“Paşinyan Qərb qarşısında götürdüyü öhdəliklər ucbatından Rusiyadan uzaqlaşır”

Tural Abbaslı: “Bu da Azərbaycana Qarabağ məsələsini öz maraqları çərçivəsində həll etmək üçün yeni imkanlar yaradır”



"Ermənistanda gözlənilən parlament seçkilərini öz xeyirinə başa vurduqdan sonra Paşinyan yenə də populist və sərsəm ritorikasına dönəcək”.

Bunu "Sherg.az”a açıqlamasında Ağ Partiyanın başqanı Tural Abbaslı deyib.

Partiya sədrinin sözlərinə görə, BMT kimi mötəbər bir qurumun tribunasından Azərbaycana ərazi iddiaları edən bir siyasətçidən ağıllı və məntiqli nəsə gözləmək əbəsdir:

 "Hesab etmirəm ki, Paşinyan Ermənistan siyasətini tək başına idarə edə biləcək gücdə və səlahiyyətdə olsun. Onu həmin posta gətirənlər qarşısında öhdəliklər qoyublar. Bu məsələ siyasi karyerasının sonuna qədər baş naziri izləyəcək. Bir çox məsələlərdə Paşinyanı hətta siyasi marionetka da adlandırmaq olar. Odur ki, mən Ermənistan rəhbərliyində kimin olmasından asılı olmayaq, ancaq və ancaq öz ordumuza güvənməyin, hər an hərbi əməliyyatlara hazır olmağın tərəfdarıyam. 

Doğrudur, bu gün Paşinyan Qərb qarşısında götürdüyü öhdəliklər ucbatından Ermənistanın əsas hamisi olan Rusiyadan uzaqlaşır. Bu da Azərbaycana Qarabağ məsələsini öz maraqları çərçivəsində həll etmək üçün yeni imkanlar yaradır. Rusiya-Ermənistan, Türkiyə-Rusiya münasibətlərinin yeni mərhələyə keçməsindən səmərəli şəkildə yararlanmağa çalışmalıyıq. Bu fürsəti lazımı şəkildə dəyərləndirə bilsək, yeni uğurlar qazanacağımıza əminəm. İstənilən halda, heç bir şəkildə Ermənistanın səmimiliyinə inanmaq və arxayın olmaq olmaz”.

İsmayıl