Ölkədə psixoloqların hamısı özbaşına qalıb

Azad İsazadə hesab edir ki, bu istiqamətdə bir idarəetmə mərkəzi yaradılmalıdır



2017-ci ilin yaz sessiyası üçün Milli Məclisin Səhiyyə komitəsinin İş Planı təsdiqlənib. Komitənin dünən keçirilən iclasında Səhiyyə komitəsinin 2016-cı ilin payız sessiyasında səmərəli fəaliyyət göstərməsi bildirilib.

İş Planına Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, "Psixoloji yardım haqqında” və "Reproduktiv sağlamlıq haqqında” qanun layihələri daxildir.

Bununla yanaşı, "Pasiyentin hüquqlarının qorunması haqqında” qanun layihəsinin hazırlanmasına dair dinləmə, Komitəyə daxil olan qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması, komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təhlili və ümumiləşdirilməsi, vətəndaşların qəbulunun və daxil olan ərizə və şikayətlərlə işin təşkili və 2016-cı ilin payız sessiyası dövründə görülən işlər barədə komitənin hesabatının hazırlanması da iş planında əks edilib.

Komitə sədri Əhliman Əmiraslanov "Psixoloji yardım haqqında” qanun layihəsinin artıq hazır olduğunu, yaxın vaxtlarda Parlamentin plenar iclasında müzakirəyə çıxarılacağını deyib.

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən psixoloq Azad İsazadə layihə ilə bağlı bir sıra təkliflər verdiyini bildirib:

"Bildiyimə görə, bu təkliflərdən bəziləri qeyd olunub. Əsas problem isə nəyə görə qanunun bu gün mütləq bizə lazım olmasıdır. O biri sahələrdən fərqli olaraq psixoloqların fəaliyyəti ilə bağlı hansısa idarəetmə mərkəzləri yoxdur. Məlumdur ki, həkimlər Səhiyyə Nazirliyinə, müəllimlər isə Təhsil Nazirliyinə tabedir. Psixoloqlarla bağlı da idarəetmə qurumunun olması gərəklidir. Onların hamısı demək olar ki, özbaşına qalıb. Bu sahə ilə bağlı müvafiq qaydalar, ya da lazım olan lisenziya və diplomun olması bilinmir. Psixoloq sənəti bir az genişdi. Tədris, pedaqoji, kliniki psixologiyalar var. Kim nə bacarırsa, məşğul olmalı deyil. Bu gün bunları tənzimləyən hansısa qaydaların mövcudluğu
əsasdır. 

Məsələn, praktiki psixoloqlar əsasən özəl mərkəzlərdə fəaliyyət göstərir. Böyük qrup psixoloqlar isə məktəblərdə xidmət edir. Ümid edirəm ki, bu prosesləri tənzimləyən əlaqədar qurum yaradılacaq. Beləliklə də, qeyd etdiyimiz problemlər koordinasiya ediləcək”.

Yeganə Bayramova