Ohanyana “təşəkkür” etməliyik

O, dolayısı yolla demək istəyib ki, əgər biz başqa ölkədən silah alsaq, Rusiya üstümüzdən əlini çəkər və Ermənistan məhv olar
"Rusiya Ermənistana başqa ölkələrdən silah almağa icazə vermir”. Bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib. "Niyə Ermənistan ona silah satmağa hazır olan Çin və İsraildən hərbi texnika almır və sadəcə Rusiyadan alınan sursatla silahlanır” sualına cavab verən nazir dolayısı yolla jurnalistləri başa salıb ki, Rusiya heç vaxt Ermənistana başqa ölkədən silah almağa icazə verməz.
O əlavə edib ki, Ermənistan bugünədək Rusiyadan silah alıb və belə də davam edəcək”. Ohanyanın etirafını dəyərləndirən hərbi ekspert Üzeyir Cəfərov "Şərq”ə açıqlamasında deyib ki, nazirin sözləri Ermənistanın müstəqil dövlət olmadığını bir daha sübut edir: "Ermənistan siyasi, iqtisadi və hərbi baxımdan Moskvadan asılıdır və Kremldən icazəsiz heç bir addım ata bilmir. Seyran Ohanyan da bunu açıq şəkildə etiraf edib. Təbii ki, Rusiya Ermənistanın başqa dövlətlərdən hərbi texnika almasını istəməz. Ohanyan dolayısı yolla demək istəyib ki, əgər biz başqa ölkədən silah alsaq, Rusiya üstümüzdən əlini çəkər və Ermənistan məhv olar. Bu baxımdan düşünürəm ki, biz bu etirafa görə, Ohanyana "təşəkkür” etməliyik. Ermənilər özlərini rəzalətli, rüsvayçı bir duruma gətirib çıxardıqlarını dilə gətirirlər”.
Ancaq ekspert hesab edir ki, biz bununla özümüzü sakitləşdirməməliyik və düşünməməliyik ki, ermənilər sadəcə Rusiyadan silah alır: "Ermənilər heç vaxt səmimi olmayıb. Biz bilirik ki, onlar digər dövlətlərdən silah alırlar. Çin və İsraildən rəsmi şəkildə silah ala bilməsələr də, qanunsuz yollarla bəzi ölkələrdən, elə Çinin özündən, Rumıniyadan silah əldə edirlər. Özü də bunlar adi silahlar deyil. Fikrimcə, erməni rəsmiləri özlərini sığortalamaq üçün bu cür fikirləri qəsdən ortaya atırlar”.
İsmayıl