Ora mənim "köşəmdir"

Jurnalistikanın bel sütunlarından olan köşələrə mətbuatımızda az rast gəlinir
"Cəmiyyətimizdəki bu mediativ boşluğu ədəbiyyat doldurmalı idi, ədəbiyyatımız isə bu gün özü informasiya jurnalistikasının ağzına baxır"



Köşə yazıları müasir jurnalistikanın cəlbedici və mühüm sahələrindən biridir. Qəzet və saytların künc sütunlarında dərc olunan, siyasi, iqtisadi, sosial və digər ictimai problemlərlə bağlı müəllifin şəxsi fikirlərini ifadə edən yazılar "köşə” sayılır. Köşələr adətən günü və ya həftəni əks etdirir. Minlərlə insan köşə yazılarının əsasında özlərində siyasi və ictimai fikir formalaşdırırdılar. Məhz bu baxımdan, dünya mediasında köşə yazarları yüksək qiymətləndirilir.

Müəyyən sahədə ixtisaslaşan və ekspertə çevrilən köşə yazarları 2-4 min işarəlik yazılarında bəzən bütöv bir kitabda deyildiyindən daha çox fikir deyə bilərlər. Ekspertlərə görə, köşə yazmaq, əslində olduqca çətin və məsuliyyətli işdir. Bizim ölkədə isə vəziyyət fərqlidir. Düzdür, bizdə "mətbuatın onurğa sütunu” sayılan köşə yazarları var.

Amma köşə yazılarının sayı əvvəlki qədər çox deyil. Bu silsilədən olan yazılar azalıb. Bəs, köşə yazılarının sayının azalmasının səbəbi nədir?

Köşə yazarı Elnur Astanbəylinin fikrincə, köşə yazılarının sayının azalmasının səbəbləri müxtəlifdir: "İlk növbədə fikir rəngarəngliklərinin, polemika atmosferinin azalmasını göstərmək olar. Köşə yazarlığını cəlbedici edən mühüm məqamlardan biri budur. O, bir sütunluq monoloqa çevrilməməlidir. Tutaq ki, kimsə qəzetin, yaxud saytın bir küncündə 3-4 min işarəlik şəxsi duyğu və düşüncələrindən "moizə" oxumağa başlayırsa, artıq janr kimi də, oxucu üçün marağını itirir. Mən indi ara-sıra köşə yazılarına göz atanda daha çox bu tendensiyanı görürəm. Son illərdə məhz bu cür köşə yazıları çoxaldı, halbuki bir neçə il əvvələdək belə deyildi. Sütunluq yazılarda ölkənin ciddi problemlərinə fərqli münasibətlər olur. Köşə yazıları əksərən diskusiyalar yaradır, fikir atışmaları meydana çıxarır. Ona görə də köşə yazarlığı Azərbaycanda cəlbedicilik qazanmışdı. Artıq bu mühit yoxdur, köşə yazıları daha çox içinəqapanıq ruhda yazılır, boş fəlsəfəçilik-səfsəfəçiliklə müşayiət olunur. Odur ki, köşə yazıları daha oxucunu cəlb etmir. Bir zamanlar qəzetlərin, saytların ən oxunaqlı materiallarından sayılan sütunluq yazılar indi hava haqqında məlumat qədər maraq doğurmur. Maraq doğurmadıqda isə başqa bir səbəb aktuallaşır: köşə müəlliflərinə xərc çəkmək saytlar, qəzetlər üçün mənasız görünməyə başlayır. Əlbəttə, burada medianın maddi gücünün zəifləməsi də mühüm rol oynayır”.
Yazarın sözlərinə görə, bir neçə il əvvələdək qəzetlər, saytlar ən oxunaqlı köşə yazarlarını cəlb etmək üçün yarış içində idilər: "İndi isə heç kim pulunu bunun üçün xərcləmək istəmir".
Bütün bunları ümumiləşdirəndə bir neçə il əvvələdək ölkə mətbuatının vazkeçilməz ünsürünə çevrilmiş köşə yazarlığının indi çox kölgədə qalmasını, zəifləməsini anlamaq olar”.

Yazar Aqşin Yenisey bildirib ki, köşə yazarı mediada xüsusi mövqeyi, yeri, küncü olan bir şəxsdir. O, baş verənlərə öz mövqeyindən, küncündən baxır və ortamın necə göründüyünə onun gözü ilə baxmaq oxucular üçün xüsusi maraq kəsb edir: 

"Dünya mediasında, adətən, bu küncə cəmiyyətdə öz küncünü, yəni mövqeyini bəlli etmiş adamlar "qoyulur". Məsələn, dünyaca məşhur alimlər, Nobel almış yazıçılar və s. Bizdə belə olmadı, köşə yazarlığı üçün sadəcə, mövcud hökumətə müxalif mövqe tutmaq yetərli sayılırdı. Köşə yazarlığı dedikdə, günlük müxalif tənqidçilik başa düşülürdü. Halbuki, qonşu Türkiyədə köşə yazılarından ibarət müəllif kitabları nəşr olunur. Məsələn, bu yaxınlarda Can Dündarın köşələrindən ibarət bir kitabını oxudum. Bircə kəlmə də siyasi tənqid yox idi, hansı ki, müəllifi siyasi mövqeyinə görə bu gün sürgündədir. Müəllif fikri cəmiyyətdə həmişə müzakirə mühiti yaradır. 

Tarixə baxsaq, müəllif fikrinə qarşı həmişə maraq olduğunu görərik. Məsələn, dinimiz şairləri şeytanla işbirliyində günahlandırır. Çünki vaxtilə medianın rolunu şairlər oynayırdı. Meyxanələrdə deyilən bir qəzəl saraylarda kasıblar üçün uydurulan hansısa dini, siyasi ideologiyanı darmadağın edirdi. Ağlınız söz güləşdirən indiki müti meyxanaçılara getməsin. O vaxt ən cəsarətli yazarlar meyxanələrdən çıxırdı. Köşə yazarlarını xalqla üz-üzə qoymaq üçün əvvəlcə onlara ancaq milli mentalitetdən yazmağa icazə verdilər, sonra da qonorarlarını kəsdilər, bununla da fikri olan həqiqi müəlliflər aclıqla üz-üzə qalıb mediativ "taksavatlıq" etməyə başladılar.

Köşə yazarlarımızın əksəriyyətinə gəlincə, onlar mediaya gələnə qədər cəmiyyətdə öz fikri olmayan adamlar idi. Onların hansı fikrə düşəcəyini oxucuların mövqeyi müəyyən edirdi. Bu, yazarlıq yox, tamadalıqdır. Bəri başdan bilirsən ki, hakimiyyəti tənqid etsən oxucuların əziz-giramisinə çevriləcəksən. Bu mövqe özünə hörmət edən bir müəllif üçün ən biabırçı bir mövqedir. Köşə yazarlarımızın əksəriyyəti xalq yaltaqları idilər. Məsələn, hökumət ehsan süfrələrindəki toy ab-havasına qarşı çıxanda köşə yazarlarımız xalqın xoşuna gəlsinlər deyə, az qala, meyitə də bəylik kostyumu tikdirilməsinin vacibliyindən yazırdılar. Demək istədiyim odur ki, hətta köşə yazarlığının tüğyan etdiyi dövrlərdə də biz müəllif mövqeyi qıtlığı çəkirdik. Çünki köşə yazarı öz küncündə deyildi, məclislərin ən şıdırğı yerindən səsi gəlirdi, harda aş, orda baş idi. Köşə yazarı danışdığı dildə yox, düşündüyü dildə yazan adamdır. Söz və fikir azadlığı danışıq dilinə yox, düşüncə dilinə xas olan bir fenomendir. Danışıq dili qorxunun dilidir, o, "susmağı qızıl" adlandıran bir dildir. Nəinki köşə yazarları, bu gün Azərbaycanın şair və yazıçıları belə danışıq dilində yazırlar”.

A.Yenisey bildirib ki, yalnız köşə yazarlığı yox, bütövlükdə ədəbiyyat yoxa çıxıb: "İnformasiya jurnalistikası isə düşüncə, zövq, mövqe formalaşdırmır, əksinə, düşüncəni, zövqü, mövqeni korlamaq üçün ən yaxşı vasitədir. 

Cəmi 3-4 il bəs etdi ki, "Elm və Həyat" jurnalına abunə olan oxucularımızı "Ər arvadını başqa kişi ilə tutdu və görün nə etdi?" başlıqları ilə media maqnatı olmuş adamların gündəlik müştərisinə çevirək. Cəmiyyətimizdəki bu mediativ boşluğu ədəbiyyat doldurmalı idi, ədəbiyyatımız isə bu gün özü informasiya jurnalistikasının ağzına baxır. Məncə, biz köşə yazarlığını diriltmək üçün, ilk növbədə, ədəbiyyatı ölməkdən xilas etməliyik”.

"Modern.az” saytının əməkdaşı Namidə Bingölun fikrincə, köşə yazmaq üçün mütləq illərin media təmsilçisi olmaq lazımdır: 

"İllər öncə sevdiyim qəzetlər vardı ki, onları alıb oxuyanda köşə bölməsini də mütləq gözdən keçirirdim. Sonra elə alındı ki, saytda işləməyə başladım. Daha qəzet ala bilmədim. Həm də elə dövrdə yaşayırıq ki, hər bir qəzetin öz saytı var və qəzetdə çıxan yazılar mütləq saytda da çıxır. Köşə bölməsi də o formada davam edir. Bəziləri elə düşünür ki, köşə yazmaq sıradan bir işdir. Gündəmi izləyirsən və ona uyğun klavyaturanı işə salırsan. Heç də elə deyil. 10-15 illik media təcrübəsi olan insanlar hadisələrə bayağı yanaşma ortaya qoymur. Yazı daha peşəkar obrazda oxucunun qarşısına çıxır. Bu gün media adamları köşə bölməsinin azaldığı qənaətindədirlər. Mənə elə gəlir ki, bu, daha çox sosial şəbəkələrə ayrılan vaxtla bağlıdır. Günümüzün çox hissəsi ya "Facebook"da, ya da "İnstagram"da keçir. Halbuki, yaxşı müəllif yazıları köşə sahəsinin ən oxunaqlı hissəsidir. Burada informasiya yükü ilə yanaşı, hadisələrə fərqli yanaşma, bəzən də müttəhim obrazında mənfi qəhrəmanlar mühakimə olunur. Düşünürəm ki, bu sahədə boşluq yaranmamalıdır. Son illərdə Elçin Şıxlının, İbrahim Nəbioğlunun, Qulu Məhərrəmlinin bir qədər fərqli köşə yazılarını oxuyuram. O yazılarda illərin təcrübəsi, peşəkarlıq və zəngin mütaliə dərhal hiss olunur. Bu cür yazıların olmasını çox istərdik”.

Tanınmış jurnalist Naibə Qurbanova bildirib ki, köşə yazısı küncdən zərbə deməkdir. Müəllifin dibinə qədər bildiyi bir mövzu barədə monoloqu, ciddi bir təhlildən doğan fikirlərinin məcmusudur: "Bu janr daha çox Türkiyə jurnalistikasında geniş yayılıb. Amma orda köşə yazarları yüksək həyat təcrübəsinə, nüfuza, intellektə malik yazarlardır. Ona görə də o şəxslərin fikirləri oxucuya ağıl vermək kimi yox, səmimi həmsöhbət yanaşması kimi qəbul olunur. Gəlin, baxaq görək bizim cəmiyyətdə neçə nəfər beləsini tanıyırıq? Azdılar. Əvvəla, ümumilikdə götürsək, təhqiqat və fakta söykənən analitika janrları çox zəif inkişaf edib. Köşə yazıları isə əsasən aktual mövzuları əhatə etməli, təhlil və maraqlı keçidlərlə zəngin olmalıdır. 

Son illər mətbuatda daha çox operativliyi nəzərə almaq təhlil, araşdırma, köşə yazılarının sayının azalması ilə nəticələnib. Ən əsası cəmiyyətdə söz sahibi olmaq çətinləşib. Müəllif yazısında, köşə janrında müəllifin mübhəmliyi də əsas rol oynayır. İndi köşə yazarı qismində gördüklərimizin çoxunu tanıyırıq. Çox vaxt həmin adamların yazdığı ilə əməlləri üst-üstə düşmədiyi üçün oxucuya qeyri-səmimi gəlir. Köşə yazıları media orqanının onurğa sütunudur. Ona görə gərək əvvəlcə köşəni yazmağa iddialı şəxsiyyətlər olsun ki, köşə də olsun…”

(davamı var…)

Yeganə Bayramova