Artıq əllər dəyişir, müttəfiqliklər dağılır və yeni reallıqlar ortaya çıxır
Artıq Moskvadan əvvəlki dəstək gəlmir. Narahatlığın əsas səbəbi budur
Yay aylarının gəlməsi ilə birlikdə Türkiyə Silahlı Qüvvələrinin PKK terror təşkilatına qarşı təşkil etdiyi əməliyyatların sayı artıb. Bununla bağlı olaraq təşkilat rəhbərləri Rusiyaya müraciət ediblər. PKK terror təşkilatının liderlərindən olan Bese Hozat AKP və MHP-nin terrorçulara qarşı ortaq mövqe sərgiləməsindən sonra Rusiyaya müraciət edərək bu partiyalara dəstək verməməsini istəyib.
Hozat fürsətdən istifadə edərək rəsmi Moskvanı kürd birliyinin tərəfinə dəvət etməyi və Türkiyənin "güvənsiz” ölkə olduğunu deməyi də unutmayıb. PKK Türkiyəyə hərbi yardımın dayandırılmaması təqdirdə tamamilə məhv ediləcəyini etiraf edib.
PKK-nın sıradan çıxma ehtimalını "Şərq”ə dəyərləndirən politoloq Tofiq Abbasov deyib ki, 1978-ci ildə yaradılan terrorçu təşkilat keçmiş SSRİ və indiki Rusiyanın siyasi elitası tərəfindən dəstək görüb:
"Sovet imperiyası Yaxın Şərqdə və Türkiyə ərazisində ən azı iki kürd dövləti yaratmaq niyyətində idi. Lakin bu plan baş tutmadı. Problem ondadır ki, ruslarda ənənəni davam etdirmək vərdişi var. Məsələn, Çar Rusiyası Qafqazda ermənilər üçün ictimaiyyət yaratdı. Çar hökumətinin süqutundan sonra hakimiyyətə gələn bolşeviklər erməniləri dəstəklədilər. SSRİ dağılandan sonra Rusiya dövləti də onları himayə etməyə davam etdi. Çox güman ki, Moskvada hansısa siyasi güclər öz mənafeləri naminə kürd terrorçularına dəstək verməyi düşünürlər. Hazırda Yaxın Şərqdə, Mərkəzi və Qərbi Asiyada siyasi konyuktura dəyişmək üzrədir. Artıq əllər dəyişir, müttəfiqliklər dağılır və yeni reallıqlar ortaya çıxır. ABŞ üçün PKK deyil, Suriyada döyüşən PYD gücləri daha çox maraq kəsb edir. Bəlkə də solçu təşkilat olan PKK hazırda "yiyəsiz” qalıb. Hiss edir ki, artıq Moskvadan əvvəlki dəstək gəlmir. Narahatlığın əsas səbəbi budur. Ona görə də PKK özünə yeni himayədar axtarır”.
Ekspertin sözlərinə görə, terrorçu liderin müraciəti digər ölkələrə və pullu dairələrə bir mesajdır:
"PKK özünü satışa çıxarıb. Ölkələrin siyasi prioritetləri dəyişdiyi üçün kürdlər arasında parçalanmalar, ziddiyyətlər hökm sürür. Məsələn, Bərzani islamçı dövlətin qurulmasının tərəfdarıdır. Ona görə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsinə sığınır. Solçulara isə hələlik vəd və dəstək verən tapılmır. Bir misal da çəkim, "Həmas” təşkilatı dəfələrlə bir dövlətin himayəsindən digərinə keçib. Bir müddət İranın nəzarətində olub, daha sonra Misirin və Qətərin himayəsinə baş vurub. Terrorçular arasında belə bir taktika mövcuddur və buna təəccüblənməyə dəyməz. PKK bu müraciətlə özünü kiməsə təqdim etmək niyyətindədir. Həmçinin, bir yandan Rusiyaya mesaj verir ki, "bizə mənəvi borcunuz, öhdəliyiniz var, əgər axıra qədər bizə sahib çıxmasanız, özümüzə təzə himayəçi tapacağıq”.
İsmayıl