Nazirlərin gündəliyində Qarabağla bağlı diqqətçəkən məqamlar ola bilər
Gözləyək görək, Paris görüşündən sonra tərəflərin açıqlamaları nə olacaq
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş yanvarın 16-da Fransa paytaxtı Parisdə keçiriləcək.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, danışıqlar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə baş tutacaq. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək. Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.
Yerli politoloqlar isə XİN başçılarının növbəti görüşündən də müsbət heç nə gözləmirlər.
Politoloq Tofiq Abbasov "Şərq"ə verdiyi açıqlamada deyib ki, Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin görüşü adətən təsnifat xarakteri daşıyır və prezidentlərin görüşünə hazırlıq mərhələsidir:
"Hazırkı mərhələdə ortada Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirə predmetinə çevriləcək konkret bir mövzu yoxdur. Ermənistanın hakimiyyəti dəyişsə də, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti dəyişməyib. Ölkə daxilindəki vəziyyət də ötən aylarda olduğu kimi gərgin olaraq qalıb. Üstəlik də erməni əsgərləri qoşunlarımızla təmas xəttindəki təxribatlarını davam etdirir. Əgər bir müddətdən sonra baş nazir Paşinyan regiondakı real vəziyyəti dəyərləndirib sülh yolu ilə münaqişənin həllini istəsə, konkret fikirlər ortaya qoysa, bu cür görüşlərdən effektiv nəticələr gözləmək olar. Düşmən həll prosesini uzatmaqla Azərbaycan tərəfini usandıraraq, vəziyyətdən çıxmağa çalışır. Ancaq Azərbaycan mövqeyindən dönən deyil.
Gözləyək görək, Paris görüşündən sonra tərəflərin açıqlamaları nə olacaq. Bəlkə də XİN başçılarının özlərinin gündəliyində diqqət çəkən məqamlar var. Lakin istənilən halda ciddi bir irəliləyiş gözlənilmir. Faktiki olaraq mənəvi və siyasi baxımdan Ermənistan sülh prosesinə hazır deyil. Blokada vəziyyətində qalan Ermənistan Gürcüstan üzərindən dəhliz açmaq istəyir. Erməni hakimiyyəti başa düşmək istəmir ki, Azərbaycanın razılığı olmadan heç bir region dövləti Ermənistana dəhliz açılması ideyasını reallaşdırmayacaq. Azərbaycan Gürcüstanı neft və qazla təmin edən əsas ölkə olduğundan gürcü hökumətinin Azərbaycanın strateji maraqlarına zidd olan addımlar atması inandırıcı deyil.
Onlar Azərbaycanın bu dəhliz məsələsinə biganə qalmayacağını bilir. Bunun fonunda Ermənistanla münasibətlərdə gürcü hökuməti Azərbaycanın torpaqlarının işğalı faktını kənara qoymamalıdır. Deməli, iqtisadi blokadadan çıxmaq üçün Ermənistanın yeganə yolu Azərbaycanla sülh masasına oturmasıdır. Bu zaman Türkiyə ilə münasibətləri formalaşan Ermənistan ağır vəziyyətdən çıxa bilər. Yox əgər Paşinyan da öz sələflərinin məkrli siyasətini davam etdirəcəksə, Azərbaycan "B” planını işə salıb radikal addımlar atmalı olacaq”.
Şəymən