu səhv seçib. Ona düşdüyü vəziyyətdən çıxmaq üçün doğru yol göstərən, məsləhət verən olmayıb. Aytacın intiharında günahkar cəmiyyətdir. Hamımızıq. Çünki Aytacı ölümün ağuşuna valideynlərinin basqısı atıb. Bu basqını isə valideynləri cəmiyyətin tənəsindən qurtulmaq üçün edib. Cəmiyyətin valideynlərə təsir imkanları həddindən artıq çoxdur. Əgər bir ailənin qızı evdən qaçıbsa, bu artıq onlar üçün böyük bir ləkədir. Halbuki evdən qaçma geri dönmə ilə nəticələnsə belə, bu vəziyyət ailə üçün əhəmiyyətli bir siqnaldır. Yetkinin yenidən evdən qaçmaması üçün nələr edilməsi lazım olduğu, üzərində dayanılması lazım olan ən əhəmiyyətli hissədir”.
Psixoloqun sözlərinə görə, bəzən erkən nikah və qızların sevmədikləri insanlarla evləndirilməsi də qızları ailədən incik salır. Valideyn öz övladının "yaxşılığını” düşünərək qızının özündən daha yaşlı, imkanlı birinə və yaxud sevmədiyi biri ilə ailə qurmasına çalışır. Çox zaman gənc qız bundan can qurtarmaq üçün ya sevdiyi ilə, ya da tanımadığı insanlarla qoşulub qaçır.
Psixolqun sözlərinə görə, hər bir övlad valideynin tərbiyəsinin nəticəsidir. Heç bir valideyn deməməlidir ki, "mən belə deyildim, bu, niyə belə çıxdı”. Çünki sizin övladlarınız sizin tərbiyənizin məhsuludur. Hörmət görmək istəyirsinizsə, hörmət etməyi, sayılmaq istəyirsinizsə, saymağı bacarmalısınız. Onların sizin övladınız olması sizə onları təhqir etməyə, əl qaldırmağa, məhdudiyyətlər qoymağa haqq vermir” deyən psixoloq bildirir ki, normal tərbiyəli vətəndaş yetişdirmk üçün cəmiyyətə açılıb, normal düşüncəli ailə olmağı bacarmaq lazımdır. Onun sözlərinə görə, qızların təhsildən yayındırılması, oğlanların erkən yaşlarda əməyə cəlb olunması valideynlərin günahıdır ki, bunun nəticəsində psixi zədəli gənclər, insanlar yetişir.
Evdən qaçan qızların geri dönərkən cəmiyyətə adaptasiyasının çox çətin olduğunu deyən A.İsazadə deyib ki, insanlar belə xəbərləri eşidən zaman evdən qaçanlara qarşı aqressivlik göstərir. Əgər cəmiyyət evdən qaçan qızları qəbul eləmirsə, deməli, biz onları yox, ilk növbədə cəmiyyəti dəyişməliyik. Təbii ki, 17 yaşında bir qızın yeniyetmə oğlana qoşulub qaçması pis faktdır. Mən bunu təqdir eləmirəm. Amma artıq olan olub. Bunu onun uşaqlığına verib, gələcəkdə baş verəcək hadisələri qabaqlamağa çalışmalıyıq. Bu gün evdən qaçan qızdan imtina etməklə sabah baş verəcək hadisəni qabaqlaya bilmərik axı? Əgər yeniyetmə səhv qərar veribsə, deməli, düzgün olanı ona öyrədən olmayıb: "Düzgün yol isə təkcə ailələrin həmin yeniyetmələrin münasibətini qəbul etməkdən getmir. Problemin həlli müzakirədən keçir. Həmin gəncləri ailələri qarşısına alıb, onları dinləməli və öz məsləhətlərini verməli idi. Ən azından onlarda gələcəyə ümid oyatmaq lazım idi. "Ay oğul, sən hələ hərbi xidmətə getməlisən!”, "Ay qızım, sən məktəbini bitir, sonrasına baxarıq” deyib, onları anladıqlarını, hisslərinə hörmət etdiklərini göstərməlidirlər. Yoxsa ki, "filan rayona, filan nəsilə biz qız vermirik” deyib, qarşı çıxmaq, qadağalar qoymaqla onları təhrik etmək doğru deyil”.
Şəymən