Otel otağı...
Elə otellər var ki, qaydaları özü tərtib edir Çətin dövrdə yaşayırıq, hər bir vətəndaş turistlərlə davranışlarında ehtiyatlı olmalıdır
Xalq yazıçısı Anarın ssenarisi əsasında mərhum rejissor Rasim Ocaqovun ekranlaşdırdığı "Otel otağı” filmində ürəyi xəstə Kərim müəllimin Türkiyədə qaldığı otelin otağında vəfat etməsi çox təsirli səhnələrdəndir. Paytaxtımızın Nəsimi rayonu ərazisindəki "Boutique” hotelində, çox şükür, ölüm hadisəsi baş verməyib. Döyülmə faktı qeydə alınıb. "Report”un məlumatına görə, ölkəmizə Bəhreyndən gəlmiş turist qaldığı otel otağına qonaq qismində dəvət etdiyi azərbaycanlı qadını döyüb. Faktla bağlı hazırda Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.
Bəhreynli turistin otel otağına azərbaycanlı qadını niyə dəvət etməsi, qonağı olan qadını niyə döyməsi, hətta qadının ərəb turistə necə, hansı qisimdə qonaq olmasının üstündən keçirik. Kimsənin şəxsi işinə qarışmaq, nədəsə suçlamaq hüququmuz yoxdur. Bəlkə kimsə "qədim peşə” sahibidir, çörək pulunu bu yolla çıxarır. Kimin üçünsə, bu yol çirkin, qadağan olunmuş, hətta cinayət tərkibli də ola bilər. Amma elələri var ki, bu peşə ilə dolanmaqdan başqa çarələri olmadığını deyir və ölkəyə gələn varlı turistlərə gəlir mənbəyi kimi baxır. Daha başlarına sonra nələr gəlir, bununla da işimiz yoxdur. Ərəb turistlər barədə zaman-zaman mənfi xarakterli müxtəlif informasiyalar yayılıb. Ərəb turistlərin "pulum varsa, ixtiyar sahibiyəm, kefim nə istəsə edərəm” prinsipi ilə hərəkət etdiyi də deyilir. Bunun üzərində çox dayanmaq istəmirik.
Məsələnin diqqətçəkən tərəfi otellərin, mehmanxanaların iş prinsipi ilə bağlıdır. Hansı hallarda kənar şəxslərin otelə girişinə və oteldə otaq kirayələmiş şəxsə qonaq olmasına icazə verilir? Otellərin qapısı, əstəğfurullah, məscid qapısıdır məgər, hər gələn içəri daxil olsun?
Təsadüfi insanlar əli silahlı da ola bilər, otelə təhlükəli əşyalar da gətirə bilər. Yəni, hər cür real təhlükə yaradılar.
Ötən ilin avqustunda İstanbul şəhərindəki otellərdən birində türkiyəli məşhur aparıcı və aktyor Vətən Şaşmaz keçmiş model sevgilisi tərəfindən odlu silahla qətlə yetirildi. Hələ də araşdırmalar gedir ki, odlu silahı otel mühafizəsindən necə yayındırıb içəri keçirib. Belə bədbəxt hadisələr az baş vermir.
Otellərə giriş-çıxışda hansı qaydalar mövcuddur?
İqtisadçı Fuad İbrahimov "Şərq”ə açıqlamasında qeyd etdi ki, otellərdə gözləmə salonu, görüş üçün kafe və barlar, qonaqları qarşılamaq üçün xüsusi məkanlar olur. Oteldə qalan şəxsin yanına qonağın gəldiyi bilinirsə, qonağı xüsusi olaraq belə görüşlər üçün nəzərdə tutulmuş məkana ötürürlər, görüş də orada baş tutur. Otellərdə işgüzar görüşlər üçün xüsusi zallar, otaqlar da olur. Konfrans zalları olan otellər də var.
Bu baxır otelin səviyyəsinə. Elə otellər var ki, kənar şəxslərin otelə daxil olmasına icazə verilmir. Görüşmək istənilən adamı da aşağı - hola dəvət edirlər. Ümumiyyətlə, beynəlxalq standartlara cavab verən otellərdə qonağın aldığı otağa başqa birisinin icazəsiz daxil olması qadağandır. Hətta qonaq özü dəvət etmədikcə, təmizlikçilər də otağa daxil olmur. Kənar şəxslərin otaqlara daxil olması sırf təhlükəsizlik baxımından yasaqlanır.
Otel inzibatçıları şəxslər arasındakı münasibətləri bilmir. Bəlkə onlardan biri digərinə zərər vermək üçün dəvət edib. Bütün bu nüansları nəzərə alaraq kənar şəxslərin otel otaqlarına girişinə qadağa qoyulur. Dünyada standartlar müxtəlifdir. Elə yerlər var, oteldə qonaq qəbul etməyə gündüz saat 12:00-dan axşam 23:00-dək icazə verilir. Oteldə icazə verilən və verilməyən hallarla bağlı da daxili təlimatlar tərtib edilir. Siqaret çəkməyin qadağan olduğu yerlər də göstərilir. Bəzi otellərdə səs diapozunun da hüdudu müəyyən edilir.
Başqa müsafirlər narahat olmasın deyə, gecə saat 12-dən sonra səs salmaq, ucadan danışmaq qadağan edilir. Bu qayda və qadağalar otellərin səviyyəsinə görə dəyişir. Beynəlxalq otelçilik təlimatlarına uyğun fəaliyyət göstərən otellər də var, qaydaları özü tərtib edən otellər də.
Elə otellər də var ki, gəlib-gedənin kimliyi, hansı səbəblə gəldiyi ilə maraqlanmır, otel istifadəçisi qonaq adıyla kimisə çağırıbsa, sorğu-sualsız, heç bir məhdudiyyət qoymadan içəri keçməsinə icazə verirlər.
Ərəb ölkələrindən gələn turistlərlə bağlı bəzən narazılıqlar yaranmasına gəlincə, F.İbrahimov vətəndaşlarımıza diqqətli olmağı tövsiyə etdi:
- Son illərdə görürük ki, turizm sektoru inkişaf edir. Azərbaycan dövləti turizmin inkişafını prioritet sahə hesab edir. Ölkəmizə gələnlərin sayı da getdikcə artmaqdadır. Bu, əlbəttə, bir azərbaycanlı kimi hamımızı sevindirir. Çatışmazlıq xidmət sahəsi ilə bağlıdır. Turistlərin sayı artır, amma xidmət səviyyəsi olduğu kimi qalıb: irəliləyiş, inkişaf lazım olan səviyyədə deyil. Ərəb turistlərin ölkəmizə axınının güclənməsinə isə malik olduqları valyutanın dönərliyidir. Dünyada bir neçə ölkə var ki, valyutaları digər ölkələrdə də maneəsiz işlənir. ABŞ dolları da bunlardan biridir. Ərəblər də, əsasən ABŞ dollarından istifadə edirlər.
Azərbaycanda dollarla sərbəst alış-veriş edə bildiklərindən bura gəlməkdən çəkinmirlər. Manatın ucuzlaşması da turistlərin gəlişini şərtləndirən amillərdəndir. Narazılıqların olmasını təbii qəbul edirəm. Mümkündür, kimsə onlardan narazı ola bilər. Amma mənfi davranışları bütün ərəblərə şamil edə bilmərik. Bizim soydaşlarımız arasında da Rusiyanın hansısa şəhərində, vilayətində qanunazidd hərəkətlər edənlər olur.
Bu o demək deyil ki, azərbaycanlıların hamısı belədir. Kimsə bir nəfərə görə azərbaycanlıdılar haqqında mənfi fikir söyləsə, bu, bizi də qıcıqlandırar, incidər. Sadəcə, mən öz vətəndaşlarımıza müraciət etmək istəyirəm ki, turistlərlə davranışlarında diqqətli, ehtiyatlı olsunlar. Çətin bir dövrdə yaşayırıq. Arxayın olmayınca, kiməsə etibar etməsinlər.
Məlahət Rzayeva