Onlayn sistemlə işsizlər özlərinə iş tapacaq

İqtisadçı nazirliyin bu yöndəki addımını alqışladı

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov nazirliyin işsizlər üçün onlayn sistem yaradacağını bildirib. O qeyd edib ki, bu sistem vasitəsilə istənilən maraqlı şəxs özünə iş yeri tapa biləcək.

Nazirin sözlərinə görə, oxşar sistem işçi axtaran işəgötürənlər üçün də yaradılacaq.

Onlayn sistemin tətbiqi və nə dərəcədə effektiv olması ilə bağlı "Şərq”ə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, ölkəmizdə bu gün də onlayn iş elanları var. İqtisadçının sözlərinə görə, hazırda müxtəlif kommersiya qurumlarının internet üzərindən yüzlərlə iş elanlarını görmək olur:

"Çox zaman aşağı maaşlı və o qədər də cəlbedici olmayan elanlar olur. İndi isə nazirlik bunu sistemli şəkildə və mərkəzləşdirilmiş qaydada həyata keçirmək istəyir. Təbii ki, proqram çox işlək və onlayn olsa, yəni verilən suallara həmin an aydınlıq gətirilsə və interaktiv şəkildə fəaliyyət göstərsə, insanların marağına səbəb olacaq. Burada dövlət və hökumət qurumları, əsasən büdcədən maliyyələşən qurumların iş yerlərinin vakansiyası ilə bağlı məlumatların üstünlük təşkil eləməsi vacibdir. Çünki dediyim kimi, kommersiya şirkətləri müxtəlif saytlarda işçi axtarmaqla bağlı elanlar verirlər. Yeni sistemdə interaktiv, yönləndirmə və məsləhət vermə kimi xüsusiyyətlərinin olması əsasdır. Təbii ki, işsiz insanlar internet üzərindən hansısa iş növü ilə məşğul olmaq üçün tez və keyfiyyətli məlumat əldə edəcəklərsə, bu, yaxşı bir haldır”.

Yeganə Bayramova