Parlamentdə İran tənqid “atəşinə” tutuldu
Oqtay Əsədov: “Onlar necə siyasət aparacaqsa, elə də adekvat cavab alacaqlar”
Milli Məclisin dünən növbədənkənar keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin” və "Qız Qalası” qalası hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsi haqqında parlamentin sədr müavini Valeh Ələsgərov məlumat verib. Sazişdə qeyd edilib ki, hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz sərhəd çayı üzərində "Xudafərin” və "Qız Qalası” qalası hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərəcəklər.
İran tərəfi hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsini bu saziş əsasında aparacaq. Hidroqovşaqların və su elektrik stansiyalarının qorunması, istifadəsi və saxlanılmasına görə məsuliyyət bərabər şəkildə tərəflərin üzərinə düşür. İran mövcud şəraitdə, BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü bərpa olunanadək bu məsuliyyəti fors-major halları istisna olmaqla, öz üzərinə götürür. Tərəflərin "Xudafərin” və "Qız Qalası” qalası hidroqovşaqlarının su ehtiyatlarından istifadə etməsi bərabərlik prinsipi əsasında həyata keçiriləcək və hər bir tərəfin su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi həmin ölkəyə məxsus olacaq. Azərbaycana məxsus "Xudafərin” və "Qız Qalası” su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi Azərbaycanın ərazi bütövlüyü bərpa olunanadək qarşılıqlı razılaşma əsasında yalnız İran ərazisində istifadə edilə bilər. Azərbaycan tərəfi bu su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisini qarşılıqlı razılaşma əsasında tranzit ötürmək hüququna malikdir. Hər ilin sonunda Azərbaycan tərəfinin enerji payı Birgə Texniki Komissiya tərəfindən müəyyən olunacaq və tariflərin razılaşdırılması yolu ilə hesablaşma aparılacaq.
Spiker Zahid Oruca məsləhət verdi: "Hər yazılan yazıya inanma”
Sazişin təsdiq edilməsi barədə qanunun müzakirəsi zamanı bir çox millət vəkili, İranın Ermənistanla isti münasibətlərinin xoş olmadığını söyləyiblər.
Millət vəkili Zahid Oruc deyib ki, 1990-cı illərdə İran "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisini Azərbaycan torpaqlarını işğal edən Ermənistanla birgə həyata keçirmək istəyirdi: "O zaman ümummilli lider Heydər Əliyev buna çox sərt reaksiya verdi. O baxımdan, indi Azərbaycan və İran arasında belə sazişin imzalanması və təsdiq edilməsi təqdirəlayiqdir. Mən hazırda İran və Ermənistan arasında münasibətlərin strateji səviyyəyə qaldırılmasına, viza rejiminin ləğvinə, İran Prezidenti Həsən Ruhaninin Ermənistana səfərə hazırlaşmasına diqqət çəkmək istəyirəm. Təbii ki, Ruhaninin Ermənistana səfərə gedib-getməməsi barədə məsləhət vermək niyyətindən uzağam. Amma dünyada müsəlmanların himayəçisi kimi çıxış etməsinə baxmayaraq, İrandan Azərbaycan torpaqlarının işğalına Fələstin məsələsinə olduğu kimi münasibət görmürük. Nüvə problemi dövründə Azərbaycanın İrana qarşı platsdarma çevrilməsinə yol verilmədi. İran Azərbaycanla dost münasibət qurmaq, yoxsa fərqli yol seçmək istəyir? Ötən dövr ərzində Azərbaycandan İrana ancaq dostluq münasibəti göstərilib. Hesab edirəm ki, İran yenidən öz Ermənistan siyasətinə göz gəzdirməlidir”.
Spiker Oqtay Əsədov deputatı hər yazılan yazıya inanmamağa çağırıb: "Mətbuatda gündə bir şey yazılır. Mən inanmıram ki, Həsən Ruhani Ermənistana səfər edəcək”.
"İranın Ermənistanla əməkdaşlığı, hətta silah-sursat verməsi bu ölkənin öz tarixində qara ləkə kimi qalacaq”
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa isə bildirib ki, saziş təsdiq edildikdən sonra İrana Azərbaycan torpaqlarının işğaldan azad edilməsində birgə iştirak təklif olunmalıdır: "İran Azərbaycanın İsraillə münasibətlərindən narahatdır. Amma Azərbaycan aprel savaşında
işğalçı Ermənistana bu silahlarla zərbə endirdi. Biz İranın Azərbaycan siyasətinin dəyişəcəyinə təsir edən istiqamətləri formalaşdıra bilərik. İranın tarixi ənənəsi odur ki, Azərbaycanın müstəqilliyində, möhkəmlənməsində maraqlı olmayıb. 1918-ci ildə Azərbaycan müstəqillik əldə edəndə də İran Azərbaycan adına qarşı çıxıb, müstəqilliyimizi tanımayıb. Biz torpaqlarımızı işğaldan azad edəcəyik. Lakin İranın Ermənistanla əməkdaşlığı, hətta silah-sursat verməsi bu ölkənin öz tarixində qara ləkə kimi qalacaq. Parlament tribunasından bu məsələnin səsləndirilməsi vacibdir”.
Parlament sədri O.Əsədov da İranla bağlı bəzi məsələlərin həllini tapmalı olduğunu söyləyib: "Amma İran parlamentində Azərbaycanla bağlı bu cür çıxış etmirlər. Məsələlərin öz həlli yolu var. Bu sazişlərin təsdiq edilməsi də bununla bağlıdır”.
"İran necə əli ilə Azərbaycan uşaqlarının, qadınlarının, qocaların qanına batmış Serj Sarkisyanın əlini sıxır?”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev İranın Azərbaycanın torpaqlarını işğal edən Ermənistanı ən yaxın müttəfiqi adlandırdığını xatırladıb: "İran rəsmiləri söhbətlərində bildirirlər ki, siz niyə İsraillə əməkdaşlıq edirsiniz?! Biz İsraillə ona görə əməkdaşlıq edirik ki, İsraildən silah alaq və torpaqlarımızı işğaldan azad edək. Bəs İran Ermənistanla niyə əməkdaşlıq edir? Əməkdaşlıq edir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlasın?! Hesab edirəm ki, şeyxülislam Allahşükür Paşazadə İranın dini liderinə müraciət etməlidir ki, İran necə əli ilə Azərbaycan uşaqlarının, qadınlarının, qocaların qanına batmış Serj Sarkisyanın əlini sıxır? Qarabağda məscidlərimizin çoxu donuzxanaya çevrilib, biz niyə buna qarşı susmalıyıq? Bu gün İran rəhbərliyinin Azərbaycana qarşı yürütdüyü siyasət dost siyasəti deyil. Əslində Azərbaycanla dostluq münasibətləri İranda sabitliyə, regionun inkişafına xidmət edən amildir. İran orada yaşayan 30 milyon azərbaycanlının milli kimliyinə hörmət etməyəcəksə, bunun acı nəticəsini görəcək”.
Spiker deputata cavab olaraq bildirib ki, İran müstəqil dövlətdir: "İran necə siyasət aparacaqsa, Azərbaycan tərəfdən də elə adekvat cavab alacaq”.
"Vaxtilə bizə təzyiq etdilər ki, Rusiyaya qarşı siz də embarqolara qoşulun”
"İranla Ermənistan arasında olan münasibətlər bəllidir və hər bir dövlətin özünün xarici siyasəti var. Kim Azərbaycana deyə bilər ki, ABŞ-la münasibətləri düzgün qurmalısan? Vaxtilə bizə təzyiq etdilər ki, Rusiyaya qarşı siz də embarqolara qoşulun. Lakin biz buna etiraz etdik”. Bu sözləri isə hakim Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, deputat Novruzov səsləndirib. Millət vəkili bildirib ki, İran Azərbaycanın qonşusudur və bizim dost münasibətlərimiz var: "Biz hər hansı bir dövlətlə münasibət quranda ətraf müdaxiləni qəbul etmirik. Hər bir ölkə ilə bərabər münasibətlər qurmağın tərəfdarıyıq. Misal olaraq, bu yaxınlarda Prezident İlham Əliyevin İrana səfəri oldu və orada bir sıra vacib əhəmiyyətli qərarlar qəbul edildi. Unutmaq lazım deyil ki, Naxçıvan blokadadan azad ediləndə İranın köməyi olub”.
S.Novruzov İran və Ermənistan arasındakı məsələnin xristian və müsəlman nöqteyi-nəzərindən yanaşılmasının tərəfdarı olmadığını deyib: "Burada söhbət müsəlmançılıqdan yox, müttəfiq ölkələrdən gedir. Ona görə də yanaşma tərzimizi başqa cür qurmalıyıq. Hansısa bir ölkə ilə bağlı fikir bildirən zaman həmin məsələni diqqətlə araşdırmaq lazımdır. Ermənistana dəmiryolunun çəkilməsi və hər hansı bir yardımın olunmasının əleyhinəyəm. Bu, qəti şəkildə qəbul oluna bilməz. Çünki Ermənistan işğalçı dövlətdir. Amma kiminsə bir başqasını öz ölkəsinə dəvət etməsi bu dövlətlərin daxili işidir. Biz heç kimin işinə qarışa bilmərik. Hər bir məsələnin axırı müqavilələrlə, sülhlə bitməlidir. Biz belə müqavilələri bağlamaqla ölkələrimiz daha da yaxınlaşır. Ümumiyyətlə, Ermənistanı çıxmaq şərti ilə digər qonşularımız haqqında fikir bildirəndə dediklərimizə diqqət etməliyik”.
Xanım millət vəkili Bundestaqa etiraz məktubu göndərilməsi təklifini verdi
Xanım millət vəkili Qənirə Paşayeva da İranın Ermənistanla strateji müttəfiqliyinin doğru olmadığını söyləyib. O bildirib ki, bir müsəlman dövləti olaraq İranın Ermənistana nəfəslik verməsi düzgün deyil.
Q.Paşayeva bununla yanaşı, iyunun 2-də Almaniya Parlamentində qondarma erməni soyqırımı yalanları ilə bağlı qəbul edilən qərar barədə danışaraq, etirazını bildirib. Deputat Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupu tərəfindən Almaniya Bundestaqına, Almaniya parlamentində fəaliyyət göstərən Almaniya-Azərbaycan parlamentlərarası dostluq qrupuna bunun doğru olmamasını özündə əks etdirən etiraz müraciətinin göndərilməsini təklif edib: "Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun müraciətində Almaniya parlamentinin qondarma erməni soyqırımı yalanları ilə bağlı qərar qəbul etməsinin böyük təəssüf və narahatlıq doğurması öz əksini tapmalıdır. Eyni zamanda vurğulanmalıdır ki, bu addım Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində ATƏT-in Minsk Qrupunun üzvü olan Almaniyanın neytral, obyektiv mövqe sərgiləyəcəyinə böyük zərbədir.
Spiker əsəbiləşdi: "Hər kəsin bildiyini saat yarım danışmaq nəyə lazımdır axı?”
Sonda spiker O.Əsədov deyilən fikirlərin eyniliyindən şikayətlənib: "Burda İran haqqında fikirlər səsləndirildi. Demək olar ki, hamımız eyni sözləri deyirik. Hər kəsin bildiyini saat yarım danışmaq nəyə lazımdır axı? Ortaya nə çıxdı, heç nə. İndi İran hansı siyasəti yürüdürsə, bu onun daxili işidir. Bizim də daxili siyasətimiz var, o siyasətə uyğun da hərəkət edirik. İran Azərbaycanın maraqlarına əks hansı siyasəti aparacaqsa, Azərbaycan da adekvat reaksiyasını verəcək. İndi saziş haqqında danışılmaq əvəzinə, İranın Ermənistanla münasibətlərindən danışırıq. Parlamentin nizamnaməsinə baxın, orada ancaq qanun haqqında müzakirə aparılmalı olduğu göstərilib. Bu gün iki ölkə arasındakı sazişlər müzakirə edilir, İran-Azərbaycan münasibətləri deyil. Bir də bayaq Fazil müəllim (Fazil Mustafa - A.B) bir səhvə yol verdi. Dedi ki, Qarabağın işğaldan azad olunması üçün İran bizə kömək etməlidir. Bildirmək istəyirəm ki, Azərbaycan torpaqlarını azad edəcək, buna yetərincə ölkəmizin gücü var. Başqa kimsənin köməyi lazım deyil”.
Bununla yanaşı, O.Əsədov deyib ki, bu ilin avqust ayında İran Prezidenti Həsən Ruhani Azərbaycana səfər edəcək: "Ayrı-ayrı mənbələrə istinadən Həsən Ruhaninin Ermənistana səfər edəcəyini söyləyirsiniz, ancaq Azərbaycana planlaşdırılan səfəri barədə danışmırsınız”.
Müzakirələrdən sonra millət vəkilləri İranla saziş layihəsinə səs verərək qanunu qəbul ediblər.
Anar Bayramoğlu