“Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn”




Ölkəmizin sosial-iqtisadi konsepsiyasının əsas istiqamətlərindən biri yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin olunması və rifah halının yüksəldilməsidir. Bu istiqamətdə dövlətimiz müntəzəm tədbirlər görməkdədir. Əmək qabiliyyətli hər bir vətəndaşın səmərəli məşğulluğu üçün şərait yaradılması ölkə başçısı İlham Əliyevin apardığı siyasətin əsasını təşkil edir. Bu siyasətin icrası olaraq ölkədə əmək tutumlu sahələrin yaradılması və çoxsaylı iş yerlərinin açılması əmək resurslarının səmərəli məşğulluğunun təminatında əhəmiyyətli rol oynayır. Mübaliğəsiz olaraq qeyd etməliyik ki, respublikamız vətəndaşların sosial-iqtisadi cəhətdən rahat yaşayışının təmin olunması sahəsində ciddi praktiki addımlar atan nadir ölkələrdən biridir.

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi əsas hədəflər sırasında yoxsul ailələrin ünvanlı sosial yardımdan asılılığını tədricən aradan qaldırmaq, həmin ailələrin mövcud potensiallarını nəzərə almaqla onların özünütəminetmə imkanlarına sahib olmasına şərait yaratmaq da var. Dövlət başçısının "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli sərəncamı vətəndaşlarımızın özünüməşğulluğuna şərait yaradılmasını nəzərdə tutan yeni bir keyfiyyət mərhələsi oldu. Sərəncama uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6 milyon manat vəsait ayrılıb. Nazirlik Sərəncamın icrası yönündə mühüm tədbirlər görməkdədir. Sərəncam aztəminatlı ailələrin məşğulluğu və əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərin artmasına, əlavə iş yerlərinin yaradılmasına, gələcəkdə vergi və sosial sığorta ödəyicilərinin çoxalmasına, digər tərəfdən kiçik və orta sahibkarlığın inkişafına geniş imkanlar yaradıb. Proqram aztəminatlı ailələrin özünüməşğulluğunun dəstəklənməsi istiqamətində və onların fərdi təsərrüfatlarını inkişaf etdirərək gələcəkdə uğurlu ailə bizneslərini quracaqlarına əminliyini ifadə edir.

Xatırladaq ki, respublikamızda yoxsulluğun azaldılmasına yönələn tədbirlərlə yanaşı olaraq, eyni zamanda, 2006-cı ilin ortalarından etibarən ölkədə ünvanlı sosial yardım sistemi tətbiq edilir və özlərindən asılı olmayan səbəblərdən yoxsulluq şəraitində yaşayan hər bir vətəndaş ünvanlı sosial yardım proqramına cəlb olunaraq dövlətin yardımından faydalanır. 

Bu istiqamətdə aparılan tədqiqatların nəticələrinə görə, Azərbaycanda sosialyönümlü proqramların icrası üçün ayrılan vəsaitlərin xərclənməsinin effektivlik göstəriciləri digər ölkələrlə müqayisədə daha yüksəkdir. Belə ki, ünvanlılığın səmərəliliyi sahəsində Azərbaycan MDB ölkələri arasında qabaqcıl yerlərdən birini tutur. Müxtəlif ölkələrdə ünvanlı yardım tipli proqramlar məhz xarici donorlar hesabına maliyyələşsə də, Azərbaycanda bu proqram məhz dövlət tərəfindən icra edilir və ünvanlılıq səviyyəsi çox yüksəkdir. Ona görə də Dünya Bankının və digər aparıcı maliyyə təşkilatlarının nümayəndələri tərəfindən ölkəmizin bu sahədə təcrübəsinin təqdirəlayiq olduğu dəfələrlə vurğulanıb.

Şübhəsiz ki, ünvanlı yardım proqramı özlərindən asılı olmayan səbəblər ucbatından yoxsulluq şəraitində yaşayan ailələrin yaşayışında mühüm rol oynayır, onları yoxsulluğun çətinliklərindən xilas edir. Lakin öz mahiyyəti etibarilə bu, passiv və müvəqqəti xarakterli yardımdır və uzunmüddətli şəkildə belə yardımların verilməsi həmin vətəndaşlarda dövlət yardımlarından daimi asılılıq yarada bilər. 

Ona görə də Prezident İlham Əliyevin müəyyənləşdirdiyi əsas hədəflər sırasında yoxsul ailələri aktiv sosial müdafiə tədbirlərinə cəlb etməklə onların yaşayışının ünvanlı sosial yardımdan asılılığını tədricən aradan qaldırmaq, həmin ailələrin mövcud potensiallarını nəzərə almaqla onların özünütəminetmə imkanlarına sahib olmasına şərait yaratmaq da var. Bu səbəbdən də qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün həyata keçirilməsi vacib olan tədbirlər müəyyən potensiala malik yoxsul ailələrin şəxsi təsərrüfatlarını inkişaf etdirmək imkanı qazanmasına, aztəminatlı vətəndaşın tədricən yoxsulluqdan sahibkarlığa doğru irəliləyişinə hesablanıb. 

Bu baxımdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial müdafiə sistemində yeni addım kimi, aztəminatlı ailənin məşğulluq potensialını reallaşdırmağa və onun sosial reabilitasiyasına xidmət edən aktiv tədbirlərə xüsusi önəm verir. Hələ bir neçə il əvvəl nazirlik mütərəqqi dünya təcrübəsinə istinad edilməklə, aztəminatlı ailələrin potensial imkanları müqabilində şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələri, beləliklə, gəlirlərini artırmaları üçün onlara aktiv şəkildə dəstək verilməsi, nəticədə onların dövlətin sosial yardımından asılılığının aradan qaldırılması və yoxsulluqdan çıxmalarına şərait yaradılması üçün birdəfəlik ünvanlı sosial yardım - "Özünədəstək” proqramı hazırlayıb.

"Ailə təsərrüfatımızın qurulması üçün imkan yaradılıb”

Özünüməşğulluq proqramının iştirakçısı olan Nadir Muştaqov 2016-cı ilin 1 aprel tarixinədək Qəbələ rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alındığını, özünüməşğulluq proqramında iştirak etmək üçün müraciətinin müsbət qəbul edildiyini bildirib: "İlk növbədə ailəmiz adından Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk ki, bizim məşğulluğumuzun təmin olunması, ailə təsərrüfatımızın qurulması üçün belə bir əlverişli imkan yaradılıb. Bizə verilən materiallardan düzgün və məqsədyönlü şəkildə istifadə edərək, təsərrüfatımızı daim genişləndirməyə, gəlirlərimizi artırmağa çalışacağıq. Bunun üçün təlim kurslarında da lazımi biliklər əldə etmişik”.

"Biznes qurmağı qarşımıza məqsəd qoymuşuq”

Proqramın digər iştirakçısı Tehran Rüstəmov çoxdandır ki, öz ailə təsərrüfatını qurmaq arzusunda olduğunu, lakin maddi imkanı olmadığından bunu edə bilmədiyini qeyd edib: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin bizlərə diqqət və qayğısı nəticəsində mənim bu arzum reallaşdı. İndi öz ailə təsərrüfatımız var və buna çox sevinirik. Yeni qurduğumuz bu təsərrüfatı ildən-ilə inkişaf etdirməyi, özümüzə gəlirli bir biznes qurmağı qarşımıza məqsəd qoymuşuq və bu məqsədə də çatacağıq”.

"Ailə sahibkarlığına böyük diqqət var”

Milli Məclisin üzvü, deputat Aydın Mirzəzadə ölkə başçısının imzaladığı Sərəncamda mühüm kompleks məsələlərin əks olunduğunu deyib. Uzun illərdən bəri aparılan islahatlar nəticəsində regionlarımızın inkişaf etdiyini bildirən millət vəkili yeni iş yerlərinin açılmasını və əhalinin işlə təmin olunmasını, həmçinin ölkədə yoxsulluq səviyyəsinin sürətlə azalmasını diqqətə çatdırıb: "Azərbaycanda sahibkarlığın və regionların sosial-iqtisadi inkişafının nəzərə alınmasına böyük diqqət edilir. Bank sektorunun sahibkarlara kredit verməkdə maraqlı olması və həmin kreditin güzəştli şərtlərlə verilməsi, verginin sahibkar üçün sərfəli olması, kiçik sahibkarlığın, xüsusilə də ailə tipli sahibkarlıq müəssisələrinin yaradılması Sərəncama daxil olan kompleks məsələlərdəndir. Əlbəttə ki, sərəncam əhalinin müəyyən ixtisasa və peşəyə sahib olmasında olduqca böyük əhəmiyyət daşıyır. Cənab Prezidentin bu sərəncamı ilə yeni iş yerlərinin yaradılması vacib bir məsələ kimi gündəmə çıxarılır və bütün regionları əhatə edir. İlk növbədə işsizliyin müəyyən qədər çox olduğu regionlar xüsusi diqqətdə saxlanılmaqdadır. Həmçinin gənclərin və peşəsi olmayan digər şəxslərin müəyyən peşəyə yiyələnməsi, kiçik sahibkarlıqla məşğul olanlara dəstəyin verilməsi, kənd təsərrüfatında məhsul istehsalına diqqət edilməsi Sərəncamın əsas priroitetlərindən biridir. Şübhəsiz ki, dövlətimiz üzərinə düşən vəzifəni yerinə yetirir. Sərəncamda həmçinin Azərbaycanın milli valyutası olan manatın stabilliyinin qorunub saxlanılması istiqamətində addımların atılması da nəzərdə tutulub. Deyə bilərik ki, artıq 2017-ci ildə cənab Prezidentin digər vacib Sərəncamları imzalaması ilə müsbət nəticələr əldə edilib. Bu gün regionlarda iş yerlərinin yaradılması ilə bağlı ciddi addımlar atılır. İri şirkətlər regionlarda filiallarının açılmasında, investisiyaların qoyulmasında maraqlıdır. Həmçinin kiçik sahibkarlıq və ailə sahibkarlığına qarşı böyük diqqət və qayğı var. Hazırda ölkəmizdə vergi və gömrük sahəsində siyasətin şəffaf aparılması sahibkarın öz fəaliyyətini sabaha inamla qurmasına səbəb olur. Hər il ölkəmizdə yüz minlərlə yeni iş yerlərinin açılması, orta əmək haqqının qalxması Azərbaycan dövlətçiliyinin qazandığı uğurlardan hesab edilə bilər”.

"Özünüməşğulluğun təmin edilməsində dövlət siyasəti”

Konstitusiyanın 35-ci maddəsinə görə, "Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir”. Həmin maddənin digər müddəasına görə isə "İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır”. Bundan başqa, 2001-ci ilin iyun ayında "Məşğulluq Haqqında” Azərbaycan Respublikası Qanunu, 2006-2015-ci illər üçün "Azərbaycan Respublikasının məşğulluq strategiyası”, 2007-2010-cu illər üçün "Azərbaycan Respublikasının məşğulluq siyasətinin həyata keçirilməsi üzrə Dövlət Proqramı” və "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” qəbul edilib. Bununla da işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, səmərəli məşğulluq siyasətinin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılması və yüksək beynəlxalq standartlara uyğun işgüzarlıq mühitinin formalaşdırılması istiqamətində addımlar atılıb.
Ölkə başçısı İlham Əliyev əhalinin məşğulluğunun təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərin mahiyyətini izah edərək deyib: "Bizim bütün işlərimizin təməlində və mərkəzində insan amili dayanır. Hesab edirəm ki, bu, hər bir dövlət üçün ən vacib yanaşmadır. Çünki hər şey insan üçün edilir. Onun azadlığı, təhlükəsizliyi, sağlamlığı, işlə təmin edilməsi, rahat yaşaması dövlətin başlıca qayğısıdır. Hesab edirəm ki, bu istiqamətdə də böyük addımlar atılıb, uğurlar əldə edilib. Azərbaycan vətəndaşları azad cəmiyyətdə yaşayırlar. Onlar bütün azadlıqlara malikdirlər və öz dövlətinin gücünü artırmaq üçün çalışırlar. Kimin imkanı yoxdursa, dövlət öz dəstəyini göstərməlidir. Azərbaycan vətəndaşları bilir ki, onların arxasında güclü dövlət dayanır. O dövlət ki, onları heç vaxt darda qoymaz və hər bir məsələdə onlara arxa-dayaq olacaq. Çünki belə də olmalıdır. Bax, bu siyasət gələcəkdə davam etdirilməlidir ki, Azərbaycanda sosial ədalət heç vaxt pozulmasın və bizim ənənələrimiz davam etsin. Hər bir cəmiyyətin əsasları onun dəyərləridir. Dəyərlər üzərində qurulan cəmiyyətlər sağlam cəmiyyətlərdir. Ona görə dövlətimiz əhalinin özünüməşğulluğunun təmin edilməsi ilə bağlı diqqət və qayğısını daim göstərməkdədir. Hər zaman yeni şəraitlər yaradılır və əminəm ki, xalqımız rahat yaşayacaq”.

İnanırıq ki, görülən tədbirlər sayəsində Azərbaycanda işsiz insanların sayı minimuma enəcək və hər bir vətəndaş ölkəmizin iqtisadi baxımdan daha da inkişaf etməsi istiqamətində lazımi addım atacaqlar.

Yeganə Bayramova

Yazı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.