Orada üzmək qadağandır!

Su kanalı çimmək, üzmək üçün nəzərdə tutulmayıb
“İdarələr rayon ərazisindəki su hövzələrinə, kanallara nəzarət etməli, əhali arasında maarifləndirici tədbirlər aparmalıdırlar”


Su kanalları kabusa çevrilməkdədir. Məhz su kanallarında çimmək eşqinə düşdüklərindən neçə-neçə insan həyatını itirir. Sonuncu bədbəxt hadisə Ağsu rayonunda baş verib. Kürdəmir rayon sakini 22 yaşlı Firudin Vasif oğlu Əhmədov Yuxarı Şirvan kanalının Ağsunun Ərəbmehdibəy kəndi ərazisindən keçən hissəsində çimərkən boğulub.

Verilən məlumatlarda bildirilir ki, mərhum F.Əhmədov iyulun 1-də hərbi xidmətə yola düşəcəkmiş. Bu əlamətdar tarixi qeyd etmək üçün də yaxın qohumları ilə kanal kənarına istirahətə gedib. Kanal kənarında nahar etdikdən sonra çimməyə başlayıblar. Firudin Əhmədov üzməyi yaxşı bacarmadığından suyun sürətlə axan hissəsində boğulub. Ətrafdakı qohumları da ona kömək edə bilməyib.
Belə faciəli hadisələr təəssüf ki, tez-tez baş verir. Bəzən uşaqlar, yeniyetmələr, bəzənsə hətta yetkin insanlar da su kanalına baş vurmaq "sevdasına” düşür, nəticə isə ağır olur. Əslində isə su kanalı çimmək, üzmək üçün nəzərdə tutulmayıb. Daha dəqiq desək, su kanalı çimmək və üzmək üçün qadağan olunan yerdir. 

Bunu "Şərq”ə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov bildirib. O.Bayramov qeyd edib ki, FHN-in yenidən formalaşdırılmış Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yalnız rəsmi çimərliklərdə təhlükəsizlik tədbirləri həyata keçirir:

- Su kanalları Sularda Xilasetmə Dövlət Xidmətinin fəaliyyət istiqamətlərinə daxil deyil. Xidmət ancaq çimərliklərdə, həm də qanuni fəaliyyət göstərən çimərliklərdə təhlükəsizlik və xilasetmə tədbirlərini icra edir. Məsələn, istənilən vətəndaş yay mövsümü ərzində qanuni fəaliyyət göstərən çimərliklərə getsə, orada FHN-in xilasedicilərini görəcək. Xilasedicilər günün 24 saatı əraziyə, çimərliyə nəzarət edir, hər hansı hadisə baş verdikdə də vəzifələrini icra edirlər. Amma su kanalları FHN-in səlahiyyətinə aid deyil. Hər rayonun rəhbərliyi də var, su kanal idarəsi də var. Bu idarələr rayon ərazisindəki su hövzələrinə, kanallara nəzarət etməli, əhali arasında maarifləndirici tədbirlər aparmalıdırlar. Əhali birdəfəlik bilsin ki, su kanalı çimmək üçün nəzərdə tutulmayıb.

O.Bayramov qeyd etdi ki, su kanalları su axarlardır və çimmək, üzmək üçün qətiyyən uyğun yer deyil:

- Su kanalında üzmək təhlükəlidir, risklidir. Necə ki, çayda üzmək dənizdə üzməkdən daha təhlükəlidir. Çünki çayda da su axar vəziyyətdədir, insanı alıb apara bilir. Kanallar da su axarı üçün nəzərdə tutulub. Buna görə də kanalın kənarları betonlanır və sürüşkən olur. Məhz kənarlar sürüşkən olduğundan kanala düşən adam ordan çıxa bilmir, çox çətin olur kanaldan kənara çıxmaq. Kanalın içi də sürüşkən olur, insanın ayağı sürüşüb yıxıla, xəsarət ala bilər. Amma nə edəsən ki, bölgələrdə insanlar kanaldan çimərlik kimi istifadə etməyə çox həvəslidirlər.

O.Bayramov su kanalları keçən ərazilərdə xəbərdarlıqedici lövhələrin vurulmasının məqsədəuyğun olduğunu da dedi:

- İndiyədək belə lövhələr vurulmayıb. Amma düşünürəm ki, artıq bunun zamanı çoxdan yetişib. Rayon rəhbərlikləri bu məsələ üzərində işləsələr yaxşıdır. Məsələn, qadağan olunmuş, sanitar-gigiyenik tələblərə cavab verməyən çimərliklərin qarşısında "çimmək qadağandır” mətnli lövhələr vurulur. Hesab edirəm ki, su kanallarının ətrafında da bu səpkili qadağanedici lövhələr qoyulmalıdır. Bəlkə insanlarımız bir qədər ehtiyatlanar.

Məlahət Rzayeva