“İstəyirəm ki, bütün Azərbaycan idmançıları xalçanı başı yuxarı tərk edib, xalqımızı sevindirsin”
İdman və mədəniyyət sahəsində həyata keçirilən istənilən beynəlxalq tədbir birmənalı şəkildə ölkəmizin nüfuzunun artmasına xidmət göstərir. Bunu "Şərq”ə açıqlamasında yunan-Roma güləşi üzrə Avropa çempionu Rəsul Cunayev deyib. Tanınmış pəhləvan bildirib ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət kəsb edir:
"Bu yarışın Bakıda reallaşmasının Azərbaycan idmanına mühüm faydası olacaq. Ölkəmizdə hökm sürən sabitlik, iqtisadiyyatımızın sürətli inkişafı, həmçinin, idmana göstərilən diqqət və qayğı ilk Avropa Oyunlarının məhz ölkəmizdə keçirilməsini şərtləndirən amillərdəndir”.
Bununla yanaşı, R.Çunayev qeyd edib ki, Azərbaycanın adət-ənənələri, mədəniyyəti, tarixi və milli xüsusiyyətlərinin gələn qonaqlara çatdırılmasında Oyunlar mühüm rol oynayacaq: "Buraya gələn qonaqlar ölkəmiz haqqında dəyərli fikirlər əldə etmək imkanı qazanacaqlar. Eyni zamanda, inanıram ki, idmançılarımız bu yarışlarda öz sözünü deyəcək və parlaq qələbələri ilə doğma azarkeşləri sevindirməyə nail olacaqlar”.
Həmsöhbətimiz hesab edir ki, məlum yarış Ermənistanın ölkəmizə qarşı işğalçı planını Avropa ölkələrinə sübut edəcək: "Qonaqlar gəlib, tarixi həqiqətləri görəcəklər. Qonaqpərvər və humanist millət olduğumuzun şahidi olacaqlar. Dağlıq Qarabağ münaqişəsinə dair dəqiq, dürüst məlumatlar əldə edəcəklər. Bir sözlə, sözügedən əlamətdar tədbir ermənilərin çoxsaylı yalan və iftiralarını ifşa edəcək”.
R.Çunayevin qənaətincə, məlum yarış Azərbaycanda idmana olan marağı daha da artıracaq: "Qısa zaman ərzində Azərbaycan güclü idman ölkəsinə çevrilib. Əlbəttə, bütün bunlar ölkə başçısı cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir. Bir daha qeyd edirəm ki, məlum marafonun Azərbaycanda reallaşması ölkədə idmanın inkişafına səbəb olacaq”.
Avropa Oyunları ilə bağlı ölkəmizə qarşı başladılan qarayaxma kampaniyasına gəlincə, müsahibimiz diqqətə çatdırıb ki, belə hal dünyanın hər bir ölkəsində mövcuddur: "Fikir verin, həmişə inkişaf edən, qabağa gedən ölkənin ayağından çəkirlər. İnkişaf etməyən ölkənin heç adı belə çəkilmir. Amma Azərbaycan bu gün inkişaf edir. Çiçəklənir. Bunu həzm edə bilməyənlər var. Biz də kasıb, inkişafdan qalmış ölkə olsaydıq, heç gözucu da baxan olmazdı. Lakin biz Avropanın üzdə olan dövlətləri ilə rəqabətə giririk. Bunu bütün dünya görür. Əsas odur ki, belə "badalaqlar” bizə təsir göstərə bilmir. Yenə də öz uğurlu yolumuzla davam edirik. Boş və mənasız sözlərdir. Qoy, onlar danışmaqlarında olsunlar, bizsə, öz real, əməli işlərimizdə”.
Həmsöhbətimiz düşünür ki, bu möhtəşəm idman yarışı ölkəmizin turizm məkanına çevrilməsi istiqamətində də mühüm rol oynayacaq: "Bakını internetdə izləyənlər bir anlıq orda olmaq istəyirlər. Xarici idmançılar və yaxud da yarış izləyiciləri Azərbaycanı gördükdən sonra bura tez-tez üz tutacaqlar. Getdikləri məkanlarda ölkəmizin gözəlliklərindən söz açacaqlar ki, bu da bir üstünlükdür”.
R.Çunayevin fikrincə, ilk Avropa Oyunlarının Azərbaycana həvalə olunması ölkə başçısının uzaqgörən, daxili və xarici siyasətinin təzahürüdür: "Üstəgəl, hazırda respublikamızın iqtisadi potensialı da buna imkan yaradır. Azərbaycan qısa müddət ərzində çoxsaylı idman arenaları inşa etdi. Müəyyən idman qurğuları yaradıldı. Düşünürəm ki, yarışın təşkili çox yüksək səviyyədə olacaq. İnanıram ki, yaxın gələcəkdə Azərbaycan Olimpiya Oyunlarına da ev sahibliyi edəcək”.
Yarışa yüksək səviyyədə hazırlaşdıqlarını deyən idmançımız məğlubiyyət haqqında düşünmədiyini bildirib: "Yalnız qələbə barədə düşünürəm. İstəyirəm ki, bütün Azərbaycan idmançıları xalçanı başı yuxarı tərk edib, xalqımızı sevindirsin. Hər bir dostuma tükənməz uğurlar arzulayıram”.
Ayyət Əhməd