Standart mövzular və hazır qəliblərə istinadən yazılan yazılar jurnalistləri yaradıcı əməkdən uzaq salıb
Peşəkar media ənənələri zədələnib
Ölkəyə səs salan müsahibələr indi yox dərəcəsindədir
Standart mövzular və hazır qəliblərə istinadən yazılan yazılar jurnalistləri yaradıcı əməkdən uzaq salıb
Standart mövzular və hazır qəliblərə istinadən yazılan yazılar jurnalistləri yaradıcı əməkdən uzaq salıb
Jurnalistikanın ən mühüm və bir o qədər də oxunaqlı janrlarından biri müsahibədir. İnformasiya janrları arasında özünəməxsus yeri və cəlbediciliyi ilə seçilən müsahibə özündə xəbər, hesabat, şərh, icmal, oçerk və s. növlərin xüsusiyyətlərini də birləşdirir. Müsahibənin monoloq, dialoq, sorğu, rəy və sair növləri var. İstər xəbər daxilində, istər reportajlarda, istərsə də analitik janrlarda müntəzəm olaraq geniş istifadə olunan müsahibə oxucuya hadisə barədə ətraflı məlumat əldə etməyə, informasiyanı birbaşa mənbədən almağa imkan yaradır.
Müsahibənin suallarını üç amil üzrə təhlil etmək olar: Əvvəlcədən hazırlanmış, alternativ suallar və gözlənilməz suallar. Müsahibənin mayası söhbəti başlayan, onun tərkibini təşkil edən və onu başa çatdıran əvvəlcədən hazırlanmış suallardır. İkinci amil əvvəlcədən hazırlanmış alternativ suallardır və bunların prinsipi belədir: əgər müsahib belə cavab verərsə, mən ona bu sualı verəcəyəm, əgər başqa cür cavab versə, onda bu-bu-bu şeyləri soruşacağam. Üçüncü – gözlənilməz, söhbətdən doğan suallar. Bu, müsahibənin demək olar ki, ən mürəkkəb anıdır. Əvvəlcədən hazırlanmış suala siz birdən gözləmədiyiniz cavabı alırsınız və bu sizdən ani reaksiya tələb edir. Müsahibə prosesində gözlənilməz şeylərə həmişə hazır olmaq lazımdır. Müsahibədə qəfil dönüş söhbətin ən maraqlı yeridir. Məhz bu vaxt söhbət gözlənilməz xarakter alır, atmosferi yumşaldır, yaxud, əksinə, hissləri qızışdırır.
Müsahibə yalnız informasiya vermir, həm də yeni münasibətlərə, tanınmış insanların hamı üçün böyük maraq doğuran ictimai, siyasi xadimlərin daxili dünyasına yol açır. Həmin insanları tamamilə fərqli rakursdan ictimaiyyətə təqdim edir. Müsahibə bacarığı jurnalistikanın əsasını təşkil edən kriteriyalardan biridir. Müsahibə həm bir informasiya toplamaq metodudur, həm də tək başına jurnalistikada xüsusi yeri olan bir janrdır. Elə buna görə də jurnalist olmağa qərar vermiş insanlar müsahibə aparma və yazma qaydalarını da bilməlidir.
Onu da deyək ki, hazırda Qərbi Avropa və Amerikanın jurnalistika məktəblərində müsahibəyə iki tərəf arasında gizli yarışma kimi yanaşırlar. Sanki jurnalist bütün gizli üsullarını işə salıb müsahibindən özünə lazım olan informasiyanı almağa çalışır və alır da.
Müsahibədə jurnalistin əsas məqsədi bundan ibarət olmalıdır: ictimai yüklü hansısa məsələ barəsində faktlara və sitatlara söykənərək dəqiq, bitkin informasiyanı cəmiyyətə çatdırmaq. Dəqiqlik və qərəzsizlik ilə yanaşı, bu zaman jurnalist vicdanlılıq prinsiplərinə də əməl etməlidir. Bu gün bəzən elə müsahibələr oxuyursan ki, görürsən heç jurnalist mövzuya bələd deyil. Jurnalist kiminlə müsahibəyə gedəcəksə, dərindən hazırlaşmalıdır. Amerikalı mütəxəssislər belə hesab edir ki, reportyor müsahibi ilə görüşməmişdən əvvəl ona hansı informasiyanın lazım olduğunu özü üçün müəyyənləşdirməlidir və bu məlumatı əldə etmək üçün müvafiq suallar fikirləşməlidir.
Gərək jurnalist peşəkar olsun, öyrənmək istədiyi məsələyə bələd olsun ki, informasiyanı müsahibinin dili ilə daha da zənginləşdirsin.
Mütəxəssislərin iddiasına görə, hazırlıqlı jurnalist müsahibənin maraqlı olmasının əsas qarantıdır. Sualların əhatə etdiyi mövzularla bağlı məlumatlı olmaq çox önəmlidir. Müsahib haqqında daha çox şey bilmək, məlumatlı olmaq müxbirin ən böyük üstünlüyüdür. Digər mühüm məqam isə dünyagörüşlü və erudisiyalı olmaqdır. Yalnız savadlı şəxs informasiyalardan yetərincə istifadə edə və xoş həmsöhbət ola bilər. Çünki jurnalistin dünyagörüşü müsahibin ona olan hörmət və etibarını artıracaq. Bu isə müsahibədə mühüm önəm kəsb edir. Əsas məqamlardan biri də suallarla bağlıdır. Müsahibə janrında sualları əvvəlcədən hazırlamaq vacib məsələdir. Sözsüz ki, müsahiblə görüşdə əlavə suallar da ortaya çıxa bilər.
Jurnalist aşağıdakı sualların dəqiq cavabını tapmalıdır:
"Müsahibə aparacağım insan kimdir? Niyə o insan mənim müsahibimdir?” Müsahib barədə xasiyyəti, nələri sevdiyi, nələrdən nifrət etdiyi haqqında müəyyən məlumatlara sahib olmaq da müsahibə əsnasında jurnalistə kömək edəcək. Bundan sonra suallar tərtib edilə bilər.
Müsahibənin jurnalistikanın ən aktual janrlarından biri hesab olunmasına rəğmən son illər Azərbaycan mediasında bu janra müraciət edən jurnalistlərin sayının azaldığı iddia edilir. Digər iddia isə müxtəlif media orqanlarında dərc olunan müsahibələrin standart və şablon olması ilə bağlıdır.
"Yeni Media Jurnalistləri” İB sədri, Strateq.az saytının redaktoru Xaqani Səfəroğlunun sözlərinə görə, müsahibə qəzet və sayt üçün çox vacibdir. Çünki jurnalistin müsahibə verən şəxsə – siyasətçiyə, iqtisadçıya, artistə və digərlərinə heç kimin vermədiyi sualları vermək şansı var. Həmin cavablar isə jurnalistin hazırlığından asılı olaraq ölkə gündəminə çevrilə bilər və qəzetə oxucu gətirər:
"90-larda və 2000-lərin əvvəllərində qəzetlərdə müsahibə janrı çox populyar idi. Baş redaktorlar müxbirlərdən maraqlı və oxunan müsahibələr götürməyi tələb edirdilər. Çünki bu, qəzet bazarında uğurlu satışa və brend olmaq üçün yaxşı imkan idi. Əla müsahibə qəzet bazarında və reytinq məsələsində mühüm rol oynayırdı. O zamanlarda dərc edilmiş və indiyə qədər xatırlanan çoxlu müsahibələr var.
Hazırda müsahibə almaq yox, ümumiyyətlə, redaksiyalarda yaradıcı iş çox zəifləyib. Bunun səbəbləri müxtəlifdir. Standart mövzular və hazır qəliblərə istinadən yazılan yazılar jurnalistləri bir az yaradıcı əməkdən uzaq salıb. Əmək haqlarının azlığı, qonorar sisteminin bərbad olması stimulu yox edib. Məsələn, 15-20 il əvvəl jurnalist yaxşı, ölkəyə səs salmış müsahibəyə görə əlavə olaraq yaxşı məbləğdə mükafat alırdı. Redaksiyalarda yaradıcı, peşəkar, fərqlənən əməkdaşlar vəzifədə yüksəlir, əmək haqları artır və qəzet idarəetməsinə irəli çəkilirdilər. Bununla da ölkə mediasında hamının tanıdığı imzaların redaktor olduğu redaksiyalar, peşəkar jurnalist komandası formalaşırdı. Gənc jurnalistlər də bu məqama çatmaq üçün tər tökür, yaxşı yazı yazmağa çalışırdılar. İstedadsız, yazı əvəzinə boş-boş söz yığını yazanları qapıdan qovurdular, istedadlı gəncləri göz üstündə saxlayırdılar. Bu, özündə media bazarını və KİV-ləri birləşdirən çox mühüm bir müstəvini formalaşdırmışdı. Yaxşı, istedadlı yazar daha çox qazanırdı”.
Qəzetlərə nisbətən saytlarda müsahibələrin daha çox diqqət cəlb etdiyini vurğulayan X.Səfəroğlunun sözlərinə görə, bu müsahibələr bir qədər atüstü təsiri bağışlayır. Bu isə internet medianın təzahürüdür. Vaxt və sürət onlayn media üçün əsas göstəriciyə çevrilib:
"Yaxşı müsahibələr hələ ki, azdır. Bunun obyektiv və subyektiv səbəbləri var. İlk olaraq saytlarda çalışan jurnalistlər arasında gənclərin üstünlük təşkil etməsi, sayt təsis etmənin çox asan başa gəlməsi və onlayn yayımın çatımlı olması bu sahəyə xeyli sayda jurnalistika prinsiplərindən uzaq, yarımçıq söz dəllalarını gətirib. Nəticədə peşəkar media ənənələri zədələnib. Məsələn, qəzet erasında yazıya görə təkzib vermək qəzet və yazı müəllifi üçün şərəf məsələsi və "ölüm-dirim” məsələsi sayılırdı. Təkzib üçün aylarla davam edən məhkəmələr olurdu. Yəni jurnalist yazdığı yazının məsuliyyətini tam dərk edirdi. Bu gün isə yazılan yazı çox asanlıqla lentdən çıxarılır, heç izahı belə verilmir. Reklam bazarının ədalətli olmaması onlayn mediada peşəkar jurnalistlərin yetişməsinə imkan vermir. Yeni mediada jurnalistlərin bir çoxu ixtisaslaşa bilmir. Siyasətdən yazanlar partiya, onun proqramı, tarixini bilmir, rəhbərlərini tanımır, ictimai-sosial mövzuda yazmağa həvəs göstərmirlər. Əvəzində intriqa xarakterli, bir-birini tam təkzib edən mövzulardan yazmağa can atırlar. Sonra da yekə bir təkzib və itirilən oxucu etimadı gəlir. Az qonorarın, təcrübəsiz əməkdaşların, yaradıcı həvəsin və stimulun olmadığı redaksiyalarda isə yaxşı müsahibə və məqalələr yazıla bilməz. Üstəlik, ictimai-siyasi-mədəni mühitdəki durğunluq da yaradıcı prosesi arxa plana atıb. Buna baxmayaraq onlayn mediada istedadlı jurnalistlərin kövrək zənciri yaranıb. Onları qorumaq və bu zənciri genişləndirmək üçün bir çox şərtlər var. Onlara da yuxarıda toxundum”.
Jurnalist Jalə Mütəllimovanın fikrincə, mediada müsahibə janrına yer verilməməsi və çap olunan müsahibələrin şablon olması kimi iradlar çox ağırdır. İllər əvvəl Azərbaycan jurnalistikasında ixtisaslaşmanın olduğunu vurğulayan həmkarımız deyib ki, iqtisadiyyatdan yazan jurnalistlər, siyasi analitiklər, sosial xəbərlər işləyən jurnalistlər, reportyorlar və müsahibə götürən jurnalistlər vardı:
"Müsahibə yazan jurnalist konkret bir sahə üzrə ixtisaslaşmırdı. Onun müsahibi siyasətçi, iqtisadçı, həkim və hətta şou-biznes adamı da ola bilər. Burada əsas məsələ jurnalistin özünün nə dərəcədə maraqlı həmsöhbət olmasından asılıdır. Müsahibə yazan jurnalist həm ensiklopedik, həm də həyatı baxımdan əhatəli biliyə sahib olmalıdır. Həmçinin də jurnalist öz müsahibini yaxşı tanımalı, kiminlə həmsöhbət olacağını bilməlidir. Əgər mən bir jurnalist olaraq hansısa universitet rektorundan müsahibə almağı qərarlaşdırmışamsa, həmin insanın şəxsi və iş həyatı, təhsili ilə bağlı bütün detalları incələməliyəm”.
Nəzəri olaraq müsahibə janrının asan olduğunu vurğulayan Jalə xanım hesab edir ki, bəlkə də jurnalistikada ən asan janrdır, ancaq bir o qədər də çətindir. "Müsahibəyə hazırlıqsız gedən jurnalist heç vaxt maraqlı yazı ərsəyə gətirə bilməz. Şablon müsahibələr anlayışının kökündə də məhz bu problem dayanır. Müsahibə jurnalistin peşəkarlığını üzə çıxarır. Bu gün medianın tək problemi şablon müsahibələr deyil ki? Dəqiqləşdirilməmiş informasiya yazan, heç bir fakta əsaslanmayan xəbərlərin sayı "n” qədərdir".
(Davamı olacaq...)
Şəymən