“Onlayn media və müəllif hüquqları”

Bizim plagiat problemimiz jurnalist yazılarının mənimsənilməsi ilə bitmir
Hətta media orqanlarının loqosu, dizaynı belə oğurlanır

Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Onlayn media və müəllif hüquqları” mövzusunda konfrans keçirilib. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirilən "İnternet və media resurslarında müəllif hüquqlarının qorunmasının mexanizmləri və hüquqi bazası” layihəsi çərçivəsində baş tutub. Tədbirin təşkilatçısı isə Jurnalistlərin Həmkarlar İttifaqıdır.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, tədbirin keçirilməsində məqsəd KİV işçilərində, xüsusən, internet üzərindən xəbər yayan informasiya istehsalçılarında müəllif hüquqlarının qorunmasının vacibliyi barədə təsəvvür formalaşdırmaqdan ibarətdir. O həmçinin jurnalistlərə mətbuatda müəlliflik hüququ ilə qorunan əsərlərin təsnifatını verərək onların dəqiq sərhədlərini izah edib. Eyni zamanda yaradıcı və qeyri-yaradıcı məhsulların müəlliflik hüququ, onun qanunla necə qorunması prinsiplərini açıqlayıb.

Ekspert mətbuatın plagiatlıqla mübarizə metodlarından, internet medianın domen və ad problemləri və onun həlli yollarından danışıb: "Mediada heç də bütün janrlara aid olan materiallar müəllif hüquqları statusu yaratmır, məsələn, informasiya-xəbər və müsahibə janrında olan materialların müəlliflik statusu yaratması üçün bəzi şərtlər var. Əgər həmin şərtlər yoxdursa, informasiya və müsahibə üçün müəllif hüququ yaranmır. Amma araşdırma yazıları, publisistik yazılar, köşə yazıları janrında hazırlanan materiallar birbaşa müəlliflik hüququnun obyektləridirlər. Maraqlısı odur ki, bizim plagiat problemimiz jurnalist yazılarının mənimsənilməsi ilə bitmir. Bəzən KİV qurumlarının, domeni, loqosu, dizayn maketi də mənimsənilir. Yəni başqa bir KİV-in adını olduğu kimi götürürlər, hətta onun dizayn strukturlarını da ələ keçirirlər, sadəcə haradasa kiçik nöqtə, gözəgörünməz yerdə hansısa kiçik hərf, işarə qoyurlar və bununla da, guya özləri orijinal ad və dizayn struktur yaratdıqlarını iddia edirlər, özlərini bununla müdafiə edirlər”.

Belə hallara qarşı mübarizə vasitələrinə, qanunların tətbiqi məsələsinə toxunan JuHİ rəhbəri deyib ki, həm dünyada, həm də ölkəmizdə müəllif hüquqlarının qorunması üçün kamil hüquqi baza mövcuddur: "Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsi, «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Qanun, "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununu və başqaları müəllif hüquqlarının qorunmasını təminat altına alır. 

Bu qanunların tələblərinin pozulması hüquqi məsuliyyət yaradır. Hər hansı bir jurnalist müəllif hüquqlarının pozulması şəraitində məhkəməyə müraciət edib öz hüquqlarının bərpa olunmasını təmin edə bilər. Müəllif hüquqlarının qorunması üçün hüquqi baza və işlək mexanizmlər yetərincədir və getdikcə də təkmilləşdirilir: "Bilirsiniz ki, indiyə kimi bu işlə əsasən iki qurum məşğul olurdu: Bunlardan biri " Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsi” (SMPDK), ikincisi isə Müəllif Hüquqları Agentliyi idi. Prezident İlham Əliyevin 20 aprel 2018-ci il sərəncamı ilə "Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsi” (SMPDK) ləğv edilib. Səlahiyyətlərinin bir qismi, yəni patent və əmtəə nişanları mərkəzinin səlahiyyətləri yeni yaradılmalı olan Əqli Mülkiyyət Agentliyinə (ƏMA) verilib. Müəllif Hüquqları Agentliyi də ləğv edilərək ƏMA Agentliyinə birləşdirilib”.

Mediada müəllif hüquqlarının pozulmasını qlobal problem adlandıran M.Ələsgərli Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) tərkibində «Media və müəllif hüquqları» adı altında xüsusi komissiyanın fəaliyyət göstərdiyini qeyd edib:

"Qurumda müəllif hüquqlarının qorunması üçün hansı prinsiplərə əməl olunması və texnologiyaların tətbiq olunması sahəsində yeni prinsiplər hazırlayıb cəmiyyətə ötürürlər. Bu da məsələnin lokal deyil, qlobal olduğunu, dünyanın hər yerində yayıldığını göstərir. Xüsusən internetin inkişaf etdiyi bir dövrdə problem daha qabarıq meydana çıxıb. Ölkədə bununla bağlı müxtəlif vəsaitlər dərc olunub. Məsələnin aktuallığını önə çəkərək hesab edirəm ki, bu sahədə hələ əlavə vəsaitlər buraxılmalı, maarifləndirmə işləri aparılmalıdır».

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli informasiyanın yayılması zamanı müəllif hüquqlarının pozulmasının ürəkaçan olmadığını, bu cür halların aradan qaldırılmasının vacibliyini vurğulayıb. Plagiat məsələsinin Azərbaycan mediasının yaralı yeri olduğunu vurğulayan Y.Məmmədli deyib ki, bu işlə məşğul olan insanlar başqa bir müəllifin yazısını olduğu kimi öz adı ilə oxuculara təqdim edir. Heç nöqtə-vergülünü dəyişmək zəhmətinə belə qatlanmırlar.

Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və daxili nəzarət şöbəsinin müdiri İqbal Əsgərov KİV-də müəllif hüquqlarının qorunmasına təminat verən qanunlar və mexanizmlər barədə tədbir iştirakçılarını məlumatlandırıb. O, təmsil etdiyi Agentliyin KİV-lə sıx əməkdaşlıq etdiyini və bu sahədə nailiyyətlər əldə etdiyini də diqqətə çatdırıb:

Pozulmuş müəlliflik hüquqları ilə bağlı agentliyə daxil olmuş yazılı müraciətlərin müvafiq qaydada araşdırıldığını deyən İ.Əsgərov qeyd edib ki, müəlliflərin əsərlərini agentlikdə qeydiyyatdan keçirə biləcəyini və qeydiyyat prosedurunun olduqca sadə olduğunu deyib: "Belə faktlarla rastlaşmamaq üçün müəlliflər (hüquq sahibləri) ilk növbədə ölkəmizdə onlar üçün yaradılmış hüquqlarından istifadə edib, əsərlərini Agentlikdə dövlət qeydiyyatından keçirsinlər. Əsəri qeydiyyatdan keçirən hüquq sahibinə nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir. Mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır. Belə olan təqdirdə hüquqpozma halı baş verərkən məsələnin məhkəmə qaydasında daha sürətli və effektiv həll edilməsi mümkün olacaq.

Belə ki, qeydiyyat sənədləri müəllifin (hüquq sahibinin) özü və yaxud onun səlahiyyətli nümayəndəsi tərəfindən birbaşa agentliyə təqdim olunur və ya poçtla göndərilir. Fiziki şəxslərin 5 manat ödəməsi müqabilində onların müəlliflik hüquqları qorunur. Əsərləri qeydiyyatdan keçir. Əsərlə əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirildikdə müəllifə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir. «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunun müddəalarına əsasən, mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır. Əgər informasiya ümumi yayılıbsa, onun müəlliflik hüququ yoxdur. Əgər jurnalist həmin informasiyanın üzərində araşdırma aparırsa, bu, artıq müəlliflik hüququ ilə qorunan əsər sayılır. Fakt haqqında məlumatın sözbəsöz, yaxud üstüörtülü şəkildə yenidən çap olunması, digər jurnalistə məxsus olan materialın təqdimatının təkrarlanması müəllif-hüquq pozuntusu sayılır. Digər jurnalist tərəfindən aşkar edilmiş, tapılmış faktlar və məlumatlar onun icazəsi olmadan ayrı bir jurnalist tərəfindən istifadə olunursa, bu, müəllif-hüquq pozuntusu sayılır. Bu halda iddiaçının əlyazması, plyonkası və s. sübutları mövcud olmalıdır”.

İ.Əsgərov qanunvericiliklə qeydiyyatın könüllü olduğunu qeyd edir. Müəlliflər əsərlərini qeydiyyatdan keçirməkdə azaddırlar. Sadəcə, qeydiyyatın üstünlüyü müəllifin əsərinin dövlət tərəfindən təsdiqlənməsidir. Çünki bununla müəllifin həm müəllif, həm də hüquq sahibi olması təsdiqlənir. Şəhadətnaməni məhkəməyə təqdim etdikdə müəllifin əsərin ona məxsus olduğunu sübut etməsinə ehtiyac qalmır. Həm də məqalə agentlikdə depozit kimi saxlanılır”. Jurnalistlər istənilən layihələrini, araşdırma və ya publisistik məqalələrini və s. agentlikdə qeydiyyatdan keçirməkdə sərbəstdirlər. Bu addım həm də media işçilərinin müəllif hüquqlarının bir növ sığortası ola bilər. Xüsusən internet medianın sərhədlərinin bir-birinə qarışdığı bir vaxtda müəllif hüquqları ilə bağlı maariflənməyə və vaxtında addım atmağa ehtiyac var.

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) təmsilçisi Nəzirə Nurullayeva isə jurnalistlərin bir yazıya görə müəllif hüququ şəhadətnaməsi almaq üçün 5 manat rüsum ödəmək imkanlarının olmadığını deyib: "Jurnalistlər ay ərzində bir neçə müsahibə, bir neçə də araşdırma yaza bilər. Əgər hər məqaləsinin müəlliflik hüququnu almaq üçün 5 manat ödəsə, bütün qazancı ora gedəcək. Təklif edirəm ki, "copy-past” edən jurnalistlər üçün inzibati cəza metodu tətbiq edilsin.

Çıxış edən digər tədbir iştirakçıları da müəllif hüquqlarının qorunmasının KİV-lər və jurnalistlər üçün önəmini vurğulayaraq, bu sahədə mövcud olan problemlərdən danışıblar. Onlar keçirilən konfransın bu sahədə yeni proseslərə yol açacağını vurğulayıblar.

Şəymən