"Paşinyan başa düşdü ki, danışıqların bərpası Ermənistan üçün də vacibdir"

Fikrət Sadıqov: "Çünki o, İrəvanın sərt ritorikası qarşısında Azərbaycanın hərbi gücünü işə salacağını gördü"
"Ermənistan baş naziri Nikol Paşinyan küçə mitinqlərində boş şüarlar səsləndirməklə hakimiyyəti idarə etmək arasında ciddi fərq olduğunu anlamağa başlayır”.
Bunu "Sherg.az”a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib.
Politoloq bəyan edib ki, ölkəyə rəhbərlik etmək böyük məsuliyyət tələb edir. Onun fikrincə, Paşinyanın mövqe dəyişikliyində bir sıra amillərin rolu var:
"İlk növbədə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti və prinsipial mövqeyi baş naziri sərsəm fikirlərdən daşındırdı. Rəsmi Bakı konkret şəkildə bəyan etdi ki, qondarma rejimin üçüncə tərəf kimi danışıqlar prosesinə cəlb olunmasından söhbət belə gedə bilməz. Ən əsası isə düşmən ölkə bizim hərbi gücümüzün fərqinə vardı. Bir müddət əvvəl keçirilən hərbi parad, sərhəd zonasında keçirilən genişmiqyaslı hərbi təlimlər, Azərbaycanın Türkiyə ilə birgə atdığı addımlar düşmən tərəfi sağlam mövqe sərgiləməyə yönləndirdi”.
Professor bu məsələdə bir sıra ölkələrin və beynəlxalq strukturların təsirini də istisna etməyib:
"Paşinyanın bir sıra Avropa ölkələrinin rəhbərləri, o cümlədən Rusiya prezidenti Vladimir Putinlə görüşməsi, son olaraq dövlət başçısı İlham Əliyevlə ayaqüstü söhbəti erməni baş naziri danışıqlara sövq etdi. Nəhayət, Ermənistanın indiki rəhbərliyi münaqişənin həlli ətrafında müzakirə aparmağın əhəmiyyətini anlamağa başladı. 
Çünki Paşinyan başa düşdü ki, müharibədən uzaq durmaq və danışıqları bərpa etmək məhz Ermənistanın özü üçün vacibdir. Çünki o, İrəvanın sərt ritorikası qarşısında Azərbaycanın hərbi gücünü işə salacağını gördü”.
İsmayıl