
Oxumaq onlara çox yaraşırdı...
Səfurə və Aysel səhnəni niyə tərk etdilər?
Səhnə qəribə bir cazibə qüvvəsinə sahibdi. Bu məkana bir dəfə ayaq qoydunsa onun sehri səni ovsunlayır, xəstə edir. Xüsusilə çox gənc yaşında səhnə həyəcanı yaşayanlar, o cazibədar səhnə işığından uzaqlaşa bilmir. Bəzən seçim qarşısında olanlar da çox zaman səhnəni ailəyə qurban verməli olurlar. Əslində səhnədə olan bir çox xanımların şəxsi həyatı məhz bu seçimlə dəyişmiş olub. Kimisi səhnədən uzaq qala bilməyib, kimisi də şəxsi həyatını səhnəyə qurban verməyib.
Potensialı, səs imkanları, fakturası, görünüşü ilə kifayət qədər diqqət cəlb gənc ifaçılarımızın adını çəkmək olar ki, səhnə fəaliyyətlərinin ən parlaq dönəmində səhnəni tərk ediblər. Bu gün səhnədə olsaydılar bəlkə daha böyük layihələrə imza atmış olardılar. Hər halda onlar getməyə üstünlük veriblər.
Elə "Evrovizion” müsabiqəsinin iki tanınmış xanım iştirakçısı, məhz ailə qurduqdan sonra səhnədən uzaq düşdülər. Hər ikisi potensialları böyük olan gənc, istedadlı xanımlar idilər.
Söhbət Aysel Teymurzadə və Səfurə Əlizadədən gedir...

"Evrovizion” mahnı müsabiqəsinin iki parlaq ulduzu səhnə fəaliyyətlərinin ən parlaq dönəmində səhnədən getdilər. Hər iki xanım sənətçi Azərbaycanda nüfuzlu, ictimai həyatda kifayət qədər tanınan ailələrin gəlinləri oldular. Ailə həqiqətən həyatda insanın əldə edib qoruya biləcəyi ən böyük xəzinədir. Bəli bununla razılaşmamaq mümkün deyil. Amma istedadı olan insanların əslində həyatlarının bir parçası da elə səhnə olur. Onlar səhnədən kənarda sudan çıxmış balığı xatırlada bilirlər. Bəlkə də yanılırıq. Amma böyük səhnə arzuları ilə yaşayanlar hər zaman səhnədə, sənət aləmində olmağı arzularlar. Bəzən bunu dilə gətirməsələr belə, onlar səhnədə daha parlaq, daha xoşbəxt görünə bilirlər. Çünki belələri əslində elə səhnə üçün yaranmışlar hesab edilirlər.
Səfurə Əlizadə də bir çoxlarının səhnədə görmək istədiyi sənətçilərdən idi. Gənc olmağına baxmayaraq onda olan potensial düşünməyə imkan verirdi ki, bu gənc xanım hələ səhnədə daha böyük uğurların sahibi ola bilər.
Onun səhnə görünüşü, performansı, tamaşaçı ilə ünsiyyəti, səhnəni əlinə almaq və idarə etmək bacarığı, repertuarı digərlərindən çox fərqləndirirdi. Elə Aysel Teymurzadə barədə də eyni sözləri demək mümkündü. Amma hər ikisi ailə qurduqdan sonra səhnədən uzaqlaşdılar. Görən doğrudanmı onlar səhnədən getməyi ürəkdən istədilər? Ya sadəcə gəlin olduqları ailələrin qayda-qanunları onları səhnədən uzaq tutmağa məcbur buraxdılar. Hər iki xanım kifayət qədər kübar insanlarla ailə qurduqları üçün düşünmək olar ki, bəlkə də istəsəydilər yenə də səhnə fəaliyyətlərini məhdud çərçivədə də olsa davam etdirə bilərdilər. Bəlkə də onlarla ailə qurulanda birmənalı şəkildə seçim qarşısında qala biliblər. Ya səhnə, ya ailə seçimində, onlar ailə dəyərlərinə üstünlük veriblər.
Əslində başadüşünləndi. Bəlkə də bu gün yaşadıqları qlamur, kübar və bir qədər də maraqlı həyat tərzi onları səhnədən uzaq saxlamaq üçün səbəb ola bilib. Bugünkü yaşam tərzləri, bəzilərinin xəyal belə edə bilmədiyi yaşam tərzi səhnədən uzaq qalmaq üçün yetərli görünə bilər. Amma yenə də sənət aləmində olanlar musiqiyə o qədər bağlı olurlar ki, səhnə onlar üçün ən böyük arzu məkanı sayılır. Şəxsi həyatlarında nə qədər xoşbəxt olsalar da, yenə də səhnə üçün darıxa, səhnədə olanlara baxanda bir anlıq köks ötürə bilirlər.
Onlar doğrudanmı sənəti şəxsi həyatlarına qurban verdilər? Suallarımıza SOY Prodakşın rəhbəri Oqtay Əliyev cavab verdi. Nəzərə alsaq ki, Oqtay Əliyev "Yeni ulduz” layihəsinin uzun illər rəhbərlərindən olub və adlarını çəkdiyimiz hər iki xanım ifaçı da "Evrovizion”a qədər məhz "Yeni ulduz” layihəsinin iştirakçısı olub, onda onun bu barədə danışmağa imkanı daha böyükdü. "Şərq”ə danışan Oqtay Əliyev
"Mən onu deyim ki, Səfurə çox bacarıqlı, çalışqan və istedadlı bir xanımdı. Əminəm, bilirəm ki, o bu gün də o yanğı ilə, səhnə yanğısı ilə yaşayır. Amma neyləsin? İstədiyi vaxt konsert vermək gücü və imkanı da var. Konsert versə nə dəyişər? Bu gün konsertə gedən də yox, disk alan da yoxdu. Səfurə sadəcə, boşa xərcləmək istəmir. Qaldı bu gün konsert verənlərə, səhnədə olanlara əmin olun ki, ancaq toy bazarı üçün çalışır. Sənətçilərin böyük əksəriyyəti sənət adı ilə səhnədə deyillər. Sənət üçün nəsə etmirlər. Müğənnilərin demək olar hamısı, ortada olub nəsə etmək istəyənlər də ancaq toy tutmaq üçün çalışırlar. Müğəninin bir qazanc yeri var, o da toydu. Səfurənin də toya gedib pul qazanmağa ehtiyacı yoxdu. Eləcə də Aysel Teymurzadə toydan pul qazanmaq üçün səhnədə ola bilməz. Onun da toydan pul qazanmağa bu gün qətiyyən ehtiyacı yoxdu. Bəli onlar istəsələr, konsert də verərlər, layihə də ortaya qoyarlar.
Mən əminəm ki, Səfurənin bunları etmək imkanı yetərincədir. Aysellə ünsiyyətim yoxdu, yəni o vaxtdan görüşməmişik, Amma Səfurə ilə əlaqələrimiz qalıb, hal-əhval tuturuq. Mənə elə gəlir ki, Səfurə bu gün uşaqların tərbiyəsi üçün zaman ayırmaq istəyir. Ola bilsin ki, bir müddət sonra Səfurə səhnədə maraqlı layihələr təqdim edər. Demirəm bəzi müğənnilər kimi hər gün efirdə görünməyə can atar. Amma necə deyərlər içində olan səhnə ehtiyacını ödəmək üçün ildə bir-iki layihə ilə efirdə, səhnədə görünə bilər. Birdəki, qlamur həyatı qeyd etdiniz. Əmin olun ki, Səfurə düşünülən qlamur həyat yaşamır. Yəni o qızı subay vaxtından necə tanımışamsa, bu gün də elə qalıb.
Əvvəllər də bacısı ilə xaricə dincəlməyə gedərdi, xarici ölkələrdə olan qohumları ilə görüşürdü, bu gün də eyni həyatı yaşayır. Səfurə üçün böyük mənada heç nə dəyişməyib. Səfurə o həyatdan gözü qamaşan xanım deyil deyə dəyişən nəsə yoxdu. Amma razıyam ki, çox potensialı olan, istedadlı, musiqi duyumu güclü, iddialı bir sənətçidi. Mənə elə gəlir ki, bir müddət sonra Səfurə maraqlı layihə ilə yenə də gündəmdə ola bilər”.
Tahirə