Yadigar Məmmədli: “Bəzən ciddi media qurumu kimi tanınan xəbər portallarında bilərəkdən, ya bilməyərəkdən istinadsız müəllif yazılarına rast gəlirik”
Plagiatlıq jurnalistikada çoxdankı problemdir
Aydın Quliyev: “İlk növbədə plagiatla mübarizədə ictimai qınaq metodundan istifadəni aktivləşdirmək lazımdır”
Yadigar Məmmədli: “Bəzən ciddi media qurumu kimi tanınan xəbər portallarında bilərəkdən, ya bilməyərəkdən istinadsız müəllif yazılarına rast gəlirik”
Yadigar Məmmədli: “Bəzən ciddi media qurumu kimi tanınan xəbər portallarında bilərəkdən, ya bilməyərəkdən istinadsız müəllif yazılarına rast gəlirik”
(...əvvəli ötən sayımızda)
Müəllif hüquqları məsələsi xeyli vaxtdır ki, jurnalistika üçün ciddi problemə çevrilib. Problemi gündəmə gətirən ekspertlər isə bu məsələnin nizamlanması gərəkdiyini düşünür. Çox təəssüf ki, mediada plagiatlıq, müəllif hüquqlarının pozulması kimi hallar son zamanlar pik həddə çatıb. İstər elektron KİV, istərsə də yazılı mediada bəzən xəbərlər, tutarlı məlumatlar ilkin mənbəyinə istinad olunmadan verilir, bir növ özəlləşdirilir. Bəzən hətta müəllif yazılarından da istinadsız istifadə olunur. Cümlələr, ifadələr olduğu kimi verilir, lakin fərqli imza altında. Sadə dillə desək, jurnalistikada da, xəbərçilikdə də oğurluq halları artıb.
Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) də bu günlərdə keçirdiyi "KİV və müəllif hüquqları” adlı konfransda plagiat mövzusu ətrafında geniş müzakirələr aparıb. Təşkilat rəhbəri Müşfiq Ələsgərli müəllif hüquqlarının pozulmasından gileylənib. Jurnalistikada müəllif hüquqularının qorunması məsələsini dəyərləndirən ekspertlərin fikirlərinə keçməzdən əvvəl məlumat üçün bildirək ki, müəlliflik hüququ - elm, ədəbiyyat və incəsənət əsəri müəlliflərinin hüquqlarını ifadə edən hüquqi termindir. Obyektiv mənada müəlliflik hüququ əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur və qorunma aləti kimi çıxış edir, subyektiv mənada isə öz-özlüyündə əsərlərin yaradıcılarına məxsus olan şəxsi və əmlak hüquqlarıdır və bu hüquqlar müstəsna xarakter daşıyır. Müəlliflik hüququ ilə qorunan obyektlər sırasına ədəbi əsərlər, məlumat nəşrləri, qəzetlər və jurnallar, rəsmlər, fotoşəkillər və digər təsviri sənət əsərləri və s. daxildir. Müəllif hüquqlarının qorunması - mədəni irsin qorunub saxlanması, mədəni dəyərlərin cəmiyyətdə geniş yayılması və yeni yaradıcılıq nəticələrinin meydana çıxmasına şərait yaradır. Onu da deyək ki, müəlliflik hüququ və əlaqəli hüquqlar müəllifləri və hüquq sahiblərini tanımaqla və ədalətli qonorar formasında stimullaşdırmaqla yaradıcılığın inkişafına zəruri şərait yaradır. Müəllif hüquqlarının təminatı xüsusi hüquq sistemi çərçivəsində tənzimlənir və hüquqların pozulması müəllif tərəfindən müəyyən addımların atılmasını tələb edir.
"Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də ölkədə müəllif hüquqlarının pozulması hallarının çox ciddi xarakter aldığını deyib: "Doğrudan da, bu problem mövcuddur və bu, jurnalistikanın inkişafına mane olan amildir. İlk növbədə plagiatla mübarizədə ictimai qınaq metodundan istifadəni aktivləşdirmək lazımdır. Bunun da müxtəlif formaları mövcuddur. Məsələn, hansısa jurnalist onun fikirlərindən, yazısından istinad etmədən, o yazını özününkiləşdirərək kiminsə istifadə etdiyini görəndə, bunu dərhal mətbuata açıq şəkildə bəyan etməklə, ən azından jurnalist ictimaiyyəti arasında plagiatlıqla məşğul olan həmin o digər jurnalisti ifşa edib, əslində onun yazısının oğurluq olduğu haqda bir rəy formalaşdıra bilər. Və yaxud da ola bilər ki, jurnalist təşkilatları mətbuat konfransları formasında ictimaiyyətə müraciət etməklə ictimai nəzarət mexanizmini hərəkətə gətirə bilərlər. Yəni plagiat halları ilə rastlaşanda, jurnalist təşkilatları ictimaiyyətə müraciət edə bilərlər ki, əgər ictimaiyyət nümayəndəsi hər hansı bir qəzetdə plagiat jurnalist yaradıcılığı ilə rastlaşarsa, bir oxucu, ictimaiyyət nümayəndəsi olaraq buna öz reaksiyasını versin. Yəni mediada müəllif hüquqlarının pozulması hallarına qarşı ictimai tənbeh mexanizmini yaratmaq və hərəkətə gətirmək mümkündür. Digər bir metod kimi bunun qanunvericilik mexanizmini də düşünmək olar. Fikrimcə, indiyə qədər bizim qanunvericilikdə plagiatlıqla bağlı məsuliyyət nəzərdə tutan bir maddə yoxdur. Məncə, bunu qanunvericiliyə ən azı inzibati və ya mülki məsuliyyət səviyyəsində ayrıca bir maddə kimi salmaq olar”.
"Azxəbər.com”un saytının həmtəsisçisi, gənc jurnalist Əfsələddin Ağalarov isə Azərbaycan mətbuatında müəllif hüquqları ilə bağlı məsələnin çox acınacaqlı səviyyədə olduğunu deyib: "Bu gün xəbər oğrularından daha çox, kibercinayətkarlıqla məşğul olan dəstələri faş etməkdə fayda var. Xəbər oğrularını ictimai qınaqla tərbiyələndirmək hardasa mümkündür, ancaq konkret cinayət tərkibli əməllər törədən şəxslərə isə bu vasitə ilə heç nəyi başa sala bilməzsiniz. Bu gün istənilən bir şəxs sayt yaradıb sizin saytınızın dizaynını sadəcə kiçik "copy-paste” bacarığı ilə götürüb özününküləşdirə bilər. Səhər gözünüzü açıb öz saytınızdan artıq iki ədəd olduğunu görə bilərsiniz. Oxucu da bunu bilmədiyi üçün tələyə düşür və həmin cinayətkarların informasiya zəhərində boğulur. Və yaxud da özünü təsdiqləmiş bir informasiya portalının adını oğurlamaq üçün onun əvvəlinə və ya sonuna bir hərf əlavə edirlər. Sonra başlayırlar bu adda insanları şantaj etməyə və reketçiliklə məşğul olmağa. Şəxsən biz bu halla dəfələrlə rastlaşmışıq. Məsələn, "azxeberlenti”, "azxeberinfo” və hetta "azxebernet” kimi adlarda domenlər alıb bizim adımızdan istifadə edən dələduzlar var. Təkcə bu bizə aid deyil, özünü təsdiqləmiş mətbuat orqanlarının adından da bu vasitələrlə istifadə edib həmin adın çətiri altında müxtəlif cinayət tərkibli əməllər törədilir. Bunun qarşısını sadəcə qanunları sərtləşdirərək almaq olar. Biz artıq bu cür halları görən kimi "Azxeber Media” olaraq məhkəməyə və hüquq-mühafizə orqanlarına müraciət edirik. Mübarizə üsulu yalnız qanuni səviyyədə olmalıdır. Amma təəssüflər olsun ki, bəzən etinadsız
yanaşmalara və cəza mexanizminin kifayət qədər təsirli olmaması belə adamların fəaliyyətinin güclənməsinə səbəb olur. Əgər bu ölkədə reketçiliyə qarşı kəsərli mübarizə aparmaq istəyiriksə, o zaman bu cür hallar birbaşa kibercinayətkarlıq hesab edilməli və hüquq-mühafizə orqanları tərəfindən operativ işlə bağlı konkret nəticə ortaya qoyulmalıdır”.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli isə plagiat məsələsinin jurnalistikanın çoxdankı problem olduğunu bildirib: "Amma razıyam ki, son illərdə müəllif hüquqlarının pozulması adi hala çevrilib. Bəlkə də, bir çoxları üçün kiminsə hazır yazısını götürmək adi bir şey sayılır. Halbuki jurnalistika etikası baxımından bu olduqca mənfi hal sayılır. Eyni zamanda qanunvericilik baxımından da plagiat yolverilməzdir”.
Media hüquqlarının pozulması hallarının artmasını yeni medianın inkişafı ilə əlaqələndirən ekspertin sözlərinə görə, bir sıra saytların başında duran adamların məqsədi jurnalistikanı inkişaf etdirmək deyil, onlar sadəcə mediadan istifadə edərək şəxsi maraqlarını güdürlər: "Həmin saytlara nəzər salsanız jurnalistikanın bütün prinsiplərinin pozulduğunun şahidi olarsınız. O cümlədən də müəllif hüquqları qorunmur. Amma təəssüflə qeyd etməliyəm ki, bəzən ciddi media qurumu kimi tanınan xəbər portallarında bilərəkdən, ya bilməyərəkdən istinadsız müəllif yazılarına rast gəlirik”.
"Azadinform” saytının baş redaktoru Niyaz Niftiyev isə "copy- past” jurnalistikasının bütün dövrlər üçün aktual problem olduğunu düşünür: "Mən 18 ildir mətbuatdayam və düz 18 ildir ki, mediada müəllif hüquqlarının qorunması mövzusunun müzakirə predmeti olduğunu görmüşəm. Amma bir şeyi qeyd edim ki, bu gün istinadsız yazı verən, müəllif hüquqlarını pozan internet resurslarının əksəriyyətinin ictimaiyyətə təsir imkanı yoxdur. Onlar daha çox oxunan və oxucu tələbatı olan saytlarda gedən xəbərləri "copy-past” etməklə özlərinin oxunaqlığını artırmağa çalışırlar. Elə bu günlərdə dünyasını dəyişən Rövşən Lənkəranskinin ölümü ilə bağlı biri-birini tamamlamayan nə qədər informasiyalar vardı. Onun ölümü ilə bağlı məlumatları əldə edən, xarici mətbuatdan tərcümələr edən saytlar qaldı bir kənarda, digər internet resursları həmin xəbərləri oxuculara özlərininki kimi təqdim etdilər. Bu isə birbaşa müəllif hüquqlarının pozulması hesab olunduğu üçün yolverilməz sayılır. Hansısa jurnalistin haqqına girmək, onun əməyini mənimsəmək olmaz. Müəllif Hüquqları haqqında müvafiq qanunların tələblərinə və media kodeksinin prinsiplərinə əməl etmək lazımdır”.
(davamı olacaq...)
Şəymən