Orta məktəblərdə ilkin tibbi yardım xidməti varmı və ya şagirdin ölməsinimi gözləyək?

Kamran Əsədov: "Məktəb direktorları dövlət tərəfindən məktəbə verilmiş tibbi preparatları, avadanlıqları apteklərə xəstəxanalara, fərdi şəxslərə satırlar"Adil Qeybulla: "3 yaşlı uşaq üçün ürək dayanması xarakterik hal deyil. Əgər həqiqətən, ölümə səbəb ürək tutmasıdırsa, bu çox nadir hadisədir"
"Həmin yeniyetmənin ürəyin hansı patologiyasından dünyasını dəyişdiyi dəqiq araşdırılmalıdır”.
Bunu "Sherg.az”a 6-cı sinif şagirdinin ürək tutmasından dünyasını dəyişməsinin tibbi əsaslarını izah edərkən tibb elmləri doktoru, professor Adil Qeybulla söyləyib. 
O diqqətə çatdırıb ki, hadisə məktəbdə baş verdiyinə görə, meyit mütləq məhkəmə tibbi ekspertizadan keçməlidir:
"Həmin yeniyetmənin ölümünə səbəb həqiqətən, ürək tutmasıdırmı, yoxsa, hansısa güclü zəhər, başqa yad təsirmi olub ki, onun qəfləti ölümünə gətirib çıxarıb? Bu dəqiqləşdirilmədən diaqnoz qoymaq düzgün deyil. 13 yaşlı uşaq üçün ürək dayanması xarakterik hal deyil. Əgər həqiqətən, ölümə səbəb ürək tutmasıdırsa, bu çox nadir hadisədir. Yeniyetmənin bu probleminin əsasında ciddi faktorlar dayanır. Məsələn, Çeyn-stok sindromu, ürəyin elektrik dayanması kimi patologiyalar yeniyetmənin ölümünə səbəb ola bilər. Bundan başqa, anadangəlmə damar problemi, tromplaşma ehtimalı da istisna deyil. Bütün hallarda ölümün birbaşa səbəbini məhkəmə tibbi ekspertizası müəyyən etməlidir”.
Yeniyetmə yaşında müşahidə olunan qəfləti ölümlərdən narahatlığını ifadə edən professor vurğulayıb ki, belə hadisələrin səbəbləri ciddi araşdırılmalıdır:
"Bu hal mövcud ekoloji problemlər, qida təhlükəsizliyinin lazımi səviyyədə olmaması kimi məsələlərlə bağlıdırsa, mütləq tədbirlər görmək lazımdır.
Hər bir uşaq poliklinika sistemində nəzarətdə olmalıdır. Həmçinin, məktəblərdə uşaqların tibbi arayışı var. Xüsusilə, valideynlər uşaqların səhhəti ilə bağlı diqqətli olmalı, tibbi problemi, ürək-damar xəstəlikləri olan uşaqlar mütləq nəzarətdə saxlanmalıdır. Dünyasını dəyişən yeniyetmədə hansısa problemlər olub. O birdən-birə ölməyib. Yəqin ki, valideynlər diqqətsiz yanaşıb, həkim yoxlaması olmayıb”.
Qəfləti ölüm hadisəsinin orta məktəbdə baş verməsi məktəblərdə ilkin tibbi yardım göstərən mütəxəssislərin olmaması problemini də gündəmə gətirib. Tarixçi-alim, təhsil eksperti Kamran Əsədov xatırladıb ki, qaydalara əsasən, orta məktəb binaları şagirdlərə tibbi yardım göstərilməsi üçün həm kadr hazırlığı, həm də tibbi preparatlarla təmin olunmalıdır:
"Halbuki Azərbaycandakı 4472 orta ümumtəhsil məktəbindən çox az hissəsində tibbi xidmətlər göstərilir. Orta məktəblərdə tək tibbi yardım göstərilməsi deyil, şagirdlərə ilkin tibbi yardım bacarıqlarının öyrədilməsi də vacibdir. Bu məsələ təmin olunmadığına görə, orta məktəbi bitirən şəxslər ilkin tibbi yardım göstərilməsində çətinlik çəkirlər. Adi həyatda, yolda, ailədə, küçədə hər hansı bədbəxt hadisə ilə qarşılaşdıqda, ona müdaxilə edə bilmirlər.
Qanunvericilikdə deyilir ki, fiziki problemi olan şəxslər ümumi şagirdlərlə birlikdə deyil, xüsusi nəzarətdə saxlanılır. Dövlətin tələb etdiyi hansısa şagirdin, epilepsiya, ürək-damar xəstəliyi, qıcolma kimi problemləri olan şagirdlərin daimi nəzarət altında təhsil almasıdır. Övladımızı tədris prosesində təhsil müəssisəsinə etibar edirik. Məktəbdə övladımıza ilkin tibbi yardım göstərəcək mütəxəssis yoxdursa, nəyə lazımdır o məktəb? Bağlayaq, getsin. Hərəkətə keçmək üçün onlarla şagirdin məktəbdə ölməyinimi gözləməliyik?”
Orta məktəblərin tibb xidmətləri barədə problemlərində direktorların günahkar olduğunu diqqətə çatdıran ekspert deyib ki, məktəb direktorları dövlət tərəfindən məktəbə verilmiş tibbi preparatları, avadanlıqları apteklərə xəstəxanalara, fərdi şəxslərə satırlar:
"Orta məktəblərdə tibb xidmətlərini yerinə yetirən şəxslər də var. Amma onlar bəzən qeyri-ixtisaslı adamlar olurlar, kadr hazırlığını bəhanə gətirən direktorlar məqsədli şəkildə kimlərisə ora gətirir. Direktorlar orta məktəblərdə tibbi xidmətlərin həyata keçirilməsinə düzgün nəzarət etməlidir. Anket sorğusu keçirməli, şagirdlərdə mövcud olan tibbi problemləri, xəstəlikləri araşdırmalıdırlar. Bu və ya digər şəkildə ciddi xəstəliyi olan şagirdlər xüsusi nəzarətə alınmalıdır. Qeyri-peşəkar olduqları halda direktor vəzifəsində oturan şəxslərin uşaqlarımızın ölümünə bais olmasına imkan verə bilmərik.
Yekun olaraq, orta məktəblərdə tibbi, psixoloji, təhlükəsizlik məsələləri çox bərbad haldadır. Baş verən bədbəxt hadisələr çox ciddi siqnaldır. Yəni artıq addım atmaq mütləqdir. Ən azı hər kənddə bir təcili tibbi yardım, bir yağınsöndürmə, bir polis maşını olmalıdır ki, fövqəladə hadisələr zamanı müdaxilə gecikməsin”.
Qeyd edək ki, Şəmkir rayonu Çənlibel kənd orta məktəbində vəfat edən 6-cı sinif şagirdi, 2005-ci il təvəllüdlü Məhərrəmov Elgün Gündüz oğlunun ölümünün səbəbi ilə bağlı ekspert rəyi açıqlanıb. İlkin rəyə görə, şagirdin ölümünə səbəb ürək tutması olub.
Aysel Aslan