Onlara qoyulan maya batır
Avropadakı "söyüş şəbəkəsi" biri-birlərini ifşa etməklə məşğuldur
Bir neçə gündür, müxtəlif üsullarla Avropa ölkələrinə gedərək Azərbaycan dövlətinə qarşı ardıcıl şəkildə kampaniya aparan şəbəkə üzvləri bir-birini ifşa etməklə məşğuldurlar. Sosial şəbəkədə yayılan açıqlamalardan məlum olur ki, özlərini "demokratiya carçısı”, "ədalət tərəfdarı” kimi qələmə verənlər, sözdə dövlət və millətin qayğısı ilə yaşadıqlarını bəyan edənlər, əksinə, xarici anti-Azərbaycan dairələrin birbaşa nəzarəti və maliyyəsi ilə fəaliyyət göstərirlərmiş.
Yəni sifariş yerinə yetirirlərmiş. Zərərli ünsürlərin əsas məqsədi daha çox qrant almaq və pul mənimsəməkdən ibarət olub. Azərbaycan hakimiyyətini hədəfə alan, əslində bütün Azərbaycanı, dövlətçiliyimizi məhv etməyi, başqa dövlətlərdən asılı salmağı qarşılarına məqsəd qoyan həmin şəbəkə təbliğatını elə qurmuşdu ki, sanki onların ruporları - gənclər, blogerlər, sosial şəbəkə fəalları ölkənin maraqlarından çıxış edirlər. Ancaq qısa müddət sonra hadisələri analiz edib nəticə çıxaranlar, Azərbaycanın sabahını düşünənlər elə həmin anti-milli ünsürlərə qarşı mübarizəyə başladılar.
Çünki şəbəkə üzvlərinin bir-birini ifşasından sonra kimin doğru, kimin yanlış olduğu üzə çıxdı. Buna baxmayaraq, həmin qüvvələr yenə dayanmadılar və öz çirkin əməllərini davam etdirdilər. Məsələ ondadır ki, artıq bu qüvvələrin fəaliyyəti özlərinə zərər verməkdədir. Bir-birini qrant almaqda, maliyyəni mənimsəməkdə ittiham edən anti-Azərbaycan şəbəkələr aldadıb ətraflarına topladıqları üç-beş adamı da özlərindən uzaqlaşdırırlar.
Avropadakı "söyüş şəbəkəsinin” ifşası ilə bağlı "Şərq”ə danışan tanınmış jurnalist, siyasi ekspert Azər Həsrət deyib ki, Avropada Azərbaycan əleyhinə "mübarizə” aparan məlum ünsürlərin əməlləri haqqında dəfələrlə ictimaiyyət xəbərdar edilib. Vurğulanıb ki, bu adamların davası insan hüquqları, demokratiya və s. deyil:
"Onların davası qarın davasıdır, yorğan davasıdır. Həmin şəxslər özlərini "demokratiya aşiqi”, "mübariz” kimi təqdim edərək pul qazanmağa çalışırlar: "Onlara pul buraxan dairələr əvvəlcə elə bilirdilər ki, üç-beş adam vasitəsi ilə Azərbaycanda bu və ya digər şəkildə nəyəsə nail olmaq, təsir etmək mümkündür. Lakin həmin şəxslərin apardığı "mübarizə” özünə sosial baza toplaya bilmədi. Çünki xalqımız kifayət qədər gözüaçıqdır və ağı-qaradan seçə bilir. Məhz bu baxımdan Avropadakı qruplar özlərinə dəstək qazana bilmədilər, gördükləri "iş” effektli olmadı. Bunu görən maliyyə mənbələri öz maşalarına pul verməkdən yavaş-yavaş imtina etməyə başladı.
Bu, birinci hal deyil. Bilirsiniz ki, buna qədər Xədicə İsmayıl, Emin Hüseynov və Emin Milli kimi adamların, yaxud da İlqar Məmmədovun dəstəsindəki şəxslərin maliyyə ilə bağlı müxtəlif maxinasiyalar etməsi müzakirə olunub. İndi onlara qoyulan maya batır, effektivliyini doğrultmur və buna görə də pul sahibləri maliyyə verməkdən imtina edir. Nəticədə "bloqqer”lər ac-susuz qalırlar. Gunahı da bir-birinin üzərinə atırlar. İndiki davanın məğzi bundan ibarətdir. Təbii ki, onlar buna görə Azərbaycan hökumətini ittiham edə bilmirlər, pul verənləri ittiham etməyə isə cürətləri çatmır. Ona gərə də biri-birilərini didirlər”.
BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı da "Şərq”ə açıqlamasında bildirib ki, illərdir rəsmi qurumlar və qeyri-hökumət təşkilatları tərəfindən Avropada müəyyən dairələrin əlində olan şəxslər barədə məlumat verilib. Onların zərərli fəaliyyəti ifşa olunub. Partiya funksioneri deyib ki, onlar ayrı-ayrı zamanlarda Azərbaycandan qaçıb getmiş və müxtəlif adlar altında xarici ölkələrdə yerləşdirilmiş şəxslərdir:
"Əlbəttə, onların hamısı məqsədyönlü olaraq Azərbaycanın dövlət müstəqilliyi əleyhinə fəaliyyət göstərən, erməni diasporasının təsiri altında çalışan adamlardır. Bir sıra qurumlar var ki, konkret olaraq Azərbaycanın siyasi rəhbərliyinə təzyiq etmək üçün bu ünsürlərdən istifadə edirlər. Bunu da sosial şəbəkə üzərindən həyata keçirirlər. Onlar Avropada sığınacaq və müəyyən təminatlar verməklə Azərbaycana yönəlik işlərə cəlb olunurlar. Təəssüfedici hal odur ki, bəzən onların içində elə murdar ünsürlər olur ki, bütün xətləri keçirlər. Hətta dövlət başçısına, onun ailə üzvlərinə, millət vəkillərinə, ayrı-ayrı məmurlara, partiya sədrlərinə qarşı iyrənc kampaniya həyata keçirirlər. Dövlətimizi nüfuzdan salmağa, imicini ləkələməyə çalışırlar. Məhz bunun müqabilində qrant layihəsi çərçivəsində vəsait alırlar”.
N.Orduxanlı bildirib ki, bu şəbəkənin üzvləri Emin Hüseynov, Emin Milli, Orduxan Teymurxan, Qənimət Zahidov, Xədicə İsmayıl, Tural Sadıqlı və s. adamlardır:
"Konkret bir şəxs Azərbaycanda təşkilat sədri kimi fəaliyyət göstərdiyi zamanda vergidən yayınma həcmi 300 min manatdan yuxarı idi. Ona ayrılan qrantların miqdarı milyonlarla ölçülürdü. Özü də müsahibələrində çəkinmədən etiraf edirdi ki, layihələri 1 milyon 500 min avro dəyərindədir. Son günlər ağzının sözünü bilməyən bir yenisi də çıxıb. O da etiraf edib ki, 80 min avro qrant ayrılıb, ancaq ona sadəcə 100 avro çatıb. İndiki mərhələdə özləri-özlərini ifşa edirlər. Pulu birgə bölə bilmirlər. Ayrılan vəsait birinə az, digərinə isə çox düşür. Nəticədə aralarında dava yaranır. Azərbaycan cəmiyyəti bunu bilməlidir”.
İsmayıl