Ölkədə böhran yoxdur, iqtisadi çətinliklər var

YAP müxalifətin görüş təklifinə “yox” dedi
“İlk növbədə həmin şəxslər təkliflərinin məzmununu dəqiqləşdirməlidirlər. Onların “sadəcə görüşək” istəyinə bir lüzum görmürük”


Azərbaycanda bəzi müxalifət partiyalarının iştirakı ilə yaradılan "Anti-böhran koalisiyası” ölkədəki ictimai-siyasi vəziyyətin birgə müzakirəsi üçün hakim Yeni Azərbaycan Partiyasına (YAP) müraciət edib.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, hakim partiya ilə ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə etmək niyyətindədirlər: "Hesab edirəm ki, hazırkı mərhələdə hakim partiya və müxalifət təmsilçilərinin görüş keçirməsi və müzakirə aparması cəmiyyətimiz üçün də faydalı olar”. S.Cəlaloğlu qeyd edib ki, koalisiya Müsavat və AXCP-yə də müraciət edib. Məqsəd bu partiyaların iştirakı ilə "dəyirmi masa” təşkil etməkdir.

Müraciətə münasibət bildirən YAP rəsmisi, millət vəkili Aydın Mirzəzadə "Şərq”ə açıqlamasında qeyd edib ki, onların təklifləri aydın deyil: "Hesab edirəm ki, ilk növbədə həmin şəxslər təkliflərinin məzmununu dəqiqləşdirməlidirlər. Onların "sadəcə görüşək” istəyinə bir lüzum görmürük. Ortada konkret təklif və müzakirə mövzusu olmalıdır. Belə də onlar, sadəcə piarla məşğuldurlar”.

Qurum yetkilisi diqqətə çatdırıb ki, ictimai-siyasi mövzuların müzakirəsi artıq dialoq mövzularıdır: "Bununla bağlı əlbəttə ki, vaxtaşırı görüşlər keçiriləcək. Ancaq onlar indiki durumu böhranlı vəziyyət adlandırırlar. Ölkədə isə böhran yoxdur. Sadəcə, iqtisadi çətinliklər mövcuddur. Onlar da həllini tapır. Bizim məsələyə fərqli yanaşmamız, mövqeyimiz var. İqtidar müəyyən iqtisadi çətinliklərin həllinə dair ortaya konkret proqram qoyur. Məsələn, cənab Prezidentin göstərişi ilə bank sektorunda bir sıra dəyişikliklər edildi. Sahibkarlığın inkişafına dəstək məqsədilə müvafiq iqtisadi xidmətlərin şəffaflaşdırılmasına dair addımlar atıldı. Apelyasiya sistemi, Maliyyə bazarına nəzarət palatası yaradıldı. Cənab Prezidentin sərəncamı ilə ixrac əməliyyatı həyata keçirən sahibkarlar bəyannamədə göstərilən məbləğin 3 faizini dövlətdən kömək kimi alacaqlar. Bunlar görülən işlərdir. Hələ maaşların artırılması, yeni iş yerlərinin açılması ilə reallaşan tədbirləri demirəm. Bunun əvəzində isə müxalifətin ortaya qoyacağı bir şey yoxdur. Onlar fərqli bir konsepsiya təklif edəcəklərsə, bunu açıq desinlər”.

Ayyət Əhməd