Paşinyanın ATƏT-in sənədlərindən xəbəri yoxdur
Ermənistan rəhbərliyinin söylədikləri beynəlxalq hüquq normalarına da ziddir
Azərbaycan Prezidenti İlham Əliyevin ATƏT-in baş katibi Tomas Qremingerlə görüşü zamanı müzakirə edilən əsas məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin həlli oldu. Bu da təsadüfi deyildi. Çünki məhz ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçidir və üzərinə müəyyən öhdəliklər götürüb.
Ona görə də dövlət başçısı görüşdə bildirdi ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyanın fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar təəccüb doğurur və prosesə zərbə vurur. Xüsusilə, "Azərbaycan qondarma Dağlıq Qarabağ Respublikası ilə danışıqlar aparmalıdır" tezisi qəbuledilməzdir. Bu, Ermənistan rəhbərliyinin danışıqları pozmaq istəməsinin açıq göstəricisidir. Azərbaycanın işğal edilmiş rayonlarının, guya, qondarma Dağlıq Qarabağ Respublikasının tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır.
Ümumiyyətlə, Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşür. Paşinyan özündən əvvəlki Ermənistan rəhbərləri kimi Qarabağ münaqişəsindən hər vəchlə yararlanmağa, hakimiyyətinin ömrünü uzatmağa çalışır. Növbədənkənar parlament seçkilərinin keçirilməməsi də məhz buna hesablanıb. Paşinyan xalqa verdiyi vədləri yerinə yetirə bilməyib. Nə daxili, nə də xarici siyasətdə uğur qazanıb.
Bu səbəbdən "uğur" qazanmağın yolunu Qarabağ münaqişəsi ilə bağlı bir-birini təkzib edən bəyanatlar verməkdə görür. Gah deyir ki, qondarma rejim tərəf kimi danışıqlara qoşulmalıdır, gah da deyir ki, onun təsəvvüründə Qarabağ Ermənistana birləşdirilməlidir. Əlbəttə, bu sayıqlamalar bu günə kimi aparılmış danışıqların ruhuna, beynəlxalq qanunvericiliyin tələblərinə, prinsiplərinə tamamilə ziddir.
Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib ki, Ermənistan hökuməti başını itirib. Onlar ölkənin ağır vəziyyəti və Qarabağ yükünün təsiri altında nə etdiklərinin fərqinə varmırlar: "Ermənistan bununla ilk növbədə özünə ağır bir fəlakət gətirdiyinin incəliyini hələ hiss etmir. Bu gün Azərbaycanla Ermənistan arasında yerlə göy arasındakı qədər fərq var. Şübhəsiz ki, Azərbaycan tərəfdən buna çox ciddi reaksiya olacaq. Eyni zamanda, dünya bu məsələyə biganə qalmamalıdır. Dünya BMT-nin və digər beynəlxalq təşkilatların üzvü olan bir ölkənin orta əsrlər təfəkkürü ilə yaşadığının fərqində olmalıdır. Bütün bu məsələlərin məsuliyyətini Ermənistan çəkəcək və nəticə onun üçün çox ağır olacaq. Hər halda Ermənistanın müttəfiqi olduğu dövlətlər də bu məsələni ciddi nəzarətdə saxlamalıdır". Deputatın sözlərinə görə, Ermənistan tərəfdən həmişə təxribat gözlənilir: "Ancaq bir məsələ var ki, bu gün Ermənistan çox zəifdir. Azərbaycan ən müasir hərbi silahlara malikdir. Ermənistan tərəfindən ediləcək istənilən həmlənin 10 qat cavabını verməyə hazırdır. Eyni zamanda, müharibə aparmaq üçün maliyyə, insan resursu və beynəlxalq birliyin dəstəyi lazımdır, bu isə onlarda yoxdur. Ermənistan Azərbaycanda xof yaratmağa çalışır".
Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov da bildirib ki, əgər Ermənistanın baş naziri "Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olması" ilə bağlı reallıqdan uzaq, sərsəm bəyanatlar verirsə, əlbəttə, ATƏT buna reaksiya verməlidir:
"ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində vasitəçilik institutu olaraq, problemin tez bir zamanda həllində və regionun təhlükəsizliyi məsələsində maraqlıdırsa, o zaman bu istiqamətdə mütləq şəkildə addımlar atmalı, bəyanatlarla çıxış etməlidir". Prezidentin Tomas Qremingerlə görüşünü xatırladan politoloq qeyd edib ki, görüş zamanı dövlət başçısı hər dəfə olduğu kimi, bu dəfə də məsələ ilə bağlı Azərbaycanın prinsipial mövqeyini ortaya qoyub: "Hesab edirəm ki, bunu həm ATƏT-in baş katibi, həm həmsədrlər, həm də Ermənistanın baş naziri Nikol Paşinyan eşidib. Ermənistan rəhbərliyinin söylədiyi iddialar nəinki beynəlxalq hüquq normalarına ziddir, eyni zamanda, Paşinyanın ATƏT-in sənədlərindən xəbəri olmadığını göstərir. Çünki onun iddiaları uydurma və əsassızdır".
F.Sadıqovun sözlərinə görə, artıq Ermənistanda Paşinyana qarşı ciddi müqavimət göstərilir: "Bildiyiniz kimi, Azərbaycan Prezidentinin Soçiyə səfəri zamanı bir sıra mühüm məsələlər müzakirə olunmaqla yanaşı, vacib sənədlər də imzalandı.
Lakin Paşinyanın Moskvaya səfəri şifahi bəyanatlarla yekunlaşdı. Hətta o, bu görüşdən sonra Rusiya maraqlarına ziddiyyətli hərəkətlər etdi. Putinin Koçaryanı doğum günü münasibətilə təbrikinin əksinə gedən Paşinyan ona qarşı ikinci cinayət işini açdı. Bütün bunlar onun çətin və çıxılmaz vəziyyətə düşdüyünü göstərir. Artıq Ermənistanın siyasi dairələri də Paşinyana qarşı addımlar atmağa başlayıblar. Son zamanlar düşmən ölkənin güc strukturlarının rəhbərləri arasında telefon danışıqlarının sosial şəbəkələrdə yayılması da təsadüfi deyil".
İsmayıl