Ölən körpənin anasından gizlədilməsində nəsə ciddi məqam var

Necə olur ki, həkim uşağın vəziyyəti dəqiqləşməmiş vəzifəsini tərk edir, evinə gedir, ertəsi gün körpənin öldüyü xəbərini alır?!



Ananın xəbəri olmadan ölən körpənin kimsəsizlər qəbiristanlığında dəfn olunması ölkə gündəmini zəbt edib. Bu barədə Xəzər TV-də süjet efirə verilib. Körpəsinin ailəyə xəbər verilmədən dəfn olunması kimi tükürpədici iddianı 37 yaşlı Günay Axundova ortaya atıb. G.Axundova 2016-cı il aprelin 6-da Respublika Klinik Xəstəxanasında qeysəriyyə yolu ilə oğlan uşağı dünyaya gətirib.

Əməliyyatı həmin xəstəxanada çalışan mama-ginekoloq Vüsalə Ağalarova edib. Əməliyyatdan bir gün sonra isə uşaq ölüb.
Günay Axundova iddia edir ki, həkim uşağın öldüyü barədə məlumatı onlara gec verib.
Körpəsinin öldüyünü biləndən sonra ana onun meyitini tələb edib. Ona bildirilib ki, uşağın cəsədi Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə göndərilib. Günay Axundova deyir ki, aprel ayının 10-da uşağın meyitini geri almaq üçün adıçəkilən quruma müraciət edib və ona uşağın Hövsan qəsəbəsində yerləşən kimsəsizlər qəbiristanında dəfn edildiyi deyilib. Ana bu xəbərdən heyrətə gəlib. Zərərçəkmiş şəxs iddia edir ki, uşağı ondan xəbərsiz kimsəsizlər qəbiristanlığında dəfn ediblər.

Məsələ ilə bağlı 2 saylı şəhər qəbiristanlığından bildiriblər ki, həqiqətən üzərində Günay Axundovanın adı qeyd edilmiş uşaq meyiti aprel ayının 12-də basdırılmaq üçün qəbiristanlığa gətirilib.
Uşağın ölümündə və gizli dəfn olunmasında adı hallanan həkim Vüsalə Ağalarova isə bildirib ki, Günay Axundova xəstəxanaya gətirilərkən vəziyyəti ağır olub. Ana əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib. Uşaq dünyasını dəyişəndə həkim evdə olub, yəni onun ölməsini ertəsi gün işə gələn zaman bilib.
Vüsalə Ağalarova isə iddiaları rədd edir və deyir ki, uşağın ölməsi ilə bağlı həm anaya, həm də ataya vaxtında məlumat verilib.

Səhiyyə Nazirliyindən də verilən açıqlamada Günay Axundovanın iddialarının əsassız olduğu bildirilib.
Hüquqşünaslar isə deyirlər ki, Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi uşağın dəfn olunması ilə bağlı valideynə rəsmi müraciət etməlidir. Əgər valideyndən bir xəbər çıxmazsa, o zaman meyit kimsəsizlər qəbiristanlığında dəfn oluna bilər.
İndi Günay Axundovanın bir istəyi var, o da övladının meyitini tapmaqdır. Bu məqsədlə də o, hüquq-mühafizə orqanlarına müraciət edib.

Məsələ ilə bağlı "Şərq”ə danışan hüquqşünas Qurban Məmmədov Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin meyit üzərində təşxis aparıldıqdan sonra ailə üzvlərinə, yaxınlarına məlumat verməli olduğunu dedi:

- Qayda belədir ki, adıçəkilən Birlik meyit üzərində ekspertiza aparır, ekspertiza başa çatdıqdan sonra isə vəfat etmiş şəxsin ailə üzvlərinə, yaxın qohumlarına bu barədə məlumat verilir. Meyit ekspertizanın yazılı və möhürlə, imzayla təsdiqlənmiş rəyi ilə birlikdə ailəyə təhvil verilir. Meyit üzərində ekspertiza aparılması zəruridir, bilinməlidir ki, ölüm nədən baş verib. Lakin ekspertiza başa çatdıqdan sonra ailə üzvlərinə məlumat verilməlidir, onlar da gəlib meyiti təhvil almalıdırlar. Əgər ailə üzvlərindən heç kim meyiti təhvil almaq üçün gəlmirsə, meyitdən rəsmi şəkildə imtina edilirsə, yalnız o zaman meyit kimsəsizlər qəbiristanlığında dəfn edilir. Bu məsələnin qarışıq tərəfləri var. Bir tərəf körpənin ölümü haqqında vaxtında məlumat verildiyini deyir, digər tərəf inkar edir. Doğrusu bu olar ki, iddiaçı tərəf məhkəməyə müraciət etsin, istintaq həqiqəti ortaya qoysun.

Q.Məmmədov körpənin ölümündə və meyitin kimsəsizlər qəbiristanlığında dəfn edilməsində qaranlıq məqamlar olduğu fikrindədir:

- Burada nəsə çox ciddi bir məsələ var. Həkim səhlənkarlığı da var. Necə olur ki, həkim uşağın vəziyyəti dəqiqləşməmiş vəzifəsini tərk edir, evinə gedir, ertəsi gün körpənin öldüyü xəbərini alır?! Ana ağır əməliyyat keçirmişdisə, həkim onun yanından aralanmamalıydı. Ana əməliyyat olunub, reanimasiyadadır, körpə vəfat edib, həkim isə bunu bir gün sonra bilir. Bu dərəcədə məsuliyyətsizlik, səhlənkarlıq olmaz axı!..

Təəssüf ki, son zamanlar ana və körpə ölümləri statistikası yüksələn xətt üzrə gedir. Ana və körpə ölümlərində əsas səbəblərdən biri məhz həkim səriştəsizliyi, həkim səhlənkarlığıdır. Bununla bağlı məncə, konkret tədbirlər görülməlidir. Və ciddi şəkildə araşdırılmalıdır ki, körpənin meyiti niyə ailəyə təhvil verilməyib.

Məlahət Rzayeva