Mina Hüseyn: "Finala «Evrovizion» iştirakçıları - Dilarə ilə Samir qalacaq"
"Maşın” realiti-şousunun hind filmlərinə bənzər sürəti davam edir.
İştirakçılar arasında hər gün gərginlik müşahidə olunur. «Maşın»da son dəfə səsverməyə aparıcı Xəyalə çıxaraq maşın üçün mübarizə aparmağa çalışdı. Səsvermə bitənə qədər Xəyalə hədəfinin kim olduğunu açıqlamadı. Nazilə Səfərli hədəf olduğunu bilə-bilə yenə Xəyaləyə dəstək göstərib. Xəyaləyə yarım saat vaxt qoyan Nazilə Səfərli açıq rəqabətə hazır olduğunu da eyhamla qeyd edib. Buna baxmayaraq Xəyalə səs faizi toplayaraq güclü sandığı rəqibini maşından uzaqlaşdırıb.
Sonda 85,63 faiz səs toplayan aktrisa şoudan "kişi kimi qadın" adlandırdığı şairə Nazilə Səfərlini evə yola salıb.
Maşın ətrafında baş verənlərə yarışı tərk edən iştirakçıların münasibətləri də fərqli olur. «Maşın»da səs toplayıb heç kimi şoudan uzaqlaşdırmayan Mina Hüseyn özü yarışı tərk etməyə qərar verib. O, «Şərq»ə açıqlamasında maraqlı nüanslara toxunub.
- «Maşın» ətrafında baş verənlər nə qədər realdır?
- Nə baş verirsə, gördüyünüz gərginliklərin hamısı reallıqdır.
- Sizin qərarınız bəziləri üçün gözlənilməz oldu. Niyə səs topladığınız halda heç kimi «Maşın»dan kənarlaşdırmadınız?
- Bilirsiz, mən Mina olaraq tanınmaq üçün az əziyyət çəkməmişəm. İstəmədim simamı itirərək «Maşın»dan gedim. Əsas odur ki, mən özümə də sübut etdim ki, mən güclüyəm. Ordakılar da mənim gücümü görmüş oldular. Qaldı getmək qərarına, mən həmin gün olmasa da, ertəsi gün kiminsə əli ilə «Maşın»dan uzaqlaşdırılardım. Çünki bu oyundur, qruplaşmalar yaranır, birini hədəf seçirlər. Bu gün də olmasa, növbəti gün məni ordan uzaqlaşdıran olacaqdı. Kiminsə oyununun qurbanı olmaq istəmədim. Elə mədəni şəkildə maşından çıxmaq mənə daha məntiqli gəldi. Orda hamı sənət adamlarıdır, «Maşın»dan sonra da üz-üzə gələrik. İstəmədim çirkin şəkildə «Maşın»ı tərk edənlər sırasında olum. Onu özümə yaraşdırmadım. Mənim üçün «Maşın» realiti-şousunda iştirak etmək özü böyük uğur idi. Demək ki, maraqlı olmuşam. Mən Minanı tamaşaçı gözündə ucuzlaşdıra bilməzdim.
- Yəni rəqiblərinin səndən güclü olduğunu etiraf edirsən?
- Yenə deyirəm, oyunda sübut etdim ki, mən tamaşaçıdan səs toplaya bildim. Qaldı sona qədər rəqabət aparıb onlarla mübarizəyə, yəqin ki, gücüm çatmazdı. Etiraf edirəm ki, orda güclü oyunçular var idi. SMS baxımından onlar məndən çox güclü ola bilərdilər. Mənim qazancım o oldu ki, belə maraqlı oyunun iştirakçısı oldum.
- Deyirsən qruplaşmanın qurbanı olmaq istəmədin. Sənə qruplaşmadan təkliflər gəldimi?
- İlk gündən qeyd etdim ki, heç bir qruplaşmaya qatılmaq niyyətində deyiləm. Oyunu tək özüm aparmağa üstünlük verirəm. İstəmədim kiminsə sözü ilə hərəkət edənlərdən olub, kiminsə təsiri altında «Maşın»da dayanım. Onsuz da qruplaşmalarda olanlar da elə o qrupun oyununun qurbanı olurdular. Sona qədər qrupda qalmaq mümkün deyil. Mən kiminsə göstərişi ilə hərəkət edib özümü zəif göstərmək istəməmişəm. Səs toplayıb ordan çıxmaq daha prestijli oldu. Mən özümü qalib hesab edirəm. Əsas odur ki, məni ordan kimsə uzaqlaşdıra bilməyib, mən özüm şounu tərk etmişəm.
- Necə düşünürsüz, finala hansı iştirakçılar qala bilər?
- «Maşın» ətrafında güclü oyunçular var. Amma düşünürəm ki, sona «Evrovizion» iştirakçıları qalacaq. Dilarə, Samir Cavadzadə finala qalacaqlar. Ramin Nabran qruplaşma yaradıb finala qədər getmək istəsə də, onu kənarlaşdırmağa maraqlılar var. Güclü rəqibi kimsə sona saxlamaz.
- Bəs ürəyinizdən kimin qalib olması keçir? Yəni maşın kimə qismət olsa sevinərsiz?
- Maşına Samirin sahib olmasını çox istərdim. Samirin bu maşına ehtiyacı var. Həm də «Maşın»da qalib olmağa layiqdi.
Tahirə