“Onlardan hər şey gözləyirdim, bunu yox”

Cümşüd Nuriyev: “Yaşadığı torpaqlarını başqalarının ayağına verən insanları anlaya bilmirəm”



Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev Azərbaycanda ən çox repressiyaya məruz qalan inanclı kəsimin hüquqlarını müdafiəsi ilə ciddi və peşəkarcasına məşğul olmağın zərurətindən danışıb və bu yöndə inanclı kəsim nümayəndələrindən, ziyalılardan və mütərəqqi düşüncəli hüquq müdafiəçilərindən ibarət Müdafiə Komitəsinin yaradılmasının vacibliyini vurğulayıb.

E.Quliyev artıq bu işə başladıqlarını qeyd edib: "İlk olaraq, MK-nin görəcəyi prioritet işlər və komitənin tərkibi ilə bağlı müzakirələrə start vermişik. Heç kəsə sirr deyil ki, həm yerli hüquq müdafiəçiləri, həm də Beynəlxalq Təşkilatlar inanclı kəsimin müdafiəsinə ikili standartlarla yanaşırlar. Və nədənsə, din xadimlərinin - hətta onlar zərrə qədər günahsız olsalar belə, müdafiəsindən çəkinir, haqqı söyləməkdən ehtiyatlanırlar. Belə münasibət nonsensdir və insan hüquq və azadlıqlarının qorunması işində böyük qüsurdu. Yaranacaq Müdafiə Komitəsi bu qüsurdan və bu sayaq yanaşmadan uzaq olmağa, dindarların hüquqlarını peşəkarcasına qorumağa çalışacaq”.

Azərbaycanda belə bir Komitənin yaradılmasını absurd hesab edən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev deyib ki, onlardan hər şey gözləyirdim, amma bunu yox: "Əvvəla, bütün dünya qəbul edir ki, Azərbaycanda dini fəaliyyətlə məşğul olan insanlara böyük hörmət var. Hesab edirəm ki, bu layihə xaricdən multikulturalizm ilinə kölgə salmaq üçün ortaya atılıb. İndiki situasiyada Azərbaycanda inanclı insanların hüquqlarını Müdafiə Komitəsinin yaradılmasının heç cür təsadüfi olduğunu düşünə bilmirəm. İnanclı insanların hüquqlarını Müdafiə Komitəsinin yaradılması o anlama gəlir ki, digər kəsimin hüquqları qorunmasa da olar. Onda əllərini qatmışkən, ayrıca olaraq ateistlərin hüquqlarını müdafiə komitəsi yaratsınlar. Axı onlar da bu ölkənin vətəndaşlarıdır. Hər şeyi başa düşmək olar. Amma yaşadığı torpaqlarını başqalarının ayağına verən insanları anlaya bilmirəm. Bu, millətə də, dövlətə də təhqirdir. Belə çıxır ki, Azərbaycanda terror təşkilatlarının aşkar fəaliyyətinə icazə verilməlidir? Din pərdəsi altında keçirilən tədbirlər, atılan addımlar, aparılan təbliğatlar heç kəsə sirr deyil. İŞİD-də inanclı insanların təşkilatlanmasından yaranıb. Belə çıxır ki, İŞİD-ə qoşulan azərbaycanlıların hüquqlarını müdafiə etməli, onların cinayət məsuliyyətinə cəlb olunmasına qarşı çıxmalıyıq? Yenə də eyni simalar, eyni təkliflər. Məqsəd də eynidir - xalqı aşağılamaq üçün düşünülmüş məsələlərdir. Adını ziyalı qoyan insanlar ziyanlı işlə məşğul olmamalıdır. Kiminsə iqtidardan narazı olması təbiidir, amma bu narazılığa görə milləti, xalqı aşağılamaq doğru yanaşma deyil. Artıq söz tapmıram deməyə. Görəsən, yorulmadılar?! Mənə elə gəlir ki, hər kəs xalqının şərəfini qorumağı qarşısına məqsəd qoymalıdır, bunlar isə hər fürsətdə xalqı arxadan vuraraq vətəndaş mövqeyi sərgilədiklərini zənn edirlər”.

Şəymən