Onlar kamil insanlar deyil

Amma 700 bal toplayanların ünvanına “əzbərçi” deyilməsi də məntiqli deyil
“Məktəblərimiz repetitorların ayağında süründüyü üçün aşılanan bilik elə parta arxasında qalır. Təbii ki, bunun da günahı uşaqlarda yox, təhsil sistemindədir”



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) bu il keçirdiyi qəbul imtahanlarında 10 abituriyent rekorda imza atıb. I və IV ixtisas qruplarından imtahan verən 6 abituriyent, II və III ixtisas qrupu üzrə isə 4 abituriyent 700 bal toplayıb.

700 bal yığan abituriyentlərin hər biri də mətbuata açıqlamasında bu nəticəni əldə etmək üçün 2 il gecə-gündüz çalışdıqlarını və imtahana hazırlaşdıqları müddətdə televizor və sosial şəbəkələrdən uzaq qaldıqlarını deyib. Amma onların bu açıqlamaları bir çox sosial şəbəkə istifadəçilərində qıcıq doğurub. Daha doğrusu, 700 bal toplayan abituriyentlərin nəticələri cəmiyyətdə müəyyən fikir ayrılıqlarına səbəb olub. Sözsüz ki, əksəriyyət məzunların bu uğurunu alqışlayıb və onların ünvanına "halal olsun” mesajları göndərib. Amma vətəndaşların bir hissəsi abituriyentlərin imtahanda 700 bal toplamasının bir o qədər də şişirdiləcək bir məsələ olmadığını deyir. Hətta 700 ballıq uşaqlara "əzbərçidilər” deyənlər də var. Qeyd edək ki, imtahan nəticələri açıqlanandan üzü bu yana hər kəs imtahan nəticələrini müzakirə edir və fikirlərini özlərinin şəxsi feysbuk hesablarında paylaşırlar.

İmtahanda ən yüksək nəticə göstərən uşaqların uğurlarına kölgə salınmasını qətiyyətlə pisləyən yazar Cəlil Cavanşir öz statusunda 700 bal toplayan gənclərə qarşı qəribə aqressiya, istehza hiss etdiyini və bunun səbəbini anlamadığını deyib: "Bir yandan keçid ballarının azlığından şikayət edirik, digər yandan da maksimum uğur qazananlarla məzələnirik. Səbəb məncə psixolojidir. Ümumiyyətlə, biz cəmiyyət olaraq uğur qazananları sevmirik, hətta onlara nifrət edirik. Əzbərçi, intellektsiz, kütbeyin deyib aşağılamağa çalışdığınız o məsumlar orta təhsil proqramını mənimsəyib, maksimum göstərici ilə ali təhsil alacağı ali məktəbi seçəcək. Həm də istədiyi ali məktəbi! Uğur qazanmaq günahdırmı? Əsas odur ki, hazırda bu uşaqlar zirvədədir. Sonrası nə olacaq? Bu artıq sonranın söhbətidir. Deməyim o ki, eləməyin belə şeylər...”

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay isə abituriyentlərin "bal yığımı” yarışına qoşulmasının uğurlu seçim olmadığı qənaətindədir: "Siz elə bilirsiniz 700 bal ən yüksək savad və bilgini müəyyən edir? O 700-ün 250-si əhəmiyyətsiz suallardır. Bu, sadəcə, testdən bal çıxartmaq yarışıdır. Tələbə qız var, 365 bal yığdı danlanıb üzü qara özəl universitetlərdən birinə girdi. Bir il sonra isə təhsilini davam etdirmək üçün Avropaya, oradan da ABŞ-a getdi. Hazırda xaricdə təhsil alan ən uğurlu tələbələrdən biridir. Və qəbul imtahanlarından 650 bal yığan tələbə var ki, Türkiyədə təhsil alır. O isə aşağı bal toplayan qızdan fərqli olaraq universiteti çox çətinliklə oxuyur.

Hesab edirəm ki, bu cür bal yarışı ajiotajını, əzbərçilik sistemini qurtarmaq lazımdı. Test sistemi qəbulu tətbiq olunan bu neçə ildə təhsil nə qədər yüksəlib ki? Artıq, bal toplamağın da sirri açılıb. Bir də görəcəyik ki, yüzlərlə abituriyent 700 bal yığıb. Gərək onda da maksimum nəticəni 800-900 bala qaldırsınlar? Başa düşə bilmirəm ki, ölkənin ali təhsil məkanına keçid prosedurunu tapmaca üsulunda aparmaq nə dərəcədə düzgündür? Hər nə isə, zəhmət çəkib, bu qədər balı yığan gənclərimizə uğurlar diləmək borcumuzdur”.

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev isə istənilən halda 700 bal toplayan abituriyentlərin əməyinin itirilməsinin tərəfdarı olmadığını deyib və yüksək bal toplayan balaların hər birini təbrik edib, onlara uğurlar arzulayıb.

Professorun sözlərinə görə, yüksək nailiyyət qazanmaq ilk növbədə insanın istedad və qabiliyyətinin göstəricisidir. Sonra isə onun zəhmətkeş, ağıllı və məntiqli olmasından asılıdır. Bu üç amili birləşdirib ortaya yüksək nəticə çıxarmaq da hər adamın işi deyil axı: "Deməli, bu 700 bal toplayan uşaqlarda bu xüsusiyyətlərin hər biri var ki, onlar öz hədəflərinə doğru səylə irəliləyə biliblər. Adətən bu cür uşaqlar öz potensialları ilə yanaşı, onlara dərs deyən müəllimlərin də biliklərindən düzgün istifadə etməyi bacarırlar. Hesab edirəm ki, "700 bal toplayan uşaqlar əzbərçidilər”, yaxud da "bu nəticələri bu qədər şişirtməyə ehtiyac yoxdur” kimi fikirlərdən uzaq olmalıyıq. Ən maraqlısı da odur ki, yüksək nəticə toplayan uşaqların əməyini kiçildən insanların heç biri kiçik bir uğura belə imza ata bilməyən insanlardır. Əgər adi bir əzbər yolu ilə maksimum nəticə əldə etmək mümkündürsə, onda niyə abituriyentlərin 52 faizi 200 balı belə keçə bilmir?!”.

Ə.Ağayevin sözlərinə görə, sadəcə test əzbərləmə üsullarını öyrənməklə bu qədər yüksək nəticə toplamaq mümkün deyil. Çünki istedadı və məntiqi olmayan abituriyent istənilən halda haradasa səhv edib, nəticəsini aşağı sala bilər. Yeni metodlar ancaq fəallığı artırır və şagirdlərə vaxt qazandırır. Mən dəfələrlə qəbul imtahanlarında yüksək nəticə göstərən uşaqlarla söhbət etmişəm. Şəxsən özüm şahidəm ki, onların əksəriyyəti hədəfləri və məqsədləri olan gənclərdir. Sizi inandırım ki, uğura gedən yolda "Mən buna nail olmalıyam və olacam da” düşüncəsinə inam çox böyük rol oynayır. Bu hədəflə yola çıxan uşaqların 100 faiz olmasa da, 80 faizi yüksək nəticələr göstərir”.

Onu da deyək ki, Əjdər Ağayevin 700 bal toplayan uşaqların savadından şübhəsi olmasa da, dünyagörüşlərinin zəif olmasından müəyyən narahatlığı var: "Hamı bilir ki, 700 və ya ona yaxın bal toplayan abituriyentlərin əksəriyyəti repetitor yanına gedənlərdir. Belə uşaqlar isə sadəcə hazırlaşdıqları ixtisas qrupunda yer alan fənləri mükəmməl mənimsəyirlər. Yerdə qalan fənlər isə diqqətdən kənarda qalır. 4-cü qrup üzrə imtahana hazırlaşan uşaqlar var ki, kimya, biologiyadan bilmədiyi şey yoxdur, amma ölkənin milli musiqi, mədəniyyət tarixindən xəbəri yoxdur. Gənclərin əksəriyyəti Qara Qarayev, Bülbül, Fikrət Əmirov kimi şəxsiyyətlərdən xəbərsizdirlər. Bütün bunlar da vətəndaş mövqeyini korlayır. Mən 700 bal toplayan abituriyentlərin hər birini savadlı hesab edirəm və onların ünvanına "əzbərçi” deyilməsini qəbul etmirəm. Ancaq bütün bunlar fonunda onlara kamil insan da deyə bilmərəm. Kamillik üçün vətəndaş mövqeyinin olması şərtdir. Repetitorlar uşaqlara vətəndaşlıq mövqeyi aşılamır, dərsləri onların dünyagörüşlərinin artmasına səbəb olacaq səviyyədə tədris etmirlər. Məktəblərimiz isə repetitorların ayağında süründüyü üçün aşılanan bilik elə parta arxasında qalır. Təbii ki, bunun da günahı uşaqlarda yox, təhsil sistemindədir. Kompleks tədbirlər görülsə, ümumtəhsil məktəblərində təhsilin keyfiyyəti artırılsa, repetitor problemi aradan qaldırılsa, bu cür savadlı uşaqların istedadına təkan verib, onları kamil insan kimi formalaşdırmaq olar”.

Şəymən