On xəstəxana bağlandı

Bu müəssisələrdə çalışanların gələcək taleyi sual altındadır
Deputat: “İxtisara düşən və işini itirənlər özlərinə iş axtaracaqlar. Hər zaman yaxşı mütəxəssisi əl-əl axtarırlar”

Bu ilin yanvar ayından etibarən ölkəmizdə 10 xəstəxana və tibb məntəqəsinin fəaliyyəti dayandırılıb. Maliyyə Nazirliyinin 17 noyabr 2016-cı il tarixli məktubuna əsasən, yanvarın 1-dən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tibbi xidmət göstərən müəssisələri təsərrüfat hesabına keçib.

Bu səbəbdən də özünü təmin edə bilməyən xəstəxanaların fəaliyyətinə son qoyulub. "Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova da QSC-nin 10 xəstəxana və tibbi məntəqəsinin bağlandığını təsdiq edib:

"Bunlar Kürdəmir, Ucar, Lənkəran, Yevlax Dəmiryol Ambulatoriyası, Salyan Dəmiryol Xəstəxanası, Hacıqabul Dəmiryol Xəstəxanası, Mincivan Dəmiryol Xəstəxanası, Gəncə Dəmiryol Gigiyena və Epidemiologiya Mərkəzi, İmişli Gigiyena və Epidemiologiya Mərkəzi, Taun Əleyhinə Stansiyadır. Rayonlarda fəaliyyət göstərən xəstəxana və məntəqələrin hər birində ən azı 60 ştat olub”.

Gündəmdə olan əsas məsələ isə fəaliyyəti dayanan xəstəxana işçilərinin sonrakı taleyidir. Bundan sonra onların harda işləyəcəkləri, ümumiyyətlə, işlə təmin olunub-olunmayacaqları müzakirələr yaradıb. 

Bununla bağlı "Şərq”ə açıqlama verən Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev dünyanın hər yerində belə proseslərin baş verdiyini deyib. Millət vəkilinin sözlərinə görə, məsələni faciə kimi qəbul etmək lazım deyil:

"Müəyyən xəstəxanalar artıq özəlləşməyə çıxarıldı və bundan sonra xəstəxana obyektlərini özəlləşdirənlər başqa profildən istifadə edəcəklər. Yəni, əvvəl bu xəstəxanalar dövlətin büdcəsindən maliyyələşirdi. Xüsusən də Neft Şirkətinə və "Azərdəmiryola” aid olan xəstəxanalar idi. Aparılan büdcə müzakirələrində bu məsələləri qaldırdıq. Özəlləşmə ilə bağlı xəstəxana bağlanırsa və profili dəyişilirsə, təmirdən sonra tibb müəssisəsi kimi fəaliyyət göstərəcəyi halda yenidən kadrlar işlə təmin olunacaqlar. Profil dəyişilib başqa istiqamətdə fəaliyyət göstərəcəksə, təbii ki, bu artıq tibb müəssisəsi olmur. İxtisara düşən və işini itirənlər özlərinə iş axtaracaqlar. Əgər dövlət səhiyyə müəssisələrində yer varsa, orda müsabiqədən keçib işləyəcəklər. Belə yerlər yoxdursa, onlar özəl sahələrdə işləyəcəklər. Hər zaman yaxşı mütəxəssisi əl-əl axtarırlar. Yəqin ki, qalan işçilərə də ixtisarla əlaqədar olaraq sosial müavinətləri veriləcək. Sonrakı vaxtlarda isə özləri iş axtaracaqlar. Onların birinci növbədə işlə təmin olunmaları üçün imtiyazları yoxdur. Testlərdən keçəcəklər və öz qabiliyyətlərinə uyğun iş əldə edəcəklər”.

Yeganə Bayramova