İnsan alveri gəlir gətirən cinayət əməlidir, erkən nikahlar isə tam başqa sosial problemdir
Millət vəkili Elmira Axundova Milli Məclisin ötən iclasında erkən yaşda ərə verilən qızların da insan alveri qurbanlarının siyahısına salınmasını təklif edib. İnsan Alverinə qarşı Mübarizə üzrə milli koordinatoru, daxili işlər nazirinin birinci müavini, general-leytenant Vilayət Eyvazov isə erkən nikahları insan alverinin predmetinə aid etməyi mümkün saymadığını deyib. Milli koordinator eyni zamanda ilbəil erkən nikah hallarının sürətlə azaldığını deyib.
İnsan alveri üzrə milli koordinatorla həmrəy olduğunu vurğulayan "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova millət vəkillərinin insan alveri ilə erkən nikah arasındakı fərqi görmədiyinə təəssüfləndiyini deyib: "İnsan alveri gəlir gətirən transmilli cinayət əməllərindən biridir. Erkən nikahlar isə tam başqa sosial problem hesab olunur və bu, birbaşa stereotiplərlə bağlıdır. Ən azından bu mövzunu parlament səviyyəsində qaldırmazdan əvvəl məlumatlı olmaq lazım gəlir.
Amma erkən yaşda ərə verilən qızdan nə gəlir götürülə bilər? O qız uşaq yaşında ikən ərə verilir. Uşaq yaşlarından həyatın bütün ağırlıqlarını çiyinlərində daşımağa başlayır”.
Hər iki problem üzrə ayrıca mübarizə tədbirlərinin görülməsinin vacib olduğunu vurğulayan hüquq müdafiəçisi deyib ki, erkən nikah qurbanı nə vaxtsa insan alveri qurbanı ola bilər: "Erkən yaşda ərə verilmək o deməkdir ki, yeniyetmə qızın uşaqlığı əlindən alınır. Erkən yaşda ərə verilən qız o halda insan alverinin qurbanına çevrilə bilər ki, qızı nə valideynləri qəbul edir, nə də ərə verildiyi ailə. Ərə verilən qız rəsmi nikahda olmadığı üçün onun uşağının sənədləri də olmur. Uğursuz nikahı olan gənc qız iqtisadi cəhətdən əziyyət çəkir. Belə olan halda, o tip qızları istənilən cinayətə cəlb etmək olur. Amma bu sadəcə, ehtimal olunandı”.
Milli koordinatorun ilbəil erkən nikahların sayının azalması ilə bağlı fikirlərini təsdiqləyən Birlik sədri bildirib ki, təqib məsələsi gündəmə gələndən bu yana insanlar erkən nikahlarla bağlı kifayət qədər ehtiyatlı davranırlar. Amma bu hələ problemin tam çözülməsi demək deyil. Sadəcə azalma müşahidə olunur. Mehriban xanımın dediyinə görə, erkən nikahlar bir növ ictimai şüur məsələsidir: "Bir çox ölkələrdə insanlar qanunvericiliyi öyrənir və icra mexanizminə əməl edir. Amma biz bir o qədər də qanunpərəst deyilik. Əks halda, insanlar erkən nikahlarla bağlı tövsiyələrə əməl edərdi. Ancaq biz qanundan daha çox stereotiplərdən asılıyıq. Ona görə də indiki situasiyada erkən nikahlar probleminin aradan qaldırılması üçün maarifləndirmə xarakterli tədbirlərdən daha çox cinayət məsuliyyətinin sərtləşdirilməsi effektiv ola bilər”.
Şəymən