Elman Məmmədov girovlarımızın unudulduğu iddiası ilə razılaşmır
Ermənistan ordusu tərəfindən girov götürülən soydaşımız Şahbaz Quliyevin qardaşı İlham Quliyev girovlarımıza göstərilən biganə münasibətdən gileylənib. O qeyd edib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi unudulub. İ.Quliyevin sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə çıxmayıb:
"Şahbazla Dilqəm yaddan çıxıb. Heç maraqlanan yoxdu. Onlara qarşı bir biganəlik var. Elə bil Azərbaycanda Şahbaz və Dilqəm adlı adam yaşamayıb. Maraqlananlar qohum-əqrəba, bir də siz jurnalistlərsiniz. Qalan heç kim maraqlanmır”. İ.Quliyevin açıqlamasına münasibət bildirən ki, Xocalıdan olan millət vəkili Elman Məmmədov onun fikirləri ilə razılaşmayıb. Deputat "Şərq”ə açıqlamasında qeyd edib ki, girovlarımızın taleyi ilə bağlı yalnız "Şərq” qəzetinə saysız-hesabsız açıqlamalar vermişəm: "Siz də sağolun ki, girovlarımızı unutmursunuz. Onların məsələsini daim qaldırırsınız, gündəmdə saxlayırsınız. Ona görə də İ.Quliyev qardaşımın dediklərinin tam əksini düşünürəm. Onlar bütün Azərbaycan xalqı üçün əziz insanlardır. Heç də yaddan çıxmayıblar. İlk növbədə cənab Prezidentin diqqətindədirlər. Dövlət başçımız onların girovluqdan, düşmən əlindən azad olunması üçün bütün görüşlərdə mümkün olan ciddi-cəhdləri edir. Hazırda Azərbaycan dövləti olaraq bizim düşmənə təsir göstərmək üçün yalnız bir təzyiq vasitəmiz var. Bu da beynəlxalq təşkilatlardır. Bu istiqamətdə də cənab Prezidentimiz ATƏT-in
Minsk Qrupunun həmsədrləri və həmsədr ölkə başçıları ilə danışıqlar zamanı məsələni diqqətə çatdırır. Məsələni BMT və bütün beynəlxalq təşkilatlar qarşısında daim qaldırır. Eyni zamanda xarici işlər nazirimiz Elmar Məmmədyarov da bu məsələni gündəmdə saxlayır. Ancaq hələ ki insanlıqdan uzaq olan düşmən tərəfi günahsız qardaşlarımızı qanunsuz olaraq girovluqda saxlayır. Bunlar beynəlxalq hüquqa və insanlığa uyğun olmayan hərəkətlərdir”. Parlament üzvü onu da əlavə edib ki, soydaşlarımızı hüquqi yolla azad edə bilmiriksə, güc yoluna əl atmalıyıq: "Onlar üçün əziz olan bir çox erməniləri girov götürüb, dəyişdirilməsini təklif etməliyik. Təcavüzkarı qanuni və hüquqi yolla başa salmaq mümkün deyil. Ona görə də, biz də düşmən tərəfdən onların "dəyərli” saydığı quldurlardan bir neçəsini girov götürməliyik və onların dəyişilməsi təklifini irəli sürməliyik. Düşmən bizi buna vadar edir”.
Ayyət Əhməd