“Olimpiya Oyunlarına da iddialı olacağıq”

Yaşar Əliyev: “Bütün bu məqsədyönlü addımlar Azərbaycan xalqının qüdrətidir, sərvətidir”



"Birinci Avropa Oyunlarının ölkəmizdə baş tutması Azərbaycanın qələbəsidir”. Bu barədə "Şərq”ə sərbəst güləş üzrə Avropa üçüncüsü Yaşar Əliyev deyib. Onun sözlərinə görə, Oyunların ilk dəfə Bakıda keçirilməsi tarixi hadisədir:

"Bununla Azərbaycan Avropanın idman tarixinə daxil oldu. Necə ki, Olimpiya Oyunları tarixi Yunanıstandan başlamışdı, gələcəkdə Avropa Oyunları dedikdə ilk olaraq Azərbaycan göz önünə gələcək. Bu da Avropanın tarixinə düşmüş səhifədir. İlk dəfə keçirilməsinə baxmayaraq, ilk Avropa Oyunlarında 8 idman növünün qalibləri gələn il Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər”.

Y.Əliyev söyləyib ki, Avropa Oyunlarını yüksək səviyyədə təşkil etsək, gələcəkdə Olimpiya Oyunlarında daha iddialı olacağıq: "Bütün bu məqsədyönlü addımlar Azərbaycan xalqının qüdrətidir, sərvətidir. Prezidentimiz cənab İlham Əliyevin idmana olan yüksək qayğısıdır. Cəmi iki il yeddi ay ərzində Azərbaycan ilk Avropa Oyunlarının keçirilməsini təmin edir və bu istiqamətdə olduqca böyük işlər görülüb. Texniki, təhlükəsizlik məsələləri artıq başa çatıb. Eyni zamanda test yarışları kimi tədbirlər də Azərbaycanda yüksək səviyyədə keçirilib. Bütün bunları Azərbaycan xalqının həyatında həvəskar, peşəkar idmana, ən əsası da sağlamlığın qorunması istiqamətində atılan ən böyük addım kimi dəyərləndirirəm”.

Güləşçimiz hesab edir ki, bu tədbir Azərbaycanda turizmin inkişafı üçün də təkandır: "İnanıram ki, "Bakı-2015” İlk Avropa Oyunlarından sonra Avropada Azərbaycan haqqında çox gözəl fikirlər, təəssüratlar yaranacaq və hər bir avropalı ölkəmizə, Bakıya gəlmək imkanları axtaracaq, turist kimi Azərbaycanı ziyarət edəcək”.

Yarışa yüksək səviyyədə hazırlaşdıqlarını deyən idmançımız qeyd edib ki, bütün həmkarlarından yalnız qələbə gözləyir: "İnanıram ki, hər birimiz uğurlu nəticə əldə edib, xalqımızı sevindirəcəyik. Fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, şanlı bayrağımızı zirvələrə qaldıracağıq”.

Ayyət Əhməd