“Padişah”ın çayı “zəhərə” döndü

Satıcı xanımla mübahisəmiz nəticəsiz qaldı
Eyyub Hüseynov isə deyir ki, sahibkar müştəriyə zorla nəsə təklif edə bilməz



Kafe və çay evlərində müştərilərə şirniyyat, tort, pirojna, mürəbbə təklifləri adi hal alıb. Çay içmək istəyən müştəri mütləq gərək şirniyyat da sifariş etsin. Əks halda, ona "nəzakətlə” qapını göstərəcəklər.

Belə halla bayram günlərində biz də qarşılaşdıq. Bahar bayramını keçmiş tələbə yoldaşlarımızla qeyd etmək fikri ilə gəzintiyə çıxmışdıq. Görüş yerimiz həmişəki kimi metronun "Elmlər Akademiyası” stansiyasının qarşısı oldu. Bir yerdə əyləşib çay süfrəsi arxasında söhbətləşmək istədik. Üz tutduq "Padişah” kafesinə. Zahiri görüntüsü ürəkaçan idi. Amma daxildə ürəkbulandıran durumla üzləşdik. Satıcı xanıma çay içmək istədiyimizi dedik. Xanım satıcı "buyurun, yaxşı şirniyyatlarımız var: tort, pirojna, şəkərbura, paxlava...” Bayram şirniyyatlarından artıq doyduğumuzu xatırladıb, "sadə çay içəcəyik, limonla” söylədik. Elə bil içəcəyimiz çay satıcı xanımın başına töküldü. Sir-sifətini turşudub "Dedim axı, şirniyyatlarımız var. Sadə çay verilmir”. Satıcı ilə bir az mübahisə də etdik. İstehlakçı hüquqlarımızı qabartdıq, mədəmizin şirniyyat qəbul etmək istəmədiyini və sair və ilaxır, hamısını dedik. Xanım isə kor tutduğundan əl çəkmədiyi kimi, inadından dönmədi. Biz də çıxış yolunu "Padişah”ı tərk etməkdə gördük. Müştərini razı salmamağın cəzası qazanclarını itirmələri oldu. Çay axtara-axtara bir-iki kafeyə də baş çəkdik. Sonunda "insaflı” sahibkar tapıldı. Limonlu-qəndli çay içə bildik. Fincanı 1 manata.
Xatırlayırsınızsa, ötən yay mövsümündə bir qrup gənc parklarda fəaliyyət göstərən kafelərdə çayın baha qiymətə satılmasına etiraz olaraq "Termosuma toxunma!” adlı fləşmob keçirmişdilər.

Təşkilatçılar tədbirlə bağlı sosial şəbəkədə belə yazmışdılar:

"Bildiyiniz kimi şəhərin mərkəzi küçələrindəki kafelərdə çay içmək həddən artıq bahadır. Şəhərdə oturub çay içmək yemək sifarişindən baha başa gəlir. Xüsusilə Bulvarda... Bir də istəmədiyimiz halda süfrəyə gətirib mürəbbə, şirniyyat qoyurlar. Düşündük ki, bu məsələni qabartmaq məqsədilə hərə özü ilə bir termos və bir neçə stəkan gətirsin və özümüz üçün çay dəstgahı quraq. Hətta ordan keçən digər vətəndaşlara da çay süzüb paylayaq. Dostlarınızı da dəvət edin, gəlib çayımızı içsinlər”.

Fləşmob yayın qızmar günlərində - iyul ayında keçirilmişdi. Düşünmək olardı ki, bundan sonra sahibkarlar istehlakçı hüquqlarına hörmətlə yanaşmağı öyrənəcəklər. Amma "Padişah”dakı məlum olay çay probleminin hələ də həll olunmadığını göstərdi.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı "Şərq”ə açıqlamasında bildirdi ki, müştərinin sərbəst seçim hüququ var:

- Bütün dünyada qəbul olunmuş istehlakçı hüquqları var. İstehlakçı seçimində sərbəstdir. Heç kim, heç bir sahibkar, satıcı müştərini nəsə almağa məcbur edə bilməz. Satıcı nəyisə zorla satmamalıdır. Bu nə deməkdir ki, şirniyyat almasanız, çay yoxdur?! Belə anormal vəziyyət ancaq bizim şəhərdə mümkündür. Dünyanın heç bir ölkəsində belə qayda-qanun yoxdur ki, müştəri çay içmək istəyirsə, mütləq şirniyyat, tort, ya da konfet, mürəbbə də almalıdır. Əslində, bizdə də belə qanun yoxdur. Siz hər hansı ictimai iaşə obyektində belə bir qaydanın yazıldığını görə bilməzsiniz. Bu, mümkün deyil. Sadəcə, bizim bəzi sahibkarlar onlar üçün yaradılmış münbit şəraitdən sui-istifadə edirlər. Cənab Prezident sahibkarlıq subyektlərinin sərbəst fəaliyyəti üçün hər cür imkanlar yaradıb. Sahibkarların hüquqları qorunur. Amma təəssüf ki, bəziləri bundan sui-istifadə edir. Və istehlakçının hüquqlarını pozurlar.

Kafe, restoran, əyləncə mərkəzi, şadlıq sarayı və s. bu kimi xidmət obyektləri müştəriyə yalnız menyü təqdim etməlidir. Orada bütün xidmət növlərinin dəyəri göstərilməlidir. Çayın fincanı neçəyədir, konfet, mürəbbə və yaxud şirniyyatların qiyməti neçədir. Eləcə də yeməklər, salatlar, içkilər və s. Müştəri menyüyə baxıb istədiyini sifariş edir.

Sahibkar müştəriyə zorla nəsə təklif edə bilməz. Buna onun hüququ yoxdur. Amma bizdə təəssüf ki, bu hallar təkrarlanır. Sahibkarlar müştərinin zəif tərəfindən "vurur”. Tutalım, bir oğlan qızla çay içməyə gəlir, qızın yanında pərt olmamaq üçün şirniyyatdan imtina edə bilmir. Satıcı da fürsətdən yararlanıb masanın üzərini doldurur. Bəzi insanlarda da müəyyən komplekslər var. Utanırlar, desinlər ki, şirniyyat istəmirəm. Elə bilir, yanındakı, pula görə imtina etdiyini düşünəcək. Məgər çay içəndə şirniyyat da yemək məcburiyyətimiz var?!

E.Hüseynov bildirdi ki, istehlakçı hüquqlarının pozulması ilə bağlı dəfələrlə əlaqədar dövlət orqanlarına müraciət edib:

- Bizə bu məsələ ilə bağlı çoxsaylı şikayətlər olur. Biz də öz növbəmizdə dəfələrlə dövlət orqanlarına yazılı müraciətlər etmişik. Lakin dövlət orqanlarının heç birindən bir tərpəniş, bir hərəkət görməmişik. Bizə öz hərəkətsizliklərini sübut edən cavablar göndərirlər. Hesab edirəm ki, bu, istehlakçı hüquqlarının kobud pozuntusudur. İqtisadiyyat Nazirliyi bu istiqamətdə rasional və səmərəli iş aparmır. Bundan əlavə ölkədə turizmin inkişafına da böyük maneədir. Heç bir Avropa şəhərində siz belə halla qarşılaşa bilməzsiniz ki, çay, hansısa içki sifariş etdikdə yanında nəsə başqa təamı zorla sırımağa çalışsınlar.

E.Hüseynov oxşar təzyiqlərlə üzləşən istehlakçılara İqtisadiyyat Nazirliyinin 195-2 saylı "Qaynar xətt”inə zəng etməyi məsləhət gördü:

- Qoy vətəndaş bu nömrəyə zəng etsin. Cavab almasa da, bu, vətəndaşın öz hüquqlarını müdafiə etdiyini göstərəcək. Zorla mürəbbə, şirniyyat satdıran kafe və çayxanalarla mübarizə aparılmalıdır.

Məlahət Rzayeva