Pərvinin “Sevdim səni” kitabının imza günü baş tutub - FOTO

Bu gün kitabevim.az kitab mağazasında istedadlı gənc yazar Pərvinin yeni kitabının təqdimatı keçirilib. "Sevdim səni” adlı yeni kitabın imza günündə qələm əhlinin tanınmış simaları çıxış edib.
Sherg.az xəbər verir ki, "Sevdim səni” kitabında Pərvinin özünün seçdiyi sevgi şeirlərinə yazdığı esse-təəssüratları yer alıb. Kitabın redaktoru və "Ön söz”ün müəlifi Xalq yazıçısı Anardır.
Anar nəşin təqdimatında yazır: ”Öz fikirlərini ifadə etməkçün Pərvin yalnız şəxsi mülahizələrinə, həyat təcrübəsinə, fərdi hislərinə arxalanmır. O, məhəbbət haqqında əsrlər boyu yazılmış çox sayda şeirlərə əsaslanaraq, onları ayrıca təqdim edərək sevgi haqqında öz yozumlarını qələmə alır.”
Yeni nəşrdə klassik Azərbaycan şeiri ilə yanaşı, türk, rus şeirləri və müasir nəzm ümunələri də təqdim edilir. Bunlar sadəcə ədəbiyyatşünas araşdırmaları deyil, şairlərin poetik fikirlərindən təsirlənərək yazılan kiçik sevgi hekayələridir.
"Sevdim səni”də Aşıq Veysəl, Yunis İmrə, Rza Tofiq, Nazım Hikmət, Atilla İlhan, Ümid Yaşar Oğuzcan kimi türk, Füzuli, Nizami, İzzəddin Həsənoğlu, Hüseyn Cavid, Mikayıl Müşviq, Rəsul Rza, Nigar Rəfibəyli, Bəxtiyar Vahabzadə, Vaqif Səmədoğlu, Eldar Baxış, Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı, Məmməd Araz, Ramiz Rövşən kimi Azərbaycan, Puşkin, Anna Axmatova, Marina Svetayeva, Boris Pasternak kimi rus şairlərinin unudulmaz sevgi şeirlərinə yazılmış təsirli hekayələr həssas oxucunu biganə qoymur. Gənclərin xüsusi marağına səbəb olan "Sevdim səni” kitabı "525-ci qəzet”in layihəsi əsasında, "XAN”  çap edilib.
Kitabım təqdimatını açıq elan edən "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid tədbir üzvlərini salamlayıb və kitab haqqında məlumatları diqqətə çatdırıb.
Son zamanlar gənclərin kitaba marağının artırılması üçün imza günlərinin daha sıx keçirildiyini deyən Rəşad Məcid təqdimatların müəlliflər və oxucular arasında ünsiyyətinin yaradılmasında müsbət rol oynadığını bildirib:
"Azərbaycan Yazıçılar Birliyinin "Bayatı” kitab mağazasında və başqa məkanlarda da çoxlu kitab təqdimatları keçirilir. Belə layihələrə qatılan Kitabevim.az mağazasının bu sahədə işləri təqdirəlayiqdir. Bugünkü kitabı da gənc yazar Pərvinin bir neçə ildir "525-ci qəzet”də çap olunan "100 gözəl sevgi şeiri” adlı layihə hissə-hissə oxuculara çatdırılıb. Bu məzmunda kitabın çapı ideyası isə dünya ədəbiyyatında son zamanlar artan sevgi antologiyalarının təsiri ilə yaranıb. Bilirsiniz ki, türk və xarici ədəbiyyatlarda unudulmaz sevgi şeirləri antologiyaları buraxılır. Hər bir ədəbiyyatçı öz sevdiyi şeirlərdən ibarət bir silsilə hazırlayıb, çap edir. Xüsusilə sevgi şeirlərindən ibarət antologiyalar daha diqqət çəkir. Azərbaycan poeziyasında da şair Hamlet İsaxanlı 4 cilddən ibarət sevgi şeirləri çap etdirib. Amma həmin kitablar çox qalın, ağır idi.
Pərvinin kitabının fərqliliyi isə ondan ibarətdir ki, kitabda Pərvin seçdiyi gözəl sevgi şeirləri ilə bərabər onlara yazılmış esseləri, təəssüratları, sevginin ən fərqli çalarları, yüksək ovqatı, hətta izdirabı, əzabı müxtəlif duyğularla izah olunub.
Yazarın seçdiyi şeirlərdə və yazdığı esselərdə İzzəddin Həsənoğlundan tutmuş müasir yazarlara qədər ən gözəl şeirlər yer alıb. Hesab edirəm ki, bu cür kitab hətta dünyada yoxdur. Çünki bunu yazmaq özü də çətin məsələdir. Eyni cür səslənən oxşar sevgi şerlərinə məhz belə fərqli təəssüratla gözəl esseləri yazmaq qəliz prosesdir. Bu səbəbdən də, böyük uğuruna görə Pərvini bir daha təbrik edirəm”.
Rəşad Məcid onu da əlavə edib ki, gənc yazarın həmin kitabı bir müddət əvvəl Türkiyədə, türk dilində çap olunub.
Xalq yazıçısı Sabir Rüstəmxanlı son illərdə gənclərin kitaba marağının azalması haqqında fikirlərə münasibət bildirib. S.Rüstəmxanlı deyib ki, rayonlarımız orta rəqəmlə 200 min əhalisi varsa, həmin rayonlarda əhalinin payına düşən kitab mağazaları çox azdır. 
Hətta bəzi rayonlarımızda ümumiyyətlə, kitab mağazası yoxdur. Bəs insanlar kitabı haradan tapmalıdır ki, oxusun? Kitab alıb, oxumaq üçün o qədər yol qət edib, Bakıya gəlməyəcəklər ki. Hətta vaxtilə kəndlərdə səyyar kitab mağazaları gəzir, insanlara kitablar paylayırdı. Kitabı yazan müəlliflər onu tanıtmalı, yaymalıdır ki, oxucular da gözəl kitablarla tanış olsunlar, oxusunlar və növbəti əsərləri gözləsinlər. Hazırda Azərbaycanda kənd camaatı kitab üzünə həsrət qalıb. Əgər rayonlarda, kəndlərdə kitab mağazaları artırılsa, kitablar insanların diqqətinə çatdırılsa, xüsusilə gənclərin kitab oxumasına marağının artmağına imkan yaradılmış olar”.
Daha sonra xanım yazarla tanışlığından danışan Sabir Rüstəmxanlı "525-ci qəzet”də əvvəllər Pərvinin yazılarını oxuduğunu, çap olunan kitabları ilə yaxından maraqlandığını deyib. Xalq yazıçısı söyləyib ki, Pərvinin ədəbi dünyasını sevir:
"Pərvinin ədəbi dünyasında gənc Azərbaycan xanımının gözəl ruhu duyulur. Pərvin ağıllıdır ki, belə bir sevgi kitabının təqdimatını məhz Sevgililər Gününə təyin edib. Amma təəccüblüdür, imza almaq üçün sıraya dayananların əksəriyyəti qızlardır. Əksinə oğlanlar olmalı idi. Bu onu göstərir ki, xanımlarımız, gənc qızlarımız daha çox kitab, şeir oxuyurlar, mədəni mühitimizdə qadınların rolu artır.
Cəmiyyətimizdə ən yaralı yerimizdən biri odur ki, bəzi analar uşaqlara vətən sevgisini, yurd sevgisini aşılamırlar. Rastlaşdığım bir hadisəni xatırladım. Bir dəfə kitab dükanında dayanmışdım. Bir azyaşlı uşağın anası ilə rusca danışdığını gördüm. Anası uzaqlaşıb, kitablara baxmağa getdikdə uşağa yaxınlaşıb, soruşdum ki, oğlum sən azərbaycanlısan? Uşaq cavab verdi: "Bəli, azərbaycanlıyam”. Sual verdim ki, bəs niyə ananla Azərbaycanca deyil, rusca danışırsan? Mənə söylədi ki, Azərbaycan dilini sevmirəm. Anası yaxınlaşanda dayana bilməyib, dedim sənin südünə lənət. Bəli, sevgini südlə keçirərlər uşağa. Necə olur ki, evdə ana övladına hansı millətin nümayəndəsi olduğunu, dilini sevməyi, vətənpərvərlik ruhunu aşılamır? Analar bunları övladlarına öyrətmədikcə bizim parlaq gələcəyimiz olmayacaq. O ruhu aşılayan analardır, anaların yazılarıdır. Ona görə sevinirəm ki, Azərbaycan ədəbiyyatında Pərvinin simasına bu cür gənc, istedadlı xanımların nəsli, silsiləsi var. Müxtəlif sahələrdə yazıb yaradan, dünyagörüşü yüksək, savadlı xanımların olması müsbət haldır.
Pərvinin kitabı sevgi şeirləri və onlara yazılmış esselərdir. Sevgi o qədər unikal sahədir ki, bir ömür boyu sevgidən yazmaq olar. Sevəsən, ayrılasan, əzab çəkəsən və sevgidən gözəl əsərlər yaradasan. Amma 1 il ərzində müxtəlif şairlərin sevgi şeirlərini oxuyub, onların əsasında esselər yazmaq və bu esselərin böyük bir fəlsəfi sahəni əhatə etməsi hər kəsin bacara biləcəyi bir şey deyil. Pərvin bunu yüksək səviyyədə bacardı. Gənc olmasına rəğmən Azərbaycan şeirinin zərif tərəfi haqqında əslində bir dastan, tarix yazıb. Bu tarix yaşayacaq və illərdən ilə keçəcək”.
Sabir Rüstəmxanlı çıxışınmın sonunda xanım yazarın yeni kitabında yer alan şeirini səsləndirib. Şeir əsasında yazılan gözəl esseni isə Pərvin xanım oxuyub.
Mətbuat Şurasının sədri Əflatun Amaşov öncə tədbir iştirakçılarını sevgililər günü münasibətilə təbrik edib, hər kəsə sevilməyi arzu edib.
Daha sonra gənc yazarı tanımasından, onun ədəbi düşüncələrini yüksək qiymətləndirməsindən danışan Ə. Amaşov da Azərbaycan ədəbiyyatında xanımların imzasının artmağının müsbət hal olduğunu diqqətə çatdırıb:
"Pərvin xanımın əvvəl çap olunan bir kitabını oxuduqdan sonra tanıdım. Baxdım ki, kitabın üzərində gənc bir xanımın şəkli var, lakin kitabın içərisində əhvalatlar sanki təcrübəli bir insanın dilindən yazılıb. Hadisələr o məqamda sona çatır ki, sevgililər görüşür, kitab bitir. Düşündüm ki, kitabın müəllifi yəqin özünün gənclik şəklini yerləşdirib. Sonradan Pərvin xanımla tanış olduqda onun dünya görüşü, ağlı, hadisələrə fərqli münasibəti mənim diqqətimi çəkdi. O gündən Pərvin xanımla ədəbi mühitdə görüşlərimiz çox oldu. İnanıram ki, Pərvinin "Sevdim səni” adlı yeni kitabı da maraqla qarşılanacaq və yüksək uğur əldə edəcək”.
Şair, publisist Elçin Mirzəbəyli, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı, filologiya elmlər doktoru, professor Cahangir Məmmədli və yazarın sənət dostları da düşüncələrini paylaşıb, gənc yazara uğurlar arzu ediblər.
Aysel Aslan