"Ermənilərin informasiya məkanında Azərbaycana qarşı təxribatlar törətməsinin mənası qalmadı".
Bunu "Sherg.az”a erməni mətbuatında yayılan dezinformasiyalara münasibət bildirərkən millət vəkili Elman Məmmədov deyib.
O bildirib ki, ermənilərin iddialarına baxmayaraq, Azərbaycan ordusu öz mövqelərindədir:

"Ordu vaxtaşırı təlimlər həyata keçirir, ən əsası hər zaman döyüşə hazır vəziyyətdədir. Ancaq bu günlərdə ordumuz ermənilərin qəsdən törədəcəyi təxribatların vaxtında qarşısını almağa çalışır.
Artıq tək Ermənistanda yaşayan deyil, bütün dünyadakı ermənilər ayağa qalxıblar, cinayətkar rejimi devirmək üçün birləşiblər. Ermənistan adlı dövlət bu gündən sonra mövcud olmaq istəyirsə, canilərdən ibarət olan idarəçiliyi ləğv etməlidir. İndi həmin məqamdır, ermənilər cinayətkar klanın oyunlarını dərk edirlər.
Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması üçün yeganə çıxış yolu qonşularla sülh şəraitində yaşamaqdır. Ermənistandakı hərbi xunta rejimi isə buna imkan vermir. Sarkisyan istefa verdi, ordu da xalqın tərəfinə keçib. Azərbaycana qarşı yönələn təxribatlar, yayılan dezinformasiyalar xalqın diqqətini iğtişaşlardan yayındırmaq məqsədi daşıyırdı. Halbuki erməni KİV istəyinə nail ola bilmədi”.
Qeyd edək ki, Ermənistan mətbuatında guya qoşunların təmas xəttinə yaxın ərazilərdə Azərbaycan Ordusunun canlı qüvvə və döyüş texnikasının aktiv hərəkəti barədə xəbərlər yayılıb.
Azərbaycan Müdafiə Nazirliyi isə bu məlumatları təkzib edib. Nazirlikdən bildirilib ki, son günlər Ermənistanda güclənən kütləvi xalq etirazlarından ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə kriminal hərbi-siyasi rejim bu cür çirkin yalan və təxribat xarakterli müxtəlif məlumatlar yayır.
Aysel Aslan