“Oğuz” Babək haqqında tədbir keçirib

Azərbaycançılıq və vətənpərvərlik prinsipləri Babək Xürrəminin Azad Azərbaycan ideyaları ilə üst-üstə düşür
Dünən "Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu "Babək haqqında mülahizələrin milli ideologiyanın qorunmasına mənfi və müsbət təsirləri” mövzusunda MQF Bakı QHT Resurs və Təlim Mərkəzində "dəyirmi masa” keçirib. Tədbiri giriş sözü ilə açan "Oğuz” MAQ rəhbəri Vüqar Zifəroğlu bildirib ki, rəhbərlik etdiyi fikir mərkəzi mütəmadi şəkildə milli kimliyimiz və mənəvi dəyərlərimizin təbliğatı ilə bağlı müxtəlif mövzularda tədbirlər təşkil edir və bu "dəyirmi masa” da onlardan biridir. İndiyədək 11 kitab nəşr edərək müzakirəyə təqdim etdiklərini bildirən V.Zifəroğlu bu ilin sonunadək bir neçə belə tədbir keçirməyi planlaşdırdıqlarını vurğulayıb. Mövzu ilə bağlı çıxış edən "Oğuz” MAQ İdarə Heyətinin üzvü, araşdırmaçı Ceyhun Bayramlı da qeyd edib ki, Azərbaycanın milli ideologiyasının təməl prinsipi olan azərbaycançılıq və vətənpərvərlik prinsipləri IX əsrdə işğala qarşı xalq azadlıq hərəkatına öndərlik etmiş Babək Xürrəminin Azad Azərbaycan ideyaları ilə üst-üstə düşür. O, çıxışında Babəkin sıradan bir üsyan başçısı yox, əslində Azərbaycanın 22 il ərzində mövcud olmuş, heç bir dövlətdən asılı olmayan müstəqil bir dövlətin hökmdarı olmasını faktlarla vurğulayıb. Çıxışda Babək barədə bugünədək geniş elmi ictimaiyyətə açıqlanmamış bir sıra maraqlı məsələlərə toxunulub. Xüsusilə Babək Xürrəminin bir hökmdar kimi fəaliyyəti, Babəkin və xürrəmilərin islam inancında olmaları, xürrəmilik ideyalarının mahiyyəti ilə bağlı yeni fikirlər söylənildi. Məruzəçidən sonra çıxış edən qonaqlar müstəqil Azərbaycanımızın milli ideologiyasının formalaşmasında Babək Xürrəmi şəxsiyyətinin və ideyalarının yeri və rolu barədə fikir və mülahizələrini səsləndirdilər. Tədbir maraqlı diskussiyalar və polemik çıxışlarla yadda qalıb.
Şəymən