“On dəfə demişik, nəticəsi yoxdur”

Spiker Xarici İşlər Nazirliyinin fəaliyyətindən narazıdırMilli Məclisdə tərcümə problemi, zavod, fabrik tikib, park salmaq məsələsi də müzakirə olunub
Dünən parlamentin iclasında "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Qanunda göstərilir ki, Azərbaycanda tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələri xüsusi maliyyələşmə əsasında həyata keçiriləcək.
Qanun layihəsində qeyd olunub ki, xüsusi maliyyələşmə tikinti və infrastruktur obyektlərinin və onlara oxşar obyektlər ilə əlaqədar investisiya layihələrinin "Tik, idarə et, təhvil ver” (TİT) modelinə uyğun maliyyələşməni nəzərdə tutur. Qanun layihəsinə görə, bu tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrini TİT modelinə uyğun həyata keçirən investor həyata keçirdiyi fəaliyyətlə bağlı dövlət rüsumlarından və yığımlardan azaddır.
Qanunda xidmət haqqı, təhvil vermə, dövlət ehtiyacları üçün geri alınma, dövlət zəmanəti ilə bağlı qaydalar da öz əksini tapıb.
"Kim istəyir zavod, fabrik tikib, park sala bilsin”
Müzakirələrə qoşulan deputat Siyavuş Novruzov bildirib ki, qanun layihəsinin qəbulu böyük əhəmiyyət kəsb edir: "Təhlükəsizlik, hərbi və strateji məsələlərdən başqa, digər sadalanan məsələlər də layihədəki siyahıya daxil olunmalıdır. Siyahıya nəzər salanda məlum olur ki, sahələrin bir hissəsi daxil olunub, digəri hissəsi isə daxil olunmayıb. Əgər investisiya cəlb etmək istəyiriksə, orada bütün sahələri qeyd etməliyik. Kim istəyir zavod, fabrik tikib, park sala bilsin və digər məsələlərlə məşğul olsun. Bununla bağlı cənab Prezidentin tapşırığına əsasən, Nazirlər Kabinetinin 26 fevral 2016-cı ildə 86 saylı qərarı var. Bakı şəhərinin 9 rayonunda qəzalı vəziyyətdə olan, yaşayış və qeyri-yaşayış, o cümlədən boş torpaq sahələrində yeni evlərin, mənzillərin tikilməsi ilə əlaqədar qərar qəbul edilib. Bu qərarın dərhal həyata keçirilməsi üçün yerli icra strukturlarına tapşırıqlar verilib”.
"Bu, yeni iş yerlərinin açılmasına da kömək edər”
Millət vəkilinin sözlərinə görə, qanun elə qəbul olunmalıdır ki, Bakı şəhərinin həmin 9 rayonunda tikinti proseslərində hər hansı xarici investorunda iştirakı da mümkün olsun: "Onlar istər otel, istər yaşayış evləri, istərsə də qeyri-yaşayış obyektləri tikə bilməlidirlər. Bu, eyni zamanda yeni iş yerlərinin açılmasına da kömək edər. Hesab edirəm ki, bu qanunun hər 3 oxunuşunu sürətləndirməliyik. Mart ayının 15-də hökumətin hesabatına qulaq asacağıq. Ondan sonra bayramlarla əlaqədar Milli Məclisin iclasları dayanacaq. İnvestisiyanın cəlb olunması, yeni iş yerlərinin açılması, Bakıda və digər rayonlarda tikinti, quruculuq və abadlıq işlərinin aparılması, həmçinin istehsal müəssisələrinin inşası ilə əlaqədar qanunun qəbulunun sürətləndirilməsinin tərəfdarıyam”.
"Sahibkarlarda inam yaradılmalıdır”
Millət vəkili Fuad Muradov bildirib ki, islahatların həyata keçirilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi əsas istiqamətlərdən biridir. Deputat qeyd edib ki, dünyada bu model 1979-cu ildən həyata keçirilir və orada müxtəlif yanaşmalar var: "Bu qanunun mahiyyəti və özəlliyi ondan ibarətdir ki, layihə özəl şirkətlər, ictimai şirkətlər və dövlət qurumlarının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu baxımdan, çox istərdim ki, bununla bağlı işçi qrupu yaransın.
Qanuna yalnız maddələr yazmaqla onun işləməsində problemlə üzləşə bilərik. Bu işdə maraqlı müvafiq qurumlar mütləq şəkildə işçi qrupunda olmalıdır ki, gələcəkdə müəyyən məsələlər və problemlərlə üzləşməyək”. Deputat qanun layihəsində dövlət ehtiyacı üçün geri alınma məsələsinə diqqət çəkib: "Sabah müvafiq icra qurumlarının qərarında oranın dövlət ehtiyacı olan yer olduğu bildirilcəksə, hansı sahibkar 40-50 illik bir investisiya qoyacaq ki?! Burada bir az sahibklara inam şəraiti yaratmaq lazımdır ki, 50 illik investisiya qoyulsun. Qanunda müəyyən güzəştlər göstərilib. Amma inam da əhəmiyyətlidir. Eyni zamanda qanunun tətbiq dairələri sadalanır, belə olan halda biz onu məhdudlaşdırırıq”.
"Kifayət qədər evə ehtiyacı olan insanlar var
F.Muradov qeyd edib ki, son zamanlar səsləndirilən Gənclər şəhərciyi, ekonom evlər, sosial mənzillər Azərbaycan üçün çox vacibdir: "Kifayət qədər evə ehtiyacı olan insanlar var. Yaxşı olardı ki, qanunda bu yanaşma da olsun. Biz bir neçə il bundan öncə Gənclər şəhərciyi ilə bağlı məsələni müzakirə edəndə praktiki olaraq buna investorlar tapa bilmirdik. Yəni özəl sektordan Gənclər şəhərciyi tikilməsi ilə bağlı maraq yox idi. Bu qanun bizə imkan verəcək ki, investorlar cəlb edək. Dövlət tərəfindən müəyyən güzəştlər, həm torpağın ayrılması, müvafiq strukturlardan icazənin alınmaı və s. qanunda qeyd olunmalıdır ki, investor binanı tikməyə maraqlı olsun. Bütün dünyada maliyyə böhranı var. Əgər qanun layihəsi cəlbedici olmazsa, heç vaxt sahibkar bir qəpik də pul qoymayacaq. Ona görə təklif edirəm ki, qanunla bağlı işçi qrupu yaradılsın. Biz də detalla bu məsələyə yanaşaq”.
"Bir az səbr edin”
Millət vəkili Hüseynbala Mirələmov isə bildirib ki, qanun layihəsi Bakının daha da gözəlləşməsinə, eləcə də investorların ölkəmizə cəlb edilməsinə şərait yaradacaq: "Amma qanunda müəyyən boşluqlar var. Layihəyə qaz anbarlarının tikilməsi ilə bağlı məsələlər də daxil edilməlidir. Bundan başqa, Nazirlər Kabinetinin 26 fevral 2016-cı ildə 86 saylı qərarına görə, Bakının 9 rayonunda qəzalı binalar sökülərək, yerində yeniləri tikiləcək. Bu qərar qəzalı binalarda yaşayan insanların sevincinə səbəb olub. Qərardan sonra mənə çoxlu müraciətlər olub və insanlar buna görə, ölkə başçısına minnətdarlıqlarını bildirirlər. Bakı qısa müddətdə sürətlə inkişaf edəcək”.
Spiker deputatın boşlqularla bağlı fikirlərinə münasibət bildirərək söyləyib ki, sözügedən qanunun I oxunuşda müzakirəyə çıxarıldığı nəzərə alınmalıdır: "Qanunlar üç oxunuşdan sonra qəbul olunur. Hazırda isə birinci oxunuşdur. Burada səslənən bütün təkliflər nəzərə alınacaq. Bir az səbr edin”.
Deputat Ziyad Səmədzadə bildirib ki, burada layihə ilə bağlı səslənən bütün təkliflər nəzərə alınacaq: "Qanun layihəsi ilə əlaqədar İşçi qrupu yaradılacaq. Ümumiyyətlə, layihə konseptual baxımdan vacib və düzgündür. Qanun investisiya axını baxımdan mühüm olacaq. Qanun I oxunuşda qəbul olunmalıdır”.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin iclasında I oxunuşda qəbul olunub.
Deputatların iradına görə, qanunun üzərində yenidən işləniləcək
Dünənki iclasda "Lisenziyalar və icazələr haqqında” qanun layihəsinin gündəlikdən çıxarılması təklif edilib. İqtisadi-siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə deyib ki, komitənin son iclasında icazələrlə bağlı deputatlar tərəfindən haqlı fikir səsləndirilib və qeyd edilib ki, icazələrin sayı azaldılsın və onlar konkretləşdirilsin: "Bununla bağlı bir neçə gündür Prezident Administrasiyası ilə müzakirələr aparılıb. İşlər davam etdiyi üçün təklif edirəm ki, sözügedən qanun layihəsi gündəlikdən çıxarılsın və konkretləşdirilsin”.
Spiker Oqtay Əsədov komitə sədrinin fikirləri ilə razılaşdığını bildirib: "Həmin qanun layihəsində icazələrin sayı azaldılaraq 199-a endirilmişdi. Yeni təklifdə isə icazələrin sayı 164 nəzərdə tutulub”.
Bununla da "Lisenziyalar və icazələr haqqında” qanun layihəsi parlamentin gündəliyindən çıxarılıb. Qeyd edək ki, qanun layihəsi üçüncü oxunuşdan keçməli idi.
"Ermənistana keçmək istəyən 25 nəfər satqın cəzalandırılsın”
"25 nəfər qəbələlinin düşmən tərəfə keçmək istəməsi mətbuatda göstərildi. Amma onlara qarşı hər hansı bir tədbir görülmədi”. Bu sözləri müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev deyib. O qeyd edib ki, Cinayət Məcəlləsində dövlətə xəyanət maddəsi ilə onlar cəzalandırılmalı idi: "Təəssüf edirəm ki, həmin şəxslər haqqında indiyə qədər heç nə görülməyib. Onlara qarşı dövlətə xəyanət işi ilə əlaqədar cinayət işi qaldırılmalıdır. Düşmən tərəfinə arvad-uşağını keçirən şəxsin oğlu bir illiyə tutulub. Yuxarı orqanlara şikayət etmək, məsələ qaldırmaq əvəzinə, düşmən tərəfə keçir. Bununla bağlı hüquqi prosedurlar edilməlidir. Yoxsa bundan sonra haqsızlıqla üzləşən şəxslər hüquqi prosedurları kənara qoyub, Ermənistan tərəfə keçəcək. Cəzanın da bir xəbərdarlıq nöqtəsi var. Satqınlar layiqli cəzasını almalıdır. Onlar içərisində qadın və uşaqlara güzəşt ola bilər. Amma işin təşkilatçılarını elə-belə buraxmaq olmaz. Həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir”.
Spiker O.Əsədov deputatın fikirlərini dəstəkləyərək, bildirib ki, həmin şəxslərin hərəkətinə hüquq-mühafizə orqanları tərəfindən hüquqi qiymət verilməlidir.
"O şəxslərin adının əfv siyahısına düşməsinə əngəl olurlar”
Millət vəkili Q.Həsənquliyev, həmçinin Novruz bayramı ərəfəsində gözlənilən əfv sərəncamından da danışıb. O, bəzi müxalif qrupların və onların nəzarətində olan mətbuatın bu sərəncama kölgə salmaq istədiyini də qeyd edib: "Yazırlar ki, guya Qərb dairələri Azərbaycana bəzi şəxslərin əfv olunması üçün təsir edir. Onlar bunu yazmaqla yenə qıcıq yaradıb, həmin şəxslərin adının əfv siyahısına düşməsinə əngəl olmaq istəyirlər. Adlarını müxalifət qoyublar, amma başqalarının ağrı-acısı üzərində iş qurur, manipulyasiya edirlər. Mən çox xahiş edərdim ki, biz həmin şəxslərin adlarının əfv siyahısına daxil edilməsinə nail olaq. Eyni zamanda həmin müxalif qrupların da öz maraqları üçün insanların həbsdə qalmasına çalışdıqlarını ifşa edək. Qoy, həbsdə olan şəxslərin özləri də, onların ailə üzvləri və yaxınları da onların azadlığa çıxmasına mane olanları tanısınlar”.
Spiker deputatın əfv məsələsi ilə bağlı dediklərinə münasibət bildirib: "Heç bir dövlət Azərbaycanın daxili işinə təsir edə bilməyib. İndi daxildə hansısa iki-üç müxalif mətbuat təsir edəcək?”
"Heç nə anlamaq olmur”
Parlamentin toplantısında "Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında” sənəd müzakirə olunub. Müzakirə zamanı spikerin müavini Valeh Ələsgərov bu tip sənədlərin Azərbaycan dilinə çox bərbad tərcüməsindən, əksər hallarda əcnəbi sözlərin istifadəsindən şikayətlənib: "Dəfələrlə Milli Məclisə belə beynəlxalq sənədlər daxil olanda mənə elə gəlir ki, bunu tərcüməçi yox, kompyuter tərcümə edib. Heç nə anlamaq olmur. Biz müstəqil dövlətik və müstəqil qanunvericiliyimiz var. Niyə axı öz dilimizə belə yanaşırıq?! Məsələn, preambula sözü bizə ruslardan gəlib. Məgər biz ruslara qədər yazıb oxumağı bilməmişik? Bir vaxtlar rus dilində danışmaq modda idi, indi də deyəsən, sənədləri əcnəbi dildə yazmaq moda düşüb. Bu, məni çox əsəbiləşdirir”.
Sədr O.Əsədov isə bu işdə Xarici İşlər Nazirliyini qınayıb: "Dəfələrlə bu kimi sənədlər Xarici İşlər Nazirliyindən bizə gələndə irad bildiririk. Amma nəticəsi yoxdur. Hətta təklif etmişik ki, orada bəlkə bir tərcümə qrupu yaradılsın. On dəfə deməyimizə baxmayaraq, heç bir nəticə yoxdur”.
Anar Bayramoğlu