Rusiya və Ermənistan arasındakı hərbi birlik Azərbaycana təhlükə yaratmır
Rusiya prezidenti Vladimir Putin Ermənistanla birgə hərbi birləşmələr haqqında sazişi ratifikasiya edib. "RİA Novosti”yə istinadən aldığımız xəbərə görə, iki ölkə arasında saziş 2016-cı ilin 30 noyabr tarixində Moskva şəhərində imzalanıb.
Azərbaycanla düşmən mövqedə olan Ermənistanın şimal qonşumuzla hərbi birləşmə yaratmasının bizə təsirlərini dəyərləndirən Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc Rusiya ilə Ermənistan arasındakı bu hərbi birliyin Azərbaycan üçün heç bir təhlükə yaratmadığını deyib:
"Sənəd yenicə ratifikasiya olunsa da, Ermənistan uzun müddətdir ki, bu məsələnin geniş təbliğatını aparır. Bunun isə arxasında rejimin maraqları dayanıb. Əvvəla, rejim bu yolla cəmiyyəti sakitləşdirməyə çalışır. Məqsəd isə erməni xalqının təhlükəsizliyi üçün Rusiyanın öz üzərinə daha çox öhdələnməsinə cəmiyyəti inandırmaqdan ibarətdir. Amma atılan addımlar qətiyyən Sarkisyanın qələmə verdiyi kimi birgə ordu yaradılmasına hesablanmayıb. Ermənilərin Dağlıq Qarabağdakı separatçı rejimin silahlı qüvvələri ilə birlikdə 100 min hərbi dəstələri mövcuddur.
Belə çıxır ki, bir milyonluq ordu qüvvələrinə sahib Rusiya özünün bütün imkanlarını zəif bir ölkənin ordusu ilə birləşdirir? Əlbəttə ki, yox! Söhbət lokal səviyyəli hərbi birləşmədən gedir. Bu isə bizim üçün o qədər də əhəmiyyətli deyil. Onsuz da Gümrüdə Rusiyanın 4000-dən artıq hərbi
kontingenti mövcuddur”.
Z.Oruc güman edir ki, ermənilər bu addımı rus qoşunlarının Qarabağda ermənilər tərəfindən döyüşəcəyi kimi təqdim edəcəklər. O cümlədən də Azərbaycanda antirus mövqeyində olan ekspertlər iddia edəcəklər ki, Rusiya və Ermənistan Qafqazda birləşmiş qoşun formalaşdıracağı halda Azərbaycan ordusu səngərdə ruslarla döyüşəcək. Amma bu, heç bir halda inandırıcı deyil.
Əslində elə ermənilərin də niyyəti xəbərin bu cür dəyərləndirilməsi fonunda Azərbaycanla Rusiya arasındakı münasibətlərin korlanmasına nail olmaqdır. Halbuki Rusiyanın bu addımı heç bir halda Azərbaycana qarşı yönəlməyib. Ehtimal olunur ki, Rusiyanın bu addımı qərb qüvvələri və NATO hərbi birləşmələrinin bölgədə güclənməsinə hesablanıb. Cənubi Qafqazda öz mövqeyini gücləndirmək istəyən Rusiya eyni zamanda əsgərlərinin Ermənistanda mövcudluğuna bu adla bəraət qazandırmaq niyyətindədir”.
Şəymən