Onsuz da onlara hörmət qoyulmayacaq

“Xainlər qəbiristanlığı”nın yaradılması dini qaydalara uyğun deyil




Türkiyədə dövlət çevrilişinə cəhd etmiş şəxslər üçün "xainlər qəbiristanlığı” salınır. Belə bir qəbiristanlığın olacağını İstanbul Bələdiyyə başqanı Qadir Topbaş mitinqlərin birində çıxışı zamanı bildirmişdi.

"Xainlər qəbiristanlığı”nın yeri isə artıq məlum olub. Türkiyə KİV-nin yaydığı məlumata görə, "xainlər məzarlığı” Təpəörəndə, sahibsiz heyvanlar üçün yaradılmış sığınacağın olduğu yerdədir. Bu məzarlığın ilk "sakini”nin kimliyi də məlumdur. Acıbadəm muxtarını şəhid etmiş kapitan Mehmet Qarabəkir ilk olaraq həmin məzarlığa gömülüb. Qeyd edək ki, Türkiyə rəsmiləri dövlət çevrilişinə cəhd etmiş şəxslərin cənazə namazlarının qılınmacayağını açıqlamışdılar. İndi isə qiyamçılar üçün xüsusi "xainlər qəbiristanlığı” yaradıldı. Rəsmilər bildirir ki, xainlərdən hətta öz ailələri də imtina edir.

Bəs, dinimizdə "xainlər qəbiristanlığı” yaradılmasına yanaşma necədir? Dini nöqteyi-nəzərdən belə bir qəbiristanlığın yaradılması və qyiamçılara cənazə namazının qılınmaması nə dərəcədə doğrudur?

İlahiyyatçı Hacı Atif İsmayılov "Şərq”ə açıqlamasında cənazə namazı və dəfnlə bağlı islam dinində konkret qaydalar olduğunu dedi:

- İslam dini yalnız kafirlərə - Allahı inkar edənlərə və münafiqlərə - islamda olmayıb, lakin özünü müsəlman kimi göstərənlərə - ikiüzlülərə cənazə namazının qılınmamasını şərt qoyur. Bununla bağlı "Qurani-Kərim”də əziz peyğəmbərimiz (s.ə.s) ə Allah-təalanın buyuruğu var ki, münafiqlər üçün namaz qılma, onların məzarı başında dayanma. Lakin kimin münafiq olması yalnız peyğəmbər əleyhissalama aydındır, çünki ona bu barədə İlahi xəbər verilir. Biz, bir insanın münafiq olub-olmadığında səhv edə bilərik. Əgər bir insan aşkar surətdə, Allahı,

əstəğfurullah, inkar edirsə, deməli, kafir olduğunu təsdiqləyir. Bəli, bu halda o şəxsə cənazə namazı qılınması günahdır. Ancaq bir insan müsəlmandırsa və onun müsəlman olduğu təsdiqini tapırsa, o şəxs vəfat etdikdə, yaxud öldürüldükdə, fərqi yoxdur, hər bir halda onun cənazə namazı qılınmalıdır. Bu, şəri baxımdan vacibdir. Bu əməli yerinə yetirməyənlər də böyük günah etmiş olurlar. Bir müsəlman müsəlman qəbiristanlığında bütün şəri qaydalara uyğun dəfn edilməlidir. Bir müsəlmanın hansısa əməlinə görə müsəlman qəbiristanlığında dəfn edilməməsi heç bir şəri qayda-qanuna söykənmir. "Xainlər qəbiristanlığı”nın yaradılması da dini qaydalara uyğun deyil. Bu, artıq bir dövlətin tətbiq etdiyi qaydadır. Həm də bu, vəfat etmiş şəxsə hörmətsizlikdir. Mən başa düşürəm ki, "xainlər qəbiristanlığı” dövlət çevrilişinə cəhd etmiş şəxslər üçün yaradılır, onlara Türkiyə cəmiyyətində onsuz da hörmət qoyulmur, qoyulmayacaq, amma yenə də, bu, bizim dinimizə ziddir. Hörmət qoymurlarsa, xain hesab edirlərsə, o şəxslərin cənazə namazları dar bir çərçivədə, imamın, din adamının iştirakı ilə, geniş kütlənin iştirakı olmadan keçirilə bilər. Ancaq hər bir müsəlmana cənazə namazının qılınması və bütün şəri qaydalara uyğun dəfn edilməsi vacibdir. Bir insan üçün cənazə namazının qılınması və müsəlman qəbiristanlığında qaydalara riayət edilərək dəfn edilməsi onun əməlinə deyil, müsəlman olub-olmamasına bağlıdır. Lap ən qatı cinayətkar da olsa, müsəlmandırsa, zamanın din xadiminin üzərinə düşən vəzifə həmin şəxsi islam qaydası ilə dəfn etməkdir.

Məlahət Rzayeva